Bu, yalnız Avropa İttifaqına aid olan məsələləri əhatə edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən həftəsonu Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Yunan (Cənubi) Kiprinin xarici işlər naziri Konstantinos Kombosla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, tərəflər Kiprin 2026-cı ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planları, eləcə də cari regional məsələləri müzakirə ediblər. Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Məlumdur ki, Azərbaycanın Yunan Kipri ilə diplomatik əlaqələri aşağı səviyyədədir. Bu, Azərbaycanın ilk növbədə qardaş Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərindən qaynaqlanır. Bəllidir ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatında yer alır. Hətta mümkündür ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra Şimali Kipri müstəqil dövlət kimi tanısın.
Maraqlıdır ki, Azərbaycanla həm siyasi, həm iqtisadi tərəfdaşlığı genişləndirən Mərkəzi Asiyanın türk respublikaları son aylar Yunan Kipri ilə diplomatik münasibətləri genişləndiriblər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kiprdə səfirlik açıb. Dünya siyasətində ölkələrin istər ikili, istərsə də təşkilatlar daxilində bir-biri ilə əməkdaşlıq etməsi başadüşüləndir. İqtisadi maraqlar bəzən rəqib ölkələri belə əməkdaşlığa sövq edir.

Hasan Oktay
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Kiprin, Türkiyə və Şimali Kiprlə problemlər yaşamasının digər türk dövlətlərinin Yunan Kipri ilə diplomatik əlaqə qurmasına maneə yaratmamalı olduğunu düşünür. Hətta bu dövlətlərin bölgədə mövcudluğunun Kipr üzərində təzyiq aləti ola biləcəyini, Şimal və Cənub arasındakı problemlərin həllinə kömək edə biləcəyini düşünür. “Şimali Kipr Türk Cümhuriyyətinin tanınması və hüquqi bazaya oturması üçün türk dövlətləri Cənubi Kiprlə daha yaxşı münasibətlər qurmalıdır. Bir qədər fərqli səslənsə də, uzunmüddətli dövrdə bu, daha strateji qərardır”, - deyə o bildirib.
1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və o zamandan bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayb. Təşkilat nümayəndələri Azərbaycanı Avropa İttifaqının etibarlı və strateji tərəfdaşı kimi qiymətləndirirlər. Hazırda Azərbaycan Aİ-yə üzv 8 dövlətin enerji təminatında mühüm paya malikdir. Azərbaycan qazının Avropaya nəqli isə Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci ilin sonunda həyata keçirilməyə başlayıb. 2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur, 2022-ci il sazişi isə 2027-ci ilə qədər həcmin ən azı 16 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur. Qeyd olunduğu kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan biri kimi çıxış edir və beynəlxalq siyasi proseslərin hazırkı dövründə bu, daha da güclənir. Kiprin Aİ sədrliyi bu baxımdan həm Azərbaycana, həm də adanın cənub hissəsi ilə münasibətlərə yeni impuls verə bilər.
Yunan Kipri ilə münasibətləri sırf bu iki amillə əlaqəndirmək daha düzgün olarmı? Bu əlaqələr Şimali Kipr Türk Cümhuriyyətinə qarşı deyil.

İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Avropa İttifaqının bir sıra mühüm layihələrində iştirak edir və etibarlı bir tərəfdaş kimi nüfuz qazanıb: “Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan önəmli aktordur və Azərbaycanın ixrac etdiyi karbohidrogen ehtiyatlarının əhəmiyyətli hissəsi Avropa coğrafiyasına nəql olunur. Eyni zamanda Avropa İttifaqına üzv olan dövlətlərin Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri var. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının həm də yeni sənədi üzərində iş gedir, hətta paraflanan sənəd də mövcuddur. Avopa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənir, tanınır. Bu da Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun növbəti ildən Avropa İttifaqına növbəti ildən sədrlik edəcək Kipr Respublikasının xarici işlər naziri ilə görüşdə Avropa İttifaqı-Azərbaycan münasibətlərinin müzakirə edilməsi tamamilə təbiidir və normaldır. Bu, yalnız Avropa İttifaqına aid olan məsələləri əhatə edir”.
Ekspertin sözlərinə görə, Azərbaycan məlumdur ki, çoxvektorlu, balanslaşdırılmış və milli maraqlara söykənən siyasət həyata keçirməkdədir: “Kiprin cənub hissəsinin baş diplomatı ilə keçirilmiş görüşün heç bir vəchlə Şimali Kipr Türk Cümhuriyyətinə qarşı olmadığı da gün kimi aydındır. Çünki Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin də milli mücadiləsinə dəstək verir və Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında, eləcə də Qəbələdə keçirilən görüşdə və digər bu kimi yüksək səviyyəli zirvə görüşlərində Cənubi Kipr Türk Cümhuriyyətinin lideri iştirak edirdi. Bu, bizim münasibətimizin göstəricisidir. Lakin geosiyasi reallıqlar və eyni zamanda enerji ehtiyatlarının nəqli, siyasi məsələlər, Ermənistanla hələ də imzalanmamış sülh müqaviləsi və digər bir sıra proseslər var ki, Azərbaycan müxtəlif manevrlər etməli, müxtəlif görüşlər keçirməli, təmasları həm də nizamlamalıdır. Diplomatiyanın ustalığı da məhz bu cür görüşlərlə özünü göstərməkdədir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






