İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın sənaye zonaları: nəticələr hədəfə uyğundurmu?

590 25.02.2026 09:15 İqtisadiyyat A A

Ötən il ilk dəfə olaraq ölkəmizdə özəl sənaye məhəlləsi fəaliyyətə başlayıb

Dünyada iqtisadiyyatın sürətli inkişafına nail olmağın əsas yollarından biri müxtəlif prioritet istiqamətlər üzrə biznesə ciddi güzəşt və imtiyazların verilməsidir. Son 50 ilə yaxın bir dövrdə müxtəlif ölkələr fərqli istehsal sahələri üzrə vergi və rüsumlardan azad zonalar yaratmaqla ümumi iqtisadi dirçəlişə böyük təkan verməyə nail olublar. Uzağa getməyək, Türkiyədə 1990-cı illərdən azad sənaye zonaları yaradılmaqla, iqtisadiyyatın tekstil, tikinti materialları, kimya sənayesi və sair sahələrində kəskin təkamül əldə edilib.

Azərbaycan sənaye zonalarının yaradılmasına 2009-cu ildə - Sumqayıt Texnologiyalar Parkının yaradılması ilə başlanıb.  Hazırda ölkədə 8 sənaye parkı (Sumqayıt, Hacıqabul, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam, Araz Vadisi İqtisadi Zonası) və 5 sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad, Şərur və Ağdam) fəaliyyət göstərir. Naxçıvan və Qərb sənaye parklarının yaradılmasına başlanıb.

Ötən il ilk dəfə olaraq Azərbaycanda özəl sənaye məhəlləsi fəaliyyətə başlayıb - İqtisadiyyat Nazirliyi “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsini dövlət qeydiyyatına alıb. Burada rezidentlik şəhadətnaməsi əldə etməklə, İnvestisiya Təşviqi Sənədi üzrə mənfəət vergisinin 50 faizi həcmində güzəşt, həmçinin istehsal üçün gətiriləcək avadanlıqlara görə idxal gömrük rüsumu və ƏDV-dən 100 faiz azadolma təklif olunur.

Qanunvericiliyə əsasən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan sahibkarların və şirkətlərin buradakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə gəlir  və mənfəət vergisindən azaddır. Bu güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirə münasibətdə də tətbiq edilir.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun mətbuata verdiyi məlumata görə, indiyədək sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manat təşkil edib. Bunun 136 milyon manatı ötən ilin payına düşüb. İndiyədək sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident, təkcə ötən il isə 25 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə 7 milyard manat faktiki sərmayə yatırılıb.

Sədr bildirib ki, 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Təkcə ötən il isə satışın ümumi dəyəri 4 milyard manata yaxın, o cümlədən ixracın ümumi dəyəri isə 1,2 milyard manat təşkil edib. Sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ümumilikdə 547 milyon manat, təkcə ötən il isə 42 milyon manat vəsaitə qənaət ediblər.

Adıgözəlov onu da deyib ki, sənaye zonalarına xarici investisiya qoyuluşu getdikcə artmaqdadır: “Sənaye zonaları ilə bağlı rəqəmlər onların artıq formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyini göstərir. Əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, 2025-ci ildə bu rəqəm 87,9 milyon manata çatıb. Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir. Sənaye zonalarına Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Bolqarıstan, Rusiya, Pakistan kimi ölkələrdən olan sahibkarlar sərmayə qoyublar”.

2025-ci ildə sənaye zonalarında istehsal olunmuş ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib. Onun sözlərinə görə, bunun da 1,2 milyard manatı ixracın payına düşüb: “Ötən illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb. Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur. Bütün bunların nəticəsi olaraq, ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1 faiz, qeyri-neft ixracında isə 33,9 faiz təşkil edib. Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir”.

Agentlik rəhbəri bildirib ki, bu il Azərbaycandakı sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması, daha 2 müəssisənin təməlinin qoyulması planlaşdırılır.

Böyük güzəştlərə rəğmən sənaye parklarına gələn rezidentlərin sayı, qoyulan yatırımlar, istehsal və ixrac həcmləri qarşıya qoyulan məqsədlərə uyğun səviyyədə deyil. Azərbaycanda indiyədək sənaye zonalarından gözləntilər özünü doğrultmayıb: Sənaye zonalarının yaradılmasının əsas məqsədi kimi qeyri-neft sektorunun sürətli inkişafı, iqtisadiyyatın neft sektorundan asılılığının minimuma endirilməsi qeyd olunur. Lakin 17 ilə yaxın vaxt keçsə də, təəssüf ki, bu məqsədə nail olunduğunu söyləmək qeyri-mümkündür: ölkənin ixracının 90 faizdən çoxu neft-qazdan ibarətdir.

Qeyri-neft sənaye istehsalının həcmi o qədər aşağıdır ki, 2025-ci ildə neft-qaz sektorunda istehsalın 2 faiz azalması ölkə üzrə sənaye istehsalında 1 faizlik azalmaya gətirib çıxarıb.

Dünya bazarında neft-qaz qiymətlərinin düşməsi, Azərbaycanın neft hasilatının və ixracının azalması yenidən qeyri-neft sektorunun inkişafı məsələsini aktuallaşdırıb. Bu baxımdan, diqqətlərin təkrarən sənaye zonalarına yönəlməsi qeydə alınmaqdadır. Bu mərhələdə qarşıya qoyulan məqsədlərə nail olunub-olunmayacağı ciddi sual altındadır. Çünki ayrılıqda bir sənaye zonasına güzəştlər verilsə də, bütün ölkədə biznes mühiti əlverişli olmadıqda real nəticə əldə edilməsi mümkün deyil.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR