Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Quliyevanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, təqsirləndirilən şəxs vahid niyyətlə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.
Belə ki, Tahirə Quliyeva Tovuz rayon sakini olan zərərçəkmiş T.T.-nin oğluna II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyini vəd edib. Bununla bağlı hər hansı səlahiyyəti olmadığı halda, zərərçəkmiş şəxsi aldadaraq 2022-ci il fevralın 28-də Tovuz şəhərində avtovağzalın qarşısında 200 manat, 2022-ci il martın 1-də isə Ağstafa şəhərində avtovağzalın qarşısında 3 800 manat olmaqla ümumilikdə 4 000 manat pul vəsaitini ələ keçirib və həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.
Bundan başqa, təqsirləndirilən şəxs analoji üsulla Qazax rayon sakini olan zərərçəkmiş R.R.-i də aldadıb. Belə ki, onun II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa ediləcəyini vəd edərək 2022-ci il avqustun 26-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin inzibati binasının qarşısında 4 000 manat, 2023-cü ilin fevral ayında isə tanışı vasitəsilə əlavə 500 manat olmaqla, ümumilikdə 4 500 manat pul vəsaitini ələ keçirib.






