Məlum olduğu kimi Azərbaycanda 21 peşə məktəbi tikiləcək. Belə ki, Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilsin.
Məlumdur ki, Azərbaycanda gənclər arasında peşə təhsilinə maraq azdır. Bəs bu layihə mövcud tendensiyanı dəyişdirə, “yalnız ali təhsil dəyərlidir” stereotipini sındıra biləcəkmi?
Məsələ ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb.
Mütəxəssis qeyd edib ki, Sərəncam Azərbaycanda təhsil-əmək bazarı münasibətlərində illərdir mövcud olan struktur disbalansın aradan qaldırılmasına yönəlmiş ən konkret və nəticəyönümlü qərarlardan biridir və peşə təhsilinin ölkənin sosial siyasətindən iqtisadi inkişaf strategiyasına keçidinin rəsmi təsdiqidir:
"Burada əsas dəyişiklik ondan ibarətdir ki, dövlət ilk dəfə olaraq məşğulluğu ali təhsilin kütləviləşməsi ilə deyil, praktik səriştələrin genişlənməsi ilə artırmağı hədəfləyir.
Statistika bu yanaşmanın nə qədər əsaslı olduğunu açıq göstərir. Azərbaycanda son 15 ildə ali təhsil alanların sayı xeyli artsa da, əmək bazarında uyğunluq problemi davam edib. Rəsmi məlumatlara görə, ali təhsilli işsizlərin payı bəzi illərdə 12-14 faizə çatıb. Eyni zamanda, sənaye, tikinti, aqrar sektor, logistika və xidmət sahələrində ixtisaslı texniki kadr çatışmazlığı davamlı olaraq qeyd olunur. Müqayisə üçün, Avropa İttifaqı ölkələrində orta ixtisas və peşə təhsilli şəxslərin məşğulluq səviyyəsi orta hesabla 78-82 faiz təşkil etdiyi halda, ali təhsillilərdə bu göstərici təxminən 74-76 faiz civarındadır. Bu faktın özü göstərir ki, müasir iqtisadiyyatda məşğulluğun əsas dayağı məhz peşə və texniki bacarıqlardır.
Daha aydın müqayisə üçün Almaniya nümunəsinə baxmaq kifayətdir. Almaniyada gənclərin təxminən 52-55 faizi orta təhsildən sonra dual peşə təhsilinə yönəlir. Nəticədə 25 yaşa qədər gənclər arasında işsizlik 6–7 faiz səviyyəsində saxlanılır. İsveçrədə bu göstərici daha da diqqətçəkəndir: peşə təhsilini bitirənlərin 90 faizdən çoxu ilk il ərzində əmək bazarına daxil olur. Avstriyada isə sənaye sektorunda çalışan işçilərin təxminən 60 faizi məhz peşə təhsili məzunudur. Azərbaycanda bu nisbət hələ ki xeyli aşağıdır və Prezidentin Sərəncamı məhz bu fərqi azaltmağa yönəlib".
Kamran Əsədovun fikrincə, bu qərar ali təhsilə yönəlmiş süni sosial təzyiqi azaldacaq:
"Gənclər daha erkən əmək bazarına daxil olacaq, ailələrin təhsil xərcləri azalacaq, dövlət isə işsizliyin sosial yükündən qismən azad olacaq. Eyni zamanda, texniki peşələrin nüfuzu artacaq ki, bu da cəmiyyət üçün ciddi dəyər dəyişikliyidir.
Əlbəttə, icra mərhələsində keyfiyyət məsələləri ön planda saxlanmalıdır. Müəllim hazırlığı, real avadanlıq, sertifikatların tanınması və işəgötürənlərlə canlı əlaqə təmin olunarsa, risklər minimuma enəcək. Müsbət tərəf odur ki, mövcud siyasət bu risklərin fərqində olduğunu və onların qarşısını almağa yönəldiyini göstərir.
Hesab edirəm ki, bu Sərəncam sübut edir ki, Azərbaycan təhsil siyasətində “hamı ali təhsil almalıdır” mərhələsini geridə qoyur və “hamı bacarığına uyğun keyfiyyətli təhsil almalıdır” mərhələsinə keçir".
Xalidə Gəray
Musavat.com






