İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda böyrək almış orqantaciri - mafiya iş başında?

1097 26.12.2025 08:40 Gündəm A A

Adil Qeybulla: “Bu tip cinayətlərdə bəzən ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunsa da, şəbəkənin özü  fəaliyyətini tam dayandırmır, çünki...”

İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan, beynəlxalq “orqan mafiyası” şəbəkəsinin üzvü olduğu bildirilən ukraynalı qadının Polşadan Qazaxıstana ekstradisiyası bu qaranlıq biznesin miqyasını bir daha gündəmə gətirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qadın 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayına qədər müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan ərazisində qanunsuz şəkildə insan böyrəkləri alıb və “qara bazar”da yenidən satışa çıxarıb.

Məlumata görə, orqan alverçisi Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda fəaliyyət göstərib. Onun əsas hədəfi sosial cəhətdən həssas təbəqələr - maddi sıxıntı içində olan, tibbi savadlılığı zəif, çıxış yolu görməyən insanlar olub. Aldadılan şəxslərə müxtəlif vədlər verilib, onlara sağlamlıqlarına ciddi risk yaratmadan “asan pul” qazanacaqları təlqin edilib.

Ukrayna vətəndaşının 5 il beynəlxalq axtarışda olduğu, bu müddət ərzində müxtəlif ölkələrdə saxta sənədlərlə gizləndiyi bildirilir. Qadın bu yaxınlarda Polşada təsadüfən aşkar edilərək saxlanılıb. Qazaxıstan məhkəməsi onu qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edib. İndi isə istintaq bu cinayət şəbəkəsinin daha geniş əlaqələrini üzə çıxarmağa çalışır.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan da orqan alverinin həyata keçirildiyi ölkələr siyahısında yer alır. Bu fakt istər-istəməz suallar yaradır: Azərbaycanda orqan alveri hansı mexanizmlərlə baş verir? Bu işdə yerli vasitəçilər varmı? Tibbi müəssisələr və ya qeyri-rəsmi “klinika”lar bu şəbəkəyə cəlb olunubmu?

Qeyd edək ki, Azərbaycanda “orqan mafiyası” ilə bağlı zaman-zaman hüquq-mühafizə orqanları tərəfindən əməliyyatlar keçirilir, həbslər həyata keçirilir. Rəsmi qurumlar bildirirlər ki, bu sahə daim nəzarətdə saxlanılır. Lakin qlobal miqyasda bu biznesin dövriyyəsinin trilyonlarla dollarla ölçülməsi, qurbanlarının isə milyonlarla insan olması problemin yalnız hüquqi yox, eyni zamanda sosial və tibbi köklərinin də olduğunu göstərir.

Qeyd edək ki, son illərdə Azərbaycanda orqan transplantasiyası sahəsində mühüm hüquqi və institusional islahatlar aparılıb. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Qanun bu sahədə hüquqi bazanın formalaşmasında mühüm rol oynayıb. 2020-ci ildə isə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yeni qanun qəbul edilib.

Bu qanunlar orqan donorluğunun könüllü əsaslarla həyata keçirilməsini, canlı və meyit donorluğunun hüquqi çərçivəsini, qeyri-qanuni transplantasiyaya görə ciddi cəzaları nəzərdə tutur.

Bəs “qara bazar” niyə yaşayır?

Ekspertlərin qənaətinə görə, rəsmi sistemdə donor tapmaq aylarla, bəzən illərlə vaxt aparır. “Qara bazar” isə “tez həll”, “sürətli əməliyyat” və “zəmanətli nəticə” vədləri ilə çıxış edir. Məhz bu boşluqdan beynəlxalq orqan mafiyası istifadə edir.

Ukraynalı qadının işi bir daha sübut edir ki, bu şəbəkələr tək-tək şəxslərdən yox, müxtəlif ölkələrdə əlaqələri olan, sənəd saxtakarlığı, tibbi personal, vasitəçilər və maliyyə kanallarını əhatə edən transmilli cinayət qruplarından ibarətdir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, “orqan mafiyası” və ya “orqan qaçaqmalçılığı” təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın ciddi problemlərindən birinə çevrilib: “Bu cinayət növü qlobal xarakter daşıyır, sərhəd tanımır və beynəlxalq miqyasda fəaliyyət göstərən geniş şəbəkələr tərəfindən idarə olunur. Azərbaycan da bir dövr bu təhlükədən tam sığortalanmış deyildi və müəyyən mərhələdə bu cür halların ölkə ərazisində mövcud olduğu müşahidə olunurdu.

Məhz bu səbəbdən vaxtilə hüquq-mühafizə orqanları məsələni xüsusi nəzarətə götürərək orqan alveri ilə məşğul olan qrupların izinə düşdü və aparılan əməliyyat tədbirləri nəticəsində bu cinayət şəbəkəsinin əsas istiqamətləri müəyyənləşdirildi. Görülən tədbirlər nəticəsində problemin böyük hissəsinin qarşısı alındı və hazırda Azərbaycanda orqan qaçaqmalçılığı halları demək olar ki, minimuma endirilib. Lakin bu, təhlükənin tam aradan qalxdığı anlamına gəlmir. Çünki söhbət lokal yox, beynəlxalq cinayət şəbəkəsindən gedir və bu şəbəkənin müxtəlif ölkələrdə əlaqələri, maraqları və təsir dairələri mövcuddur. Təbii ki, bu sahə ilə məşğul olan şəxslər adi insanlar deyil. Onlar adətən kifayət qədər maddi imkanlara malik, müxtəlif dövlət strukturları və qeyri-dövlət qurumları ilə əlaqələri olan, müəyyən himayə və arxa-dayaqlara söykənən şəxslərdir. Məhz buna görə də bu tip cinayətlərdə bəzən ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunsa da, şəbəkənin özü tam şəkildə məhv edilə bilmir. Bu sistem narkotik qaçaqmalçılığı və silah alveri kimi klassik mafiya mexanizmi üzərində qurulub: bir həlqə qırılsa da, digər həlqələr fəaliyyətini davam etdirir. Bu baxımdan sözügedən hadisə də məhz belə tipli transmilli cinayət modelinə uyğun gəlir. Yəni konkret icraçılar ifşa olunur, lakin arxa planda dayanan əsas təşkilatçılar və maliyyə axınları çox vaxt toxunulmaz qalır".

Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi | Modern.az

Adil Qeybulla

Adil Qeybullanın fikrincə, orqan nəqli məsələsində əsas problem şəffaflığın və sistemliliyin tam şəkildə təmin olunmamasıdır: “Əslində bu sahədə istənilən sui-istifadənin qarşısını almaq üçün aydın, şəffaf və beynəlxalq standartlara uyğun sistem qurulmalıdır. Dünyanın heç bir inkişaf etmiş ölkəsində ata, ana, bacı, qardaş və ya üçüncü bir şəxsin istənilən adama öz orqanını verməsi praktikası nəzarətsiz şəkildə həyata keçirilmir. Üstəlik, nəzərə almaq lazımdır ki, ata-anaya, bacı-qardaşa belə hüquqi və mənəvi baxımdan "orqan vermək borcu" qoyula bilməz. Bu, yalnız ailədaxili mənəvi seçim ola bilər, məcburiyyət deyil.

Üçüncü şəxslərin, yəni qohumluq əlaqəsi olmayan insanların başqa birinə orqan bağışlaması isə ciddi suallar doğurur. Təbii olaraq ortaya sual çıxır: hansı əsasla bir insan tanımadığı başqa bir şəxsə orqan verir? Bu prosesin arxasında kriminal, maliyyə və ya korporativ maraqların dayanması ehtimalı hər zaman mövcuddur və məhz bu risklər orqan mafiyasının yaranmasına zəmin yaradır.

Doğrudur, dünyada könüllü orqan donorları da var və bu insanlar öz orqanlarını fərdi şəxslərə deyil, donor banklarına bağışlayırlar. Donor banklarında bu orqanlar xüsusi qaydada qeydiyyata alınır və tibbi baxımdan istifadəyə yararlı olduqları qısa zaman intervalı ərzində uyğun resipiyent tapılır. Orqan köçürülməsi öncədən müəyyən edilmiş növbə, tibbi göstəricilər və şəffaf siyahı əsasında həyata keçirilir. Bu mexanizm bu gün dünyanın bütün sivil ölkələrində tətbiq olunur və belə sistemlər qeyri-qanuni alverin qarşısını almağa imkan verir. Məhz buna görə də hesab edirəm ki, elə bir mexanizm və elə bir nəzarət sistemi yaradılmalıdır ki, orada orqan mafiyasına, kriminal maraqlara ən kiçik boşluq belə qalmasın".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR