İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Avropa xəttində “seysmik” QIRILMA – 2015-ci ildəki qərardan sonra...

971 01.05.2026 14:26 Gündəm A A

“Milli Məclisin bu gün qəbul etdiyi qərar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki prinsipial mövqeyini və milli maraqların müdafiəsi yolunda nümayiş etdirdiyi qətiyyətli iradəni bir daha təsdiqlədi”.

Kamran Bayramov : İqtisadi rayonların yeni bölgüsü Qarabağ bölgəsinin inkişafı üçün geniş imkanlar yaradacaq

Bu fikri Musavat.com-a Milli Məclisin üzvü Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, parlamentin xarici tərəfdaşları və beynəlxalq təşkilatlarla münasibətlərində hər zaman sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyəti rəhbər tutması, habelə parlament dəyərlərinə və ortaq maraqlara söykənən açıq, səmimi və konstruktiv dialoqu təşviq etməsi danılmaz bir faktdır:

“Lakin son dövrlər Avropa Parlamentinin bir sıra dairələri tərəfindən sərgilənən qərəzli yanaşma və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri bu sağlam dialoq mühitini ciddi şəkildə zədələyib. Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlərdə əlaqələrin dayandırılması, Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi ilə münasibətlərin dondurulması barədə qərarı, məhz bu ədalətsiz münasibətə verilən ən sərt və adekvat cavabdır. Bu addım Azərbaycanın beynəlxalq müstəvidə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqliyini və suverenliyinə olan hər hansı hörmətsizliyə dözüm nümayiş etdirməyəcəyini göstərən siyasi bir manifest xarakteri daşıyır”.

Deputat, həmçinin, qeyd edib ki, Azərbaycanın xarici siyasət kursu hər zaman bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə söykənib:

“Milli Məclisin bu gün qəbul etdiyi tarixi qərar göstərir ki, rəsmi Bakı üçün milli ləyaqət və dövlət suverenliyi hər cür siyasi konyunkturadan uca dayanır. Təəssüflə qeyd olunmalıdır ki, illərdir konstruktiv dialoq üçün uzadılan əl Avropa Parlamenti tərəfindən hər zaman qərəz və destruktiv fəaliyyətlə qarşılanıb. Bu gün qəbul edilən sənəddə əksini tapan faktlar 30 illik işğala göstərilən laqeydlik, bir milyondan çox qaçqının hüquqlarının görməzdən gəlinməsi və dialoq platformalarının şantaj alətinə çevrilməsi-münasibətlərin niyə bu qırılma nöqtəsinə gəldiyini açıq izah edir”.

K.Bayramovun fikrincə, Bakının 2015-ci ildəki analoji qərardan sonra göstərdiyi xoşməramlı jestin və verilən şansların qarşı tərəf tərəfindən sui-istifadə edilməsi, artıq səbir kasasının daşdığını göstərir:

“Milli Məclis bu qərarı ilə təkcə Avropa Parlamentinə deyil, bütün beynəlxalq birliyə mesaj verir: Azərbaycan daxili işlərinə müdaxiləni və qərəzli qarayaxma kampaniyalarını cavabsız qoymayacaq”.

Deputat habelə diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaratsa da, görünən odur ki, bu tarixi ədalət bəzi dairələrin “yuxusunu” qaçırıb:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh strategiyası və tarixi Vaşinqton razılaşmaları regionda sabitliyin təminatçısı olduğu halda, Avropa Parlamentinin bu prosesə "qətnamə müharibəsi" ilə cavab verməsi qurumun əsl niyyətini ifşa edir. Hətta COP29 kimi qlobal platformaların belə anti-Azərbaycan kampaniyalarına alət edilməsi, Avropa Parlamentinin artıq demokratik dəyərlərin deyil, lobbi qruplarının və korrupsiya şəbəkələrinin əsirinə çevrildiyinin bariz nümunəsidir.

Azərbaycanofobiya və islamofobiya mərkəzinə çevrilən bu struktur, əslində, sülhə deyil, revanşizmə və yeni münaqişə ocaqlarına xidmət edir. Milli Məclisin bu gün verdiyi qərar, məhz bu çirkin oyunlara və regionun sülh gələcəyini təhdid edən destruktiv qüvvələrə qarşı ucaldılan "Azərbaycan Səddi"dir”-deyə K.Bayramov vurğulayıb”.

Deputata görə, illərdir davam edən ikili standartlara, "qətnamə şantajı"na və ermənipərəst lobbilərin sifarişi ilə idarə olunan qərəzli ritorikaya verilən bu cavab göstərir ki, artıq köhnə oyunlar bitib:

“Azərbaycan rəhbərliyinin müəyyən etdiyi yeni reallıqlar və sülh gündəmi diktə dilini rədd edir. Avropa Parlamenti özünü demokratik dəyərlər divarı kimi təqdim etsə də, Bakı bu divarın arxasındakı korrupsiya və islamofobiya mənzərəsini bütün dünyaya ifşa edib. Bu gün qəbul edilən qərar bir həqiqəti tam qətiləşdirir. Azərbaycanın yolu sülh və bərabərhüquqlu tərəfdaşlıq yoludur. Bu yolu şantajla kəsməyə çalışanlar isə özləri təcriddə qalmağa məhkumdurlar. Körpüləri Azərbaycan yandırmır. Azərbaycan sadəcə üzərindən qərəz və xəyanət daşınan çürük körpülərdən imtina edir”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR