Məlum olduğu kimi, dekabrın 19-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib.
Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.

İclas zamanı 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 8 avqustdan sonra qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.
Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində razılaşdırılmasının əhəmiyyəti vurğulanıb. Strateji İşçi Qrupunun növbəti iclasının tarixləri və gündəliyi barədə razılıq əldə edilib.
Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da güclənməsi müşahidə olunur.

Deputat hesab edir ki, ABŞ-də yeni administrasiyanın fəaliyyətə başlaması iki ölkə arasında münasibətlərə birbaşa təsir göstərir:
“ABŞ Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsində əsas vasitəçilərdən biridir. Bu baxımdan ölkələr arasında strateji əlaqə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq qısamüddətli deyil, adətən orta və uzunmüddətli dövrü əhatə edir. Hədəf də məhz uzunmüddətli dövrdə tərəfdaşlığa nail olmaqdır. İşçi Qrupun görüşündə də strateji məsələlər, xüsusilə iqtisadi sahədə daha geniş əməkdaşlıq qurulmasına imkan yaradılması müzakirə olunub. Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsində artım qeydə alınıb.
Azərbaycanlı investorların ABŞ iqtisadiyyatına sərmayəsi 2025-ci ildə iki dəfəyə yaxın artıb. Eyni zamanda idxal-ixrac əməliyyatlarında da artım müşahidə olunub. Bütün bunlar iki ölkə arasında münasibətlərin dərinləşməsindən xəbər verir, strateji tərəfdaşlığın, iqtisadi və ticari əlaqələrin genişləndiyini təsdiq edir. Növbəti dövrdə münasibətlərin daha da dərinləşməsini, strateji əməkdaşlığın daha da güclənməsini müşahidə edəcəyik”.
Nigar HƏSƏNLİ,
Musavat.com






