Azərbaycan və Ermənistan arasında yanacaq ticarəti barədə Ermənistanın Infoteka24 nəşri analitik yazı hazırlayıb.
Musavat.com xəbər verir ki, məqalədə qeyd olunur ki, Azərbaycan neft məhsullarının Ermənistana idxalı həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Analitiklərin fikrincə, bu addım müstəqillikdən sonra iki ölkə arasında ilk ciddi iqtisadi ticarət nümunələrindən biri kimi dəyərləndirilə bilər və formalaşan sülh mühitinin real nəticələr verdiyini göstərir.
Yazıda vurğulanır ki, iqtisadi əməkdaşlığın genişlənməsi perspektivdə regional sülhün möhkəmlənməsi üçün əlavə təminatlar yarada bilər. Eyni zamanda, bu proses Ermənistanın sosial-iqtisadi vəziyyətinə də müsbət təsir göstərə bilər. Belə ki, ölkə strateji əhəmiyyətli məhsulların idxalı üçün alternativ bazar əldə edir, bu isə digər bazarlardan asılılığın azalmasına və yanacağın daha rəqabətli, nisbətən ucuz qiymətlərlə gətirilməsinə imkan yaradır.
Analitik yazıda qeyd olunur ki, yanacağın Ermənistan bazarına daha aşağı tariflərlə daxil olması əhalinin birbaşa maraqlarına cavab verir. Bu, yanacaq qiymətlərinin aşağı düşməsinə, dolayısı ilə isə vətəndaşların xərclərinin azalmasına səbəb ola bilər.
Bundan əlavə, prosesin multiplikativ iqtisadi effekti də xüsusi qeyd edilir. Yükdaşımaların maya dəyərinin azalması, xidmət sektorunda xərclərin ixtisarı nəticə etibarilə müsbət sosial və iqtisadi nəticələrə yol aça bilər.
Beləliklə, Infoteka24-ün təhlilinə görə, Azərbaycan–Ermənistan arasında neft məhsulları ticarəti yalnız iqtisadi deyil, eyni zamanda siyasi sabitlik və regional əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyan proses kimi qiymətləndirilir.
Musavat.com






