İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu davranışı ilə regionda etibarlı tərəfdaş imicini daha da gücləndirmiş oldu – SƏFİRLİYİN BƏRPASINA REAKSİYA

1077 12.04.2026 18:14 Siyasət A A

Aprelin12-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi fəaliyyətini bərpa edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi açıqlamaya görə, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.

Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.

Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

Xatırladaq ki, Azərbaycan mart ayının əvvəllərində İrandakı səfirliyin fəaliyyətini dayandırmışdı. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun təxliyəsi barədə tapşırıqlar verildiyini açıqlamışdı.

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev Musavat.com-a açıqlamasında bildirib ki, 12 aprel 2026-cı ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin fəaliyyətini bərpa etməsi regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda mühüm diplomatik addım kimi qiymətləndirilməlidir:

Rizvan Nəbiyev: Azərbaycanın quru sərhədlərinin bağlı qalması dövlətin  strateji maraqlarını təmin etmək məqsədi daşıyır » Sizinxeber.az -  Azərbaycan Xəbərləri

“Bu qərar yalnız texniki və ya inzibati xarakter daşımır, xüsusi ilə Azərbaycanın xarici siyasət kursunun - xoş qonşuluq münasibətlərinə, dinc yanaşı yaşama prinsipinə verdiyi önəmin - praktik təzahürüdür. İlk mərhələdə səfirlik fəaliyyətinin məhdud heyətlə bərpası təhlükəsizlik risklərinin hələ tam aradan qalxmadığını göstərir. Bu yanaşma diplomatik praktikada tez-tez tətbiq olunan “mərhələli normallaşma” modelinə uyğundur və vəziyyətin sabitləşməsinə paralel olaraq institusional fəaliyyətin genişləndirilməsini nəzərdə tutur”.

R.Nağıyev qeyd edib ki, xüsusilə Yaxın Şərqdə son hərbi gərginliklər və əldə edilən iki həftəlik atəşkəs fonunda bu addım həm ehtiyatlı, həm də strateji baxımdan balanslıdır.

Deputat bu kontekstdə humanitar diplomatiya və etimadın bərpası ilə bağlı məqamları da vurğulayıb:

“Azərbaycanın İrana göstərdiyi humanitar yardım, xüsusilə hərbi gərginlik dövründə sərhədlərin təhlükəsiz saxlanılması və humanitar yanaşmanın qorunması, dövlətimizin humanitar diplomatiyasının mühüm elementləridir. Bu siyasət uzunmüddətli etimad mühitinin formalaşdırılmasında da əhəmiyyət kəsb edir. Azərbaycan bu davranışı ilə regionda etibarlı tərəfdaş imicini daha da gücləndirmiş oldu. Azərbaycan - İran münasibətlərinin sabit inkişafını coğrafi yaxınlıqla yanaşı iqtisadi, enerji və nəqliyyat sahələrində qarşılıqlı əməkdaşlıq da şərtləndirir. Xüsusilə Şimal - Cənub nəqliyyat dəhlizi, Araz dəhlizi kimi layihələr, iki ölkə arasında əməkdaşlığın vacibliyini və intensivliyini artırır. Bu baxımdan səfirliyimizin Tehran şəhərində fəaliyyətinin bərpası siyasi və iqtisadi əlaqələrin davamlılığı üçün vacib olmaqla yanaşı, strateji əhəmiyyətli qərardır”.

Milli Məclisin üzvü bildirib ki, Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında müntəzəm və substantiv dialoq münasibətlərin dayanıqlığını təmin edən əsas sütunlardan biridir:

“Liderlər səviyyəsində aparılan birbaşa kommunikasiya gərginliklərin operativ şəkildə idarə olunmasına və qarşılıqlı anlaşmanın qorunmasına imkan yaradır. Bu dialoq formatı sınaqdan çıxmış bir formatdır”.

Deputat vurğulayıb ki, səfirliyimizin fəaliyyətinin bərpası həm də regional sabitlik kontekstində verilən mesajdır:

“Səfirliyin məhz atəşkəsdən qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın regionda sülh təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə aktiv rol oynamağa hazır olduğunu göstərir. Bu addım həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır: Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, bütövlükdə regionun sabitliyini prioritet hesab edir. Bütün bu faktorları nəzərə aldıqda, səfirliyimizin Tehran şəhərində fəaliyyətinin bərpası xoş qonşuluq, dost münasibətlər, humanitar diplomatiya, liderlərarası dialoq və qarşılıqlı etimadın sintezində formalaşan kompleks yanaşmanın nəticəsidir. Bu addım regionda davamlı sülhün təmin olunmasına töhfə verilməsinə xidmət edir”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR