İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı HİBRİD savaşda yeni dalğa – Kremlin TƏK təlaşı

893 24.02.2026 16:23 Siyasət A A

Azərbaycanın ABŞ ilə münasibətlərinin inkişafı, iki ölkə prezidentlərinin əlaqələri, həmçinin, vitse-prezident Ceyms De Vensin Bakı səfəri Rusiyanın Azərbaycana qarşı hibrid müharibəsində yeni kamniyaya təkan verib.

Məsələ ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığının inkişafı regionun geosiyasi mənzərəsini dəyişdirməkdədir:

“Rusiya bu dəyişikliyi qəbul edə bilmir. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Memorandum və 2026-cı ilin fevralında ABŞ-nin vitse-prezidenti Ceym De Vensin Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bu əlaqələri yeni səviyyəyə qaldırıb.

Bu sənəd iqtisadi, enerji, rəqəmsal inkişaf və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, Cənubi Qafqazda sülh və sabitliyi təşviq edir. Prezidentlər səviyyəsində sıx əlaqələri, o cümlədən Donald Trampın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi, Azərbaycanı Qərblə daha sıx inteqrasiyasını ehtiva edir. Vitse-prezident Vensin səfəri isə regionda ABŞ-nin təsirini gücləndirən tarixi hadisə oldu.

Bütün bunlar Moskvanın Azərbaycana qarşı hibrid müharibəsində yeni davranışlara səbəb olub. 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulması ilə başlayan gərginlik 2025-ci ildə kiber- hücumlar, dezinformasiya kampaniyaları, sabotajlar və sosial şəbəkələrdə şər kampaniyaları ilə davam edib. Moskva Azərbaycanın suverenliyinə qarşı hibrid müharibədən istifadə edir. O çalışır ki, ölkəmizin müstəqil siyasət aparmasını və Qərbə yaxınlaşmasını əngəlləsin”.

Partiya sədri hesab edir ki, bu siyasət Rusiyanın özünə ağır zərbə vurur:

“Belə ki, 2025-ci il boyu aparılan bu hibrid müharibə Rusiyanın regional hegemonluğunu zəiflədib. Moskva Azərbaycanın iqtisadi və hərbi müstəqilliyini nəzarət altına ala bilməyib, əksinə, öz təsirini getdikcə itirməkdədir. Azərbaycan cəmiyyətində Rusiyaya etimad sarsılıb. Rəsmi Moskvanın hücumlarına Bakı beynəlxalq hüquq çərçivəsində cavab verərək, Rusiya təsir agentlərini məhdudlaşdırıb və enerji marşrutlarını diversifikasiya edib”.

M.Rəhimlinin fikrincə, hibrid müharibə çərçivəsində Kreml yaxın gələcəkdə daha da aqressiv addımlar atacaq:

“Rusiya kibertəhlükəsizlik hücumlarını artıra, sərhəd insidentləri yarada və enerji tranzitini pozmağa çalışa bilər. Lakin Azərbaycanın buna boyun əyəcəyini düşünənlər yanılırlar. Bakı artıq müstəqil siyasətini gücləndirib. ABŞ və Türkiyə ilə tərəfdaşlıq, hərbi modernləşmə və iqtisadi diversifikasiya Rusiyanın təzyiqlərinə qarşı dayanıqlılıq yaradır. Bu prosesdə Rusiya özünü təcrid edir, çünki hibrid müharibə regionda sülhə mane olur.

Moskvanın Azərbaycana münasibətdə istifadə etdiyi hibrid alətlər, informasiya təzyiqi, iqtisadi siqnallar, diplomatik şərtləndirmə kimi addımlar Bakının suveren kursunu dəyişməkdən çox, cəmiyyətdə Rusiyaya inamın azalmasına səbəb olub. Güc nümayişi etimad yaratmır. Bunu Rusiya gec-tez anlamalıdır. Ən effektiv yol təzyiq deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıqdır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR