İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ

2254 07.01.2026 14:50 Sosial A A

Ölkəmizdə kifayət qədər ağac emalı müəssisələri və sexləri olduğu halda Çindən Azərbaycana səkkiz min taxta tabut gətirilib. Bu məsələ son günlər ictimaiyyətdə geniş müzakirə olunur və müəyyən suallar doğurur.

Maraqlıdır ki, səkkiz min ədəd taxta tabut 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gətirilib. Ondan əvvəlki dövrlərdə tabut idxalı olmayıb. Daha dəqiq ifadə etsək, 2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur.

Azərbaycan özü adi taxta tabut da düzəldə bilmirmi? Başqa yandan, nəzərə alsaq ki, müsəlman qaydalarına gərə, cənazə qəbrə xristianlardan fərqli olaraq tabutda deyil, kəfəndə qoyulur, o zaman Çindən səkkiz min taxta tabut alınması hansı zərurətdən doğub?

Araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli Musavat.com-a açıqlamasında bildirdi ki, Çindən Azərbaycana taxta tabutların gətirilməsi cəmiyyətdə haqlı narahatlıq və suallar yaradıb:

“İnsanlar təbii olaraq bu sualın cavabını düşünürlər, axı tabut istehsalı yüksək texnologiya və ya mürəkkəb bilik tələb edən sahə sayılmır, o zaman niyə ən sadə konstruksiya belə niyə bu ölkəyə xaricdən gətirilməlidir? Bu məhsulun yerli istehsalı həm iqtisadi, həm də sosial baxımdan daha məqsədəuyğun olardı.

Məsələnin digər tərəfi bu idxalın ictimaiyyətə nümayiş etdirilməsidir. Tabut kimi ölüm simvolu olan bir əşyanın kütləvi şəkildə təqdim edilməsi insanların psixoloji durumuna mənfi təsir göstərə bilər. Xüsusilə həssas dövrlərdə bu cür görüntülər qorxu və təşviş hissini artırır. Düzdür, dinimiz hər bir canlının ölümü dadacağını bildirir. Lakin ölümə aid atributların açıq və kütləvi formada gündəmə gətirilməsi hər kəs üçün eyni dərəcədə qəbul edilən deyil. Bundan əlavə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda dəfn ənənələri tabutdan istifadəni zəruri etmir. Bu baxımdan tabut idxalının həcmi və məqsədi sual doğurur.

Problemin kökündə ümumilikdə idxaldan həddindən artıq asılılıq dayanır. Bu gün ölkəyə ərzaq məhsullarından tutmuş ən xırda məişət əşyalarına qədər hər şeyin xaricdən gətirildiyini görürük. Halbuki, bu məhsulların bir çoxunu ölkə daxilində istehsal etmək mümkündür. Uzunmüddətli perspektivdə bu, iqtisadi təhlükəsizlik üçün risk yaradır. Yerli istehsalın stimullaşdırılması və daxili resurslardan səmərəli istifadə əsas prioritet olmalıdır. Tabut məsələsi isə daha geniş iqtisadi və sosial problemlərin kiçik, amma düşündürücü bir nümunəsidir”.

Sosial-iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli isə baki-xeber.com-a şərhində bildirib ki, islam qaydalarına görə, heç bir müsəlman tabutda dəfn olunmur, tabutda yalnız cənazə daşınır: “Azərbaycanda tabutdan yalnız bir dəfə istifadə olunur və bu tabutlar da xüsusi ağac məmulatlarından düzəldilmiş bərbəzəkli tabutlar deyil. Hər bir məscidin dəfn mərasimi üçün xüsusi hazırladığı tabutlar var və ölü dəfn olunandan sonra onlar da məscidlərə geri qaytarılır.

Ölkəmizə Çindən səkkiz min tabutun idxal edilməsi məqsədi aydın deyil. Qənaətimə görə, ola bilsin ki, bu tabutlar qeyri-müsəlman icmaların sifarişi ilə gətirilib. Çünki xristianlar və digər tabutla ölüsünü dəfn edən icmalar var. Ola bilər, bu icmalar dövlətin əlaqədar qurumlarına müraciət ediblər ki, bizim tabuta ehtiyacımız var. Yəni bu tabutlar xristianların dəfni üçün nəzərdə tutula bilər. Ya da tabutlar iş adamı tərəfindən Çindən alınıb Azərbaycana idxal edilib, buradan da başqa bir ölkəyə ixrac ediləcək. Bu ehtimal da ola bilər. Çünki indiyə qədər Azərbaycanda tabut alqı-satqısı, idxalı-ixracı ilə bağlı statistika olmayıb. Çindən ölkəmizə səkkiz min tabut gətirilməsi ictimaiyyət üçün tamamilə yeni məlumatdır. Xaricdən Azərbaycana tabut idxalının ictimaiyyət üçün anlaşılmaz olması təbiidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR