İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Avropanın strateji dayağına çevrilib" - ekspert

567 17.02.2026 22:01 Siyasət A A

"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər göstərdi ki, Avropanın təhlükəsizlik və enerji gündəmində Azərbaycan artıq alternativ deyil, strateji dayağa çevrilib".

Bunu Musavat.com- a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlcuk Karakılıç deyib.

O deyib ki, Münxen platformasında verilən mesajlar açıq idi: dəyişən geosiyasi şəraitdə etibarlı tərəfdaşlıq qızıl dəyərindədir və Bakı bu etimadı əməli fəaliyyəti ilə qazanıb: “Avropa üçün enerji təhlükəsizliyi bu gün iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Cənub Qaz Dəhlizi vasitəsilə sabit və şaxələndirilmiş qaz tədarükü Azərbaycanın öhdəliklərinə sadiq dövlət olduğunu sübut edib. Enerji müqavilələri siyasi etimad sənədinə çevrilib. Almaniya və Mərkəzi Avropa ölkələri üçün Azərbaycanla əməkdaşlıq artıq taktiki seçim deyil, strateji zərurətdir. Bakı yalnız enerji ixrac etmir, o, sabitlik ixrac edir.

Lakin Azərbaycanın artan geosiyasi çəkisi yalnız enerji faktoru ilə məhdudlaşmır. Cənubi Qafqazda formalaşan yeni reallıqda Azərbaycan sülh təşəbbüskarı kimi çıxış edir. Ermənistanla sülh sazişinin imzalanması istiqamətində irəli sürülən təşəbbüslər bunun bariz nümunəsidir. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, sülh müqaviləsi beynəlxalq hüquq prinsiplərinə əsaslanmalı, qarşılıqlı ərazi bütövlüyünün tanınmasını və gələcəkdə hər hansı revizionist iddiaların hüquqi əsasının aradan qaldırılmasını ehtiva etməlidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların aradan qaldırılması tələbi də məhz uzunmüddətli və davamlı sülhün təmin olunmasına hesablanıb”.
Ekspertin sözlərinə görə, bu yanaşma strateji uzaqgörənliyin nəticəsidir: “Prezident İlham Əliyev sülh gündəliyini hüquqi və siyasi mexanizmlərlə formalaşdırır. Onun diplomatik xətti bir tərəfdən prinsipial mövqe nümayiş etdirir, digər tərəfdən isə regionda əməkdaşlıq perspektivlərini açıq saxlayır. Bu balans siyasi zəka və dövlətçilik təcrübəsinin göstəricisidir. Ermənistanla mümkün sülh sazişi yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yenidən qurulması deməkdir".

Səlçuk Karakılıç bildirib ki, Avropa üçün isə sabit Cənubi Qafqaz enerji marşrutlarının təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin davamlılığı və siyasi risklərin azalması anlamına gəlir: "Bu baxımdan Azərbaycan regionda sabitləşdirici güc kimi çıxış edir. Bakı münaqişə sonrası mərhələdə normallaşmaya üstünlük verir və bununla da regionu əməkdaşlıq məkanına çevirmək niyyətini ortaya qoyur.

Münhendə aparılan müzakirələr göstərdi ki, Avropa siyasi dairələri Azərbaycanın bu konstruktiv rolunu daha aydın şəkildə qiymətləndirməyə başlayıb. Alman mediasında və analitik mərkəzlərdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu ilə yanaşı, regionda sabitlik yaradan aktor kimi mövqeyi də vurğulanır. Bu, Avropanın Azərbaycana baxışında keyfiyyət dəyişməsinin göstəricisidir. Prezident İlham Əliyevin xarici siyasəti praqmatik realizm üzərində qurulub.

O, milli maraqları qətiyyətlə müdafiə etməklə yanaşı, dialoq platformalarını açıq saxlayır. Çoxvektorlu diplomatiya modeli sayəsində Azərbaycan həm Qərb, həm də digər qlobal güclərlə balanslı münasibətlər qurur. Münhen səfəri bir daha nümayiş etdirdi ki, Bakı beynəlxalq gündəmin passiv iştirakçısı deyil, təşəbbüs irəli sürən və gündəm formalaşdıran aktordur".

E.Məmmədəliyev,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR