İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nefti ilə bağlı sərsəm iddialara Bakıdan REAKSİYA

2226 22.12.2025 16:34 Gündəm A A

Xəbər verildiyi kimi, Nikol Paşinyan Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin blokdan çıxarılması ilə bağlı qərara görə Prezident İlham Əliyevə təşəkkür edib. O, bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasındakı çıxışı zamanı danışıb.

Nikol Paşinyan növbəti dəfə dövlətimizin başçısına minnətdarlığını bildirsə də, Ermənistandakı revanşistlər münasibətlərin qurulması istiqamətində atılan addımları sinirə bilməyərək sarsaq iddialar ortaya atırlar.

Ermənistanın enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan da sosial şəbəkədə bir sıra iddialarla çıxış edib. O yazıb ki, Azərbaycan guya üçüncü ölkədən idxal etdiyi benzini Ermənistana göndərib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Davtyan qeyd edib ki, 1300 ton Azərbaycan markalı Aİ-95 benzini (yüksək oktanlı yanacaq) daşıyan yük qatarı dekabrın 19-da Ermənistana gəlib.

Ekspertin iddiasına görə, Azərbaycanda 1976-cı ildən fəaliyyət göstərən neft emalı zavodu iki ildən bir təmirə dayandırılır. Bu, birincisi, Azərbaycanın özünün idxal olunan neft məhsullarından, xüsusən də yanacaqdan asılı olması, ikincisi, yüksək keyfiyyətli Aİ-95 markalı benzin istehsalını tam inkişaf etdirə bilməməsi deməkdir.

“Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına 2024-cü ilin ikinci yarısında başlanılıb. Onu daxili bazarda satmaq üçün hökumət idxal olunan benzinlə rəqabət qabiliyyətini təmin etmək üçün aşağı qiymət müəyyənləşdirib”, - Davtyan qeyd edib.

Erməni ekspert deyib ki, Azərbaycana Aİ-95-in 85-90%-i Rusiya, Rumıniya və BƏƏ-dən idxal olunur.

“Ona görə də Azərbaycanın üçüncü ölkədə istehsal olunan benzini Gürcüstan vasitəsilə Ermənistana daşıması ehtimalı yüksəkdir. Eyni şey Qara dəniz və ya Yuxarı Lars və Gürcüstan infrastrukturu vasitəsilə Ermənistana gətirilən benzinə də aiddir. Bunlar bir növ “iqtisadi əlaqələr”dir”, - Davtyan yazıb.

Xatırladılır ki, cümə günü Tavuşun (Tovuzqala) Ayrum stansiyasına ümumilikdə 1218 ton benzin daşıyan 22 vaqonlu qatar daxil olub. Beləliklə, on illərdən sonra Azərbaycan neft məhsulları Gürcüstandan Ermənistana tranzit olunub.

İqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra (8 avqust tarixli Vaşinqton razılaşmalarına istinad edilir – red.) ilk ticarət-iqtisadi saziş deyil, həm də bütövlükdə müstəqillik əldə etdikdən sonra iki dövlət arasında ilk belə sazişdir.

VUQAR BAYRAMOV.jpg (146 KB)

İqtisadçı alim, deputat Vüqar Bayramov Musavat.com-a açıqlamasında Azərbaycan və Ermənistan arasındakı ticarət əlaqələrinə revanşist baxışlarla bağlı açıqlama verib. Bildirib ki, Azərbaycanla Ermənistan arasında enerji əməkdaşlığının bərqərar olması Vaşinqtonda əldə edilən anlaşmadan sonra mümkün oldu:

“Burada sözsüz, dövlət və hökumət qurumlarının xüsusi payı və töhfəsi var. Amma eyni zamanda xüsusən nəzərə almaq lazımdır ki, digər tərəfdən də biz bütövlükdə şirkətlərin bu prosesə cəlb edilməsini müşahidə edirik. Şirkətlər Azərbaycan neftinin ixracında və Ermənistan üçün neft idxalında praktik olaraq aktiv şəkildə iştirak edirlər. Ona görə də xüsusən də kommunikasiyaların bərpa edilməsi və iqtisadi əlaqələrin bərpası baxımından vacibdir. Çünki strateji məhsullar sahəsində əməkdaşlıq digər məhsullar üzrə də əməkdaşlığın formalaşmasına gətirib çıxara bilər. Məqsəd də ondan ibarətdir ki, kommunikasiyaların yenidən açılması həm də iqtisadi və ticari əlaqələrin mərhələli şəkildə bərpasına səbəb ola bilsin”.

Vüqar Bayramov Azərbaycandan göndərilən neftlə bağlı səslənən iddiaları təəccüblü saymır:

“Sözsüz, biz bu əlaqələr bərpa edilincə, fərqli arqumentlər, xüsusən də Ermənistanın revanşist qanadının fərqli arqumentləri ilə rastlaşırıq. Qazaxıstan buğdası Azərbaycan ərazisi vasitəsilə Ermənistana aparılan zaman da fərqli yanaşmalar var idi. Hətta praktik olaraq cəmiyyətə Ermənistanın özü tərəfindən fərqli mesajlar verildiyinə görə Ermənistanın iqtisadiyyat naziri həmin buğadadan hazırlanan çörəyi birinci özünün yeyəcəyini bəyan etmişdi. Ona görə də proses davam etdikcə, kommunikasiyalar bərpa olunduqca, biz fərqli iddiaları və mesajları görəcəyik.

Amma əslində son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Azərbaycan regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Bu da təbii ki, nəticə etibarilə yalnız Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpası deyil, bütövlükdə Cənubi Qafqaz üçün inkişaf modelinin formalaşması anlamına gəlir”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR