Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir.
Musavat.com xəbər verir ki, forumun açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, mətbuat və kommunikasiya mütəxəssisləri, media qurumlarının rəhbərləri və başqaları iştirak ediblər.
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər çıxış ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib. Qeyd olunub ki, artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir:
“Müstəqillik tariximizin ən böyük qlobal tədbiri kimi ölkəmizin 2024-cü ildə uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-un keçirilməsi zamanı mediamız öz fəaliyyətində zəngin təcrübəyə imza atıb. Konfransın keçirildiyi iki həftə ərzində ölkəmizin informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etməklə yalnız yerli auditoriya üçün deyil, eyni zamanda qlobal miqyasda peşəkar media gündəmini formalaşdırmağa müyəssər olub.
COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir.
İnanırıq ki, WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov isə çıxışında bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib:
“Müasir çağırışlar yalnız texnoloji həllərlə məhdudlaşmır. Əməkdaşlıq və məsuliyyət əsas şərtlərdəndir. Media və dövlət qurumlarının qarşılıqlı əlaqəsi önəmidilidir. Süni intellektin inkişaf etdiyi dövrdə medianın məsuliyyəti daha da artır. Məqsədimiz həm də bu şəraitdə şəffaf və etibarlı mühitin qurulması, zərərli informasiyalara qarşı birgə əməkdaşlığın təşviqidir”, deyə qurum rəsmisi bildirib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Son 15 ildə dünya üzrə milyonlarla insan internetdən əsasən sosial platformalara çıxış üçün istifadə edir.
Son 5 ildə isə xəbərlərin 50 faizdən çoxu insanlar tərəfindən məhz bu platformalar vasitəsilə əldə olunur. İnkişaf etmiş ölkələrdə əhalinin 90 faizdən çoxu bu imkanlara malikdir. İnkişaf etməkdə olan ölkələrdə isə bu göstərici nisbətən aşağıdır", - deyə nazir müavini qeyd edib.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir. O vurğulayıb ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır.
Açılış mərasimində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, Forum öz işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və“Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirəcək.
Nigar Həsənli
Musavat.com






