İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “əlillik alveri” və şantaj işi

969 18.03.2026 21:10 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılan səs-küylü cinayət işi üzrə hökm elan olunub. İttihamlar həm dələduzluq, həm də hədə-qorxu ilə pul tələb etmə epizodlarını əhatə edir. İş materialları göstərir ki, təqsirləndirilən şəxslər “əlillik dərəcəsi düzəltmək” adı altında vətəndaşlardan külli miqdarda pul alıb, daha sonra isə saxta sənədlər üzərindən şantaj mexanizmi qurublar.

Təqsirləndirilən şəxslər – Həsən Məmmədov və Elçin Əliyev Məhəmməd Hüseynovu aldadaraq ona əlillik dərəcəsi düzəldəcəklərini vəd ediblər. Bu məqsədlə 2022-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaxınlığında ondan 6000 manat pul alıblar. Eyni sxem bir neçə ay sonra yenidən tətbiq olunub. Bu dəfə Gülnar Məmmədovanın oğluna əlillik təyin etdirəcəklərini deyərək yenə 6000 manat əldə ediblər. Hər iki halda verilən vədlər yerinə yetirilməyib, pullar isə geri qaytarılmayıb.

İşin ən qalmaqallı epizodu isə 2023-cü ilin sonlarında baş verib. Təqsirləndirilən şəxslər Suraxanı rayonundakı poliklinikada işləyən tibb işçisindən saxta epikriz sənədi alıblar. Sonradan həmin sənədi poliklinikanın rəhbərliyinə təqdim edərək qadını rüsvay edəcəkləri ilə hədələyib, ondan 16 min manat tələb ediblər. Zərərçəkmiş şəxsin ifadəsinə görə, ona ciddi psixoloji təzyiq göstərilib, hətta təqsirləndirilənlərdən biri özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək vəziyyəti daha da ağırlaşdırıb.

Hadisələrin kulminasiyası 2024-cü il fevralın 1-də baş verib. Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat keçirilib. Təqsirləndirilən şəxslər zərərçəkmişdən 3700 manat pul alarkən saxlanılıblar. Bu məbləğ tələb olunan 16 min manatın bir hissəsi olub.

Məhkəmədə təqsirləndirilən şəxs Həsən Məmmədov ittihamları qismən qəbul edib. O, zərərçəkmişlərdən pul almasını inkar etməyib, lakin bunun dələduzluq yox, “borc münasibəti” olduğunu iddia edib. Digər epizod üzrə isə özünü “vasitəçi” kimi təqdim edərək pulların başqa şəxslərə ötürüldüyünü bildirib. O, həmçinin qazi olduğunu, xüsusi təyinatlı qüvvələrdə xidmət etdiyini və müxtəlif mükafatlar aldığını deyib, şantajda iştirakını isə inkar etməyə çalışıb.

Məhkəmədə dindirilən zərərçəkmiş tibb işçisi bildirib ki, təqsirləndirilən şəxslər onu müxtəlif yollarla təhdid edib, işdən çıxarılacağı və cinayət məsuliyyətinə cəlb olunacağı ilə qorxudublar: “Məndən 16 min manat tələb edirdilər. Dedim ki, mən o pulu almamışam. Amma təzyiq o qədər güclü idi ki, məcbur qalıb pul tapmağa çalışdım...”

Onun sözlərinə görə, vəziyyət çıxılmaz həddə çatdığından DTX-yə müraciət edib.

Məhkəmənin hökmünə əsasən, Həsən Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluq və hədə-qorxu ilə tələb etmə maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elçin Əliyev isə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

E.Məmmədəliyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR