İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və London müdafiə sahəsində bir cəbhədə

765 04.02.2026 14:29 Siyasət A A

Azərbaycanın müdafiə sənayesi naziri və müdafiə nazirinin müavini Vernon Koakerlə müzakirələrdə...  

Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Vernon Koaker Bakı ilə London arasında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə Azərbaycan nümayəndələri ilə bir sıra görüşlər keçirib. Koaker bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

O bildirib ki, dekabr ayında Azərbaycana səfərindən sonra müdafiə sənayesi naziri Vüqar Mustafayevi, müdafiə nazirinin müavini Aqil Qurbanovu və Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədovu Londonda salamlayıb. Tərəflər ikitərəfli müdafiə əməkdaşlığının daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Görüşlə bağlı şərh verən Böyük Britaniyanın Bakıdakı səfiri iki ölkənin  strateji tərəfdaşlıqlarını gücləndirmək üçün yeni addımlar atdığını qeyd edib. O, Azərbaycan nümayəndə heyətinin səfərinin son on ildə müdafiə sektorunda ən təmsilçi səfər olduğunu və Azərbaycanın müdafiə və təhlükəsizlik məsələlərində Böyük Britaniya üçün vacib tərəfdaş olaraq qaldığını bildirib. Son dövrlərdə Böyük Britaniya ilə Azərbaycan arasında müdafiə sahəsində təmasların intensivləşməsi diqqətçəkən geosiyasi tendensiyanın göstəricisidir. Böyük Britaniyanın müdafiə üzrə dövlət nazirinin  Azərbaycan nümayəndə heyəti ilə Londonda keçirdiyi görüşlər təkcə ikitərəfli əməkdaşlıq kontekstində deyil, həm də Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında dəyişən təhlükəsizlik arxitekturası fonunda qiymətləndirilməlidir.

Böyük Britaniya uzun illərdir Azərbaycanla əsasən enerji sahəsində strateji tərəfdaş kimi çıxış edir. Lakin qlobal təhlükəsizlik risklərinin artması, Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik və NATO daxilində yükün yenidən bölüşdürülməsi Londona öz müdafiə tərəfdaşlıqlarını genişləndirmək zərurəti yaradır. Bu kontekstdə Azərbaycan regionda sabitlik potensialı, hərbi təcrübəsi və geostrateji mövqeyi ilə Böyük Britaniya üçün etibarlı tərəfdaş kimi önə çıxır.

Eyni zamanda London Cənubi Qafqazda təsir imkanlarını artırmaqla həm Rusiyanın ənənəvi dominant mövqeyini balanslaşdırmağa, həm də regionun Avroatlantik təhlükəsizlik sistemləri ilə daha sıx əlaqələndirilməsinə töhfə verməyə çalışır.

Azərbaycan üçün Böyük Britaniya ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi bir neçə strateji məqsədə xidmət edir. İlk növbədə, Bakı hərbi tərəfdaşlıqlarını şaxələndirməyə çalışır. Bu, həm silah və texnologiya mənbələrinin çoxaldılması, həm də siyasi manevr imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

İkinci mühüm məqam müdafiə sənayesi sahəsində texnologiya və təcrübə mübadiləsidir. Böyük Britaniyanın qabaqcıl hərbi-texnoloji imkanları Azərbaycan üçün modernləşmə və peşəkar kadr hazırlığı baxımından maraqlıdır. Vernon Kukerin görüşlərdə məhz müdafiə sənayesi mövzusuna xüsusi diqqət yetirməsi bunu təsdiqləyir.

Azərbaycan nümayəndə heyətinin səfərinin Böyük Britaniya səfiri tərəfindən “son on ilin ən təmsilçi müdafiə səfəri” kimi xarakterizə edilməsi bu təmasların simvolik deyil, institusional xarakter daşıdığını göstərir. Bu, həm regional aktorlara, həm də Qərb paytaxtlarına açıq mesajdır: Bakı Qərb strukturları ilə təhlükəsizlik dialoqunu genişləndirmək niyyətindədir.

Digər tərəfdən, bu yaxınlaşma Ermənistan, İran və Rusiya tərəfindən də diqqətlə izlənilir. Xüsusilə Ermənistanın Qərblə təhlükəsizlik axtarışları fonunda Azərbaycanın Böyük Britaniya ilə müdafiə dialoqunu gücləndirməsi regional balansın dəyişməsində Bakının aktiv oyunçu olduğunu nümayiş etdirir.

Böyük Britaniya-Azərbaycan müdafiə əməkdaşlığının dərinləşdirilməsi tərəflərin qısamüddətli taktiki maraqlarından daha çox, uzunmüddətli strateji hesablamalara əsaslanır. Bu proses Bakı üçün təhlükəsizlik və texnoloji imkanların genişlənməsi, London üçün isə regionda etibarlı tərəfdaş və geosiyasi mövqelərin möhkəmləndirilməsi deməkdir. Görünən odur ki, bu xətt yaxın dövrdə daha konkret layihələr və institusional mexanizmlərlə davam etdiriləcək.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR