İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: 2013 və Ramiz Mehdiyev işində hansı rolu var – ARAŞDIRMA

2320 16.12.2025 12:45 Siyasət A A

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən sabiq baş nazirin birinci müavini Abbas Abbasovun adı illər sonra yenidən ölkənin siyasi gündəminin mərkəzinə düşüb. Bu, sıradan bir cinayət dosyesi deyil. Abbas Abbasov 2013-cü ildə yaradılan “Milyarderlər İttifaqı” ssenarisinin əsas ismi idi. O zaman Abbas Abbasov siyasi səhnədə görünməsə də, səhnə arxasında ən çox izi olan fiqurlardan biri kimi tanınırdı. Azərbaycan dövlətçiliyinə qarşı hazırlanmış, lakin fiaskoya uğramış böyük siyasi layihənin aparıcı fiquru kimi diqqət çəkirdi.

Bu gün “Ramiz Mehdiyev işi” ətrafında aparılan istintaq əslində həmin yarımçıq qalmış dosyenin davamıdır. Və bu dosyenin mərkəzində dayananlardan biri də məhz Abbas Abbasovdur.

Kimdir o?

Abbas Aydın oğlu Abbasov 4 avqust 1949-cu ildə Gəncə şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Həmin il Respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlayıb. 1972–1973-cü illərdə hərbi xidmətdə olub. 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın dövlət müşaviri vəzifələrində işləyib. 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Ailəlidir, 4 övladı var.

Hazırda “AST Şirkətlər Qrupu”nun vitse-prezidenti və Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990–1995-ci illərdə Azərbaycan Respublikasının xalq deputatı olub.

Аббас Аббасов: Я люблю Президента - Oxu.az

2006-cı ildə hakimiyyətdən uzaqlaşdırılanda onu nə istintaq, nə məhkəmə, nə də siyasi qınaq gözləyirdi. Əksinə, “İstiqlal” ordeni ilə təltif olundu və sakitcə Rusiyaya getdi. Uzun illər dövlətin ən həssas postlarında çalışmış bir şəxsin məhz Rusiyanı seçməsi də təsadüfi deyildi. Moskva siyasi dairələri ilə yaxınlığı barədə açıq və qapalı mənbələrdə saysız iddialar səslənən biri orada qısa müddətdə diaspor lideri, milyarderlərin ağsaqqalı, siyasi koordinasiya mərkəzi rolunda görünməyə başladı.

O günlərdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Abbas Abbasovu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini sistemli şəkildə dağıtmaqda ittiham edirdi. Deyirdi ki, Abbas Abbasov “AzerRos”da olduğu müddətdə təşkilata milli institut kimi yox, şəxsi siyasi layihə kimi yanaşıb. Özünü Rusiyadakı azərbaycanlıların “lideri” kimi təqdim edir, azərbaycanlı iş adamlarına qarşı süni problemlər yaradır, sonra isə həmin problemlərin “həlli”ni öz adamları vasitəsilə təqdim edərək onları asılı vəziyyətə salırdı. Abbas Abbasovun dünya erməni diasporunun nümayəndələri, eləcə də Avropada özlərini “müxalifət” adlandıran, amma əslində Azərbaycanın zəifləməsində maraqlı olan radikal qruplarla görüşdüyü də bildirilirdi. Azərbaycanlıları “bazarnik” adlandıran bu şəxs heç zaman milli maraqlardan çıxış etməyib, sırf şəxsi ambisiyalarını ön plana qoyub.

2012–2013-cü illərdə Rusiyada yaşayan azərbaycanlı oliqarxların “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında birləşdirilməsi təsadüfi deyildi. Bu qurum daha çox “Milyarderlər İttifaqı” kimi tanındı və qeyri-rəsmi lideri məhz Abbas Abbasov idi. Bu ittifaqın məqsədi mədəniyyət, diaspor, xeyriyyə deyildi. Məqsəd Azərbaycanın daxili siyasətinə birbaşa müdaxilə idi. Plan sadə, amma təhlükəli idi. Kremlin siyasi iradəsi ilə Rusiyadakı azərbaycanlı milyarderlərin maliyyəsi, Bakıda isə “müxalifət vitrini” ilə iş qurulmasının başında Abbas Abbasov dayanırdı. 2013-cü il prezident seçkiləri ərəfəsində Bakıda birdən-birə “Milli Şura” adlı qurumun peyda olması heç də spontan proses deyildi. Bu ideya Bakıdan yox, Moskvadan gəlmişdi. Razılaşdırılmış, bəyənilmiş və “yaşıl işıq” verilmişdi. Rüstəm İbrahimbəyova ictimai sima, Cəmil Həsənliyə ideoloji vitrin, Əli Kərimliyə yerli icraçı, Abbas Abbasova isə layihənin “boss”u rolu ayrılmışdı.

“Milli Şura” adı da təsadüfi seçilməmişdi. Sırf tarixi assosiasiya, psixoloji təsir, “keçid hökuməti” mesajı verilirdi. Kremlin klassik texnologiyası işə salınmışdı.

WhatsApp Image 2025-12-16 at 12.42.04.jpeg (39 KB)

Bu layihənin Azərbaycanda bu qədər rahat hərəkət etməsində Ramiz Mehdiyev faktoru da danılmazdır. Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Mehdiyevin bu proseslərə səssizliyi, Ziyalılar Forumuna şərait yaradılması, Milli Şuranın Bakının mərkəzində toplantılar keçirməsi suallar doğurmaya bilməzdi. Mətbuatda o günlərdə dəfələrlə yazılmışdı: Abbas Abbasov Moskvada maliyyə və koordinasiya mərkəzi idisə, Ramiz Mehdiyev Bakıda icra mexanizmi idi. Bu tandem sonradan “Dövlət Şurası” ideyasında da özünü göstərdi.

2013-cü ildə Kreml mənşəli çevriliş alınmadı. Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov namizəd ola bilmədi. Cəmil Həsənli vahid namizəd kimi ortaya çıxdı, amma ssenari iflasa uğradı. Lakin formalaşdırılmış Kreml mənşəli şəbəkə dağıdılmadı. Milli Şura formal olaraq “Qərbpərəst müxalifət” maskası taxdı, amma ritorika və real mövqelər dəyişmədi. Xüsusilə Vətən müharibəsi dövründə bu platformadan gələn mesajlar Rusiyanın və Ermənistanın informasiya xətti ilə üst-üstə düşdü.

CROSSMEDIA - Cəmil Həsənli DTX-də ifadəsi alındıqdan sonra buraxılıb

Bu gün Abbas Abbasovun axtarışa verilməsi onu göstərir ki, istintaq artıq icraçılardan memarlara doğru gedir. “Ramiz Mehdiyev işi” bir məmurun xəyanəti dosyesindən daha çox, illərlə qurulan paralel siyasi şəbəkənin ifşasıdır. Abbas Abbasovun mümkün ekstradisiyası 2013-cü ilin bütün mexanizmini açacaq.

Təsadüfi deyil ki, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov hələ 10 il əvvəl Abbas Abbasovu dövlətçiliyə qarşı fəaliyyət göstərən fiqur kimi təqdim etmişdi. Daha sonra Ramiz Mehdiyevlə bağlı ifşalar da bu zəncirin davamı idi. Bu gün həmin sözlər istintaq materialı kimi oxunur. Abbas Abbasov 2013-cü ildə Azərbaycanın siyasi taleyini Moskva kabinetlərində müzakirə edən layihənin əsas fiqurlarından biridir. Bu gün onun axtarışa verilməsi də zəruri addımdır. 2013-cü ilin yarımçıq qalmış dosyesi nəhayət bağlanmalıdır.

Musavat.com,
İnformasiya şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR