Bu strategiyanın əsas istiqamətlərindən biri xarici tərəfdaşlarla hərbi-sənaye əməkdaşlığının genişləndirilməsidir
Müasir dövrdə hərbi güc təkcə silahların sayı ilə deyil, onların harada və necə istehsal olunması ilə müəyyən edilir. Bu baxımdan Azərbaycan son illərdə müdafiə siyasətində mühüm dönüş edərək idxaldan asılı modeldən qismən istehsal və texnologiya əsaslı yanaşmaya keçid edir. Bu strategiyanın əsas istiqamətlərindən biri isə xarici tərəfdaşlarla hərbi-sənaye əməkdaşlığının genişləndirilməsidir. Azərbaycan Çexiyadan hərbi təyinatlı məhsulların böyük hissəsini satın alır və hazırda konkret layihələr üzrə, xüsusilə birgə istehsalla bağlı danışıqlar aparılır.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatında bildirib. Prezident əməkdaşlığın bu sahədə daha da genişlənəcəyinə əminliyini ifadə edərək qeyd edib ki, Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına gücləndirdiyi üçün Çexiya kimi bu sahədə böyük təcrübəyə malik ölkələrlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Ukrayna prezidentinin Qəbələyə səfərində də iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb və hər iki dövlət başçısı bu sahədə çox böyük perspektivlər olduğunu vurğulayıb. “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var”, - deyə Azərbaycan Prezidenti bildirib. Azərbaycan artıq uzun müddətdir ki, sadəcə silah alan ölkədən çıxıb, onları müəyyən dərəcədə istehsal edən və texnologiya transferinə çalışan dövlətə çevrilmək istəyir. Çexiya ilə əməkdaşlıq burada təsadüfi deyil: bu ölkə postsovet məkanına uyğun texnologiyalar, modernizasiya təcrübəsi və NATO standartlarına keçid sahəsində ciddi baza təklif edir.

Üzeyir Cəfərov
“Yeni Müsavat”a açqılama verən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov maraqlı məqamlara toxundu: “Son illər Azərbaycan müdafiə sənayesi sahəsində çox böyük uğurlara imza atıb. Hər il dünyanın ayrı-ayrı ölkələrində keçirilən hərbi-texniki sərgilərdə yaxından iştirak edirik. Həm orada təqdim olunan silah-sursat, müdafiə və təhlükəsizliklə bağlı avadanlıqlarla tanış olur, həm də özünün yerli istehsalı və yaxud da birgə istehsalı olan məhsullarını təqdim edir. Açığını deyim ki, qısa bir müddətdə Azərbaycan hərbi təyinatlı xeyli məhsullar istehsal edib və bu məhsullar həm öz mütəxəssislərimizin ərsəyə gətirdiyi zəhmət hesabına olur, həm də biz ayrı-ayrı ölkələrlə müdafiə təyinatlı, təhlükəsizlik sektoruna aid olan istehsal işlərini həyata keçiririk. Əlbəttə ki, ötən həftə Ukrayna prezidentinin Qəbələyə səfəri zamanı Azərbaycan-Ukrayna hərbi əməkdaşlığı, indi də Çexiya mütəxəssisləri ilə birgə hərbi sənaye kompleksimizin inkişafı məsələsi çox mühüm hadisədir. Yəni ola bilsin ki, kimsə buna elə-belə adi bir səfər və yaxud da ki, müzakirə kimi baxır. Amma mən elə hesab etmirəm. Çünki Ukrayna, ümumiyyətlə, həm də keçmiş SSRİ dönəmində həddindən artıq böyük potensiala malik olan bir mütəxəssislər respublikası idi, indi isə müstəqil ölkədir. Ukraynanın hərbi sənaye kompleksi ilə bizim hərbi sənaye kompleksimizin əməkdaşlığı əlavə imkanlar yaradır. Yeri gəlmişkən, həmin görüşdə bizim müdafiə sənayesi naziri, o cümlədən Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi də iştirak edirdi. Demək istəyirəm ki, Azərbaycan əlbəttə ki, öz daxili imkanları hesabına yeni texnologiyalar, yeni silah-sursat istehsal edir, həmin o silah-sursatı həm daxili tələbat üçün, o cümlədən də xaricə ixrac etmək üçün addımlar atır”.
Ü.Cəfərov əlavə etdi ki, indi NATO üzvü olan Çexiya ilə də əməkdaşlıq hər iki tərəfə böyük faydalar verəcək: “Mənə gəlir ki, ikitərəfli əməkdaşlıqlar özünü hər mənada doğruldacaq. Ona görə də şəxsən mən bu əməkdaşlığın perspektivini çox yaxşı görürəm. Çünki Çexiyanın istehsal etdiyi təyyarələr var. Biz Çexiyadan fərqli olaraq, təyyarə istehsal etməsək də, yeni texnologiyalar, rabitə, tibb sahəsində, hərbi təhsil sahəsində və digər sahələrdə müəyyən uğurlarımız var. Çexiya artıq 21-ci əsrdə daha çox tələb olunan məhsullara keçib və bu təmaslar da, imzalanan sənədlər də mənə gəlir ki, bu işi bir az daha sürətləndirəcək, hər iki tərəf bundan yalnız fayda götürə biləcək”.
Ayrı-ayrı ölkələrin Ermənistan üzərindən qurduqları planlar fonunda bu hərbi əməkdaşlıqların ölkəmizə hansı üstünlüklər vəd etməsinə gəldikdə, hərbi ekspert diqqəti Ermənistandakı proseslərə yönəltdi: “Ümid edirəm ki, iyunda Ermənistandakı seçkilərdə erməni xalqı doğru-düzgün qərar verəcək və o qərara əsasən də ermənilər revanşistlərə şans tanımayacaqlar ki, onlar yenidən erməni xalqını avantüraya və yaxud da müharibəyə sürükləsinlər. Bu, köçəryanlar, sərkisyanlar, karapetyanlar və digərləri hamısı avantüristlərdir və mən ümid edirəm ki, erməni cəmiyyəti onlara səs verməyəcək, Nikol Paşinyanla başladığımız işi sona çatdıracağıq. Gələn ay Ermənistanda bir hərbi parad olacaq. Düzdür, orada yeni texnika və texnologiyaların nümayişi həyata keçiriləcək. Bu da Paşinyanın daha çox seçkiyə hesablanmış addımıdır. Ona görə mən düşünürəm ki, Ermənistan artıq Azərbaycanla, Türkiyə ilə yaxınlaşmasının dadını hiss edir. Həm daxili bazarında yanacaq-sürtkü materialları, o cümlədən Ermənistan əhalisinin buğda ilə təminatı, iqtisadi problemlərinin həllinin nəticələrini görür. Ona görə də hesab edirəm ki, Qəbələdə son günlər baş vermiş tarixi hadisələr yaxın aylarda öz bəhrəsini verəcək. Mən varlığım qədər buna əminəm ki, bundan həm də Azərbaycanın nüfuzu artacaq. Onsuz da Azərbaycan qısa müddətdə postsovet məkanında hərbi sənayesini inkişaf etdirən nadir ölkələrdən biridir. Ona görə mən hesab edirəm ki, həm Ukrayna ilə, həm də Çexiya ilə imzalanmış sənədlər yeni, yəni 21-ci əsrin tələblərinə cavab verəcək yeni texnologiyaların və silah-sursatların ərsəyə gətirilməsinə səbəb olacaq”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”






