Keniyada üzə çıxarılan beynəlxalq orqan alveri qalmaqalı Azərbaycanın da adını gündəmə gətirib. Rəsmi araşdırma sənədləri və beynəlxalq media materialları göstərir ki, Eldoretdə fəaliyyət göstərən "Mediheal Hospital" xəstəxanasında onlarla Azərbaycan vətəndaşı donor kimi qeydiyyata alınıb.
Musavat.com xəbər verir ki, iddialara görə, kasıb azərbaycanlılara böyrəklərinə görə cəmi 7 min manat (təxminən 3 min funt sterlinq) ödənildiyi halda, həmin orqanlar xarici varlı xəstələrə 300-350 min manat (təxminən 150 min funt sterlinq və ya 200 min ABŞ dolları) məbləğinə başa gələn transplantasiya əməliyyatları çərçivəsində köçürülüb.
Bu faktlar Keniya hökumətinin xüsusi işçi qrupunun hesabatında, Almaniyanın "Deutsche Welle", "Der Spiegel", ZDF kimi nüfuzlu media qurumlarının araşdırmalarında, eləcə də "The Telegraph" və "The Kenya Times" qəzetlərinin dərc etdiyi materiallarda yer alıb.
Azərbaycanlı donorlar – israilli resipiyentlər
331 səhifəlik rəsmi araşdırma hesabatında göstərilir ki, 2018-ci ildən etibarən "Mediheal Hospital"da 50 Azərbaycan vətəndaşı donor kimi qeydiyyata alınıb. Yalnız 1 azərbaycanlı resipiyent olub. 62 İsrail vətəndaşına böyrək transplantasiya olunub.
İşçi qrupunun qənaətinə görə, bu statistika orqanların daha kasıb ölkələrdən daha varlı ölkələrə axdığı klassik istismar modelini xatırladır. Araşdırmada donor və alıcıların qohum olduqlarını təsdiqləyən sənədlərin etibarlılığı da ciddi şübhə altına alınır. Müstəntiqlər sənədlərdə saxtalaşdırma əlamətlərinin ola biləcəyini bildirirlər.
Alman mediasının araşdırmasına görə, xarici transplantasiya turistləri Keniyada böyrək köçürülməsi üçün 200 min dollara qədər vəsait ödəyiblər.
Eyni vaxtda donorların böyük hissəsinə cəmi 3 min funt sterlinq, yəni təxminən 7 min manat verildiyi iddia olunur. Bu isə o deməkdir ki, insan orqanı üzərindən əldə edilən gəlir dəfələrlə artıq olub. Ən böyük qazancı isə vasitəçilər və cinayətkar şəbəkənin əldə etdiyi ehtimal edilir.
Bu arada orqan mafiyasının qurbanı olmuş Keniya vətəndaşı Emmanuel Kipkosgei Keniya Milli Assambleyanın Səhiyyə Komitəsində ifadə verib. Bildirib ki, brokerlər onu Eldoretdə dəbdəbəli evə apararaq əməliyyata razı salıblar. Ona əvvəlcə 1,2 milyon Keniya şillinqi vəd edilsə də, əməliyyatdan sonra cəmi 400 min (3 min dollar) şillinq verilib.
Digər zərərçəkmiş Amon Kipruton isə bildirib ki, yoxsulluq onu bu qərarı verməyə məcbur edib. Onun sözlərinə görə, əməliyyatdan sonra artıq əvvəlki kimi işləyə bilmir:
"Bəzən yeriyərkən dayanıb dincəlməli oluram. Gücüm qayıdandan sonra yoluma davam edirəm".
Bir çox donorlar ömürlük sağlamlıq problemləri yaşadıqlarını bildiriblər. Araşdırmaya əsasən, vasitəçilər donorlarla resipiyentlərin qohum olduqlarını göstərən saxta sənədlər hazırlayıblar. Məhz bu üsulla qanunvericilikdəki qadağaların ətrafından keçildiyi ehtimal edilir. Müstəntiqlər donorlarla əlaqə yaratmağa çalışarkən bəzi resipiyentlərin telefonları söndürməsi və ya danışmaqdan imtina etməsi də hesabatda qeyd olunur.
Almaniyanın DW, ZDF və "Der Spiegel" nəşrlərinin birgə araşdırmasında xəstəxananın məlumat mənbələri bildiriblər ki, son illərdə donorlar əsasən Azərbaycandan, Qazaxıstandan, Pakistandan təyyarələrlə Keniyaya gətiriliblər. İddialara görə, onlardan alıcıları ilə qohum olduqlarını təsdiqləyən sənədləri imzalamaq tələb olunub.
Keniya Səhiyyə Nazirliyinin yaratdığı 18 nəfərlik xüsusi işçi qrupu "Mediheal Hospital"ın dörd yüksək vəzifəli hindistanlı həkimi barədə cinayət araşdırması başlanmasını tövsiyə edib.
Hesabatda orqan alveri, transplantasiya qanunlarının pozulması, etik normaların pozulması, sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi şübhələrin olduğu vurğulanır.
BMT və beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, dünyada həyata keçirilən hər 10 transplantasiyadan biri orqan alveri ilə əlaqəli ola bilər.
Son illərdə Əfqanıstanda, Myanmada, Hindistanda, Keniyada oxşar sxemlər üzə çıxarılıb. Bütün hallarda eyni model müşahidə olunur - yoxsul insanlar cüzi məbləğ qarşılığında orqanlarını satmağa məcbur edilir, varlı əcnəbilər isə həmin orqanların transplantasiyası üçün yüz minlərlə dollar ödəyirlər.
Azərbaycanlılar niyə hədəfə çevrilib?
Keniyada fəaliyyət göstərən istehlakçı təşkilatlarının və araşdırma qruplarının hesabatlarında diqqətçəkən bir fakt yer alıb. Həmin məlumatlara görə, xarici donorlar arasında Azərbaycan vətəndaşları xüsusi üstünlük təşkil edib.
Hesabatda 50 Azərbaycan vətəndaşının donor qismində iştirak etdiyi qeyd olunur. Hətta 25 israilli pasiyentə məhz azərbaycanlı donorların böyrəklərinin köçürüldüyü göstərilir.
Bu fakt Azərbaycan vətəndaşlarının beynəlxalq orqan alveri şəbəkələrinin hədəfinə çevrilməsi ehtimalını gündəmə gətirir.
Şəbəkənin arxasında kimlər dayanır?
Araşdırmalarda İsrail vətəndaşı Robert Şpolanskinin adı əsas fiqurlardan biri kimi hallanır. Təl-Əviv məhkəməsinin 2016-cı il ittiham aktında onun Şri-Lanka, Türkiyə, Filippin və Tailandda qanunsuz böyrək transplantasiyalarının təşkilində iştirak etdiyi qeyd olunub. Materiallarda həmçinin Boris Volfman adlı şəxsin beynəlxalq şəbəkənin rəhbərlərindən biri olduğu bildirilir. Şpolanski isə bu ittihamları rədd edir.
"MediHeal" qrupuna isə Hindistan əsilli keçmiş keniyalı deputat Svarup Mişra rəhbərlik edir. Onun fəaliyyəti ilə bağlı Keniyada həm ittihamlar, həm də əks arqumentlər səsləndirilib. Bir sıra araşdırma komissiyaları klinika rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tövsiyə etsə də, klinika bütün ittihamları rədd edir və qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirir.
Dünyada qanunsuz orqan alveri ilə bağlı aparılmış ən səs-küylü cinayət işlərində İsrail vətəndaşlarının adları məhkəmə materiallarında və istintaq sənədlərində yer alıb. ABŞ tarixində qanunsuz orqan alverinə görə ilk məhkum edilən şəxs İsrail vətəndaşı Levy Izhak Rosenbaum olub. O, 2011-ci ildə federal məhkəmədə böyrək transplantasiyalarının qanunsuz təşkilini etiraf edib. İstintaq materiallarına görə, Rosenbaum İsraildə donorlar taparaq onları ABŞ-da transplantasiya gözləyən xəstələrlə əlaqələndirib. Məhkəmə sənədlərində qeyd olunur ki, hər transplantasiya müqabilində 120 min dollardan artıq vəsait əldə olunurdu. O, sonradan 30 ay müddətinə azadlıqdan məhrum edilib. ABŞ Ədliyyə Nazirliyi bu işi ölkədə orqan alveri üzrə ilk məhkumluq kimi qiymətləndirib.
Beynəlxalq miqyasda ən məşhur orqan alveri cinayət işlərindən biri 2008-ci ildə Kosovoda fəaliyyət göstərən "Medicus" klinikası ilə bağlı olub.
Avropa İttifaqının hüquq missiyası (EULEX) tərəfindən aparılan istintaq zamanı İsrail vətəndaşı Moshe Harel təşkilatçılardan biri kimi ittiham olunub. İstintaqın versiyasına görə, o, kasıb ölkələrdən donorların cəlb edilməsini və varlı pasiyentlərlə əlaqələndirilməsini təşkil edib. Bu iş üzrə onun barəsində beynəlxalq axtarış elan olunmuşdu.
Həmin cinayət işində Türkiyə vətəndaşı cərrah Yusuf Sonmez də əsas fiqurlardan biri kimi göstərilib. İttihama görə, qanunsuz transplantasiya əməliyyatlarının bir hissəsini məhz o həyata keçirib.
Müxtəlif illərdə İsraildə beynəlxalq orqan alveri ilə bağlı istintaqlar aparılıb və bir neçə nəfərə ittiham irəli sürülüb. Lakin həmin işlərin hamısında bütün şübhəlilərin adları ictimaiyyətə açıqlanmayıb. Buna görə də açıq mənbələrdə yalnız Rosenbaum və Harel kimi əsas fiqurların adları geniş şəkildə təsdiqlənmiş vəziyyətdədir.
E.Məmmədəliyev,
Musavat.com






