İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya gecə zəngi - Zelenski Cənubi Qafqazda nə axtarır?

2045 07.05.2026 11:25 Siyasət A A

Ukrayna liderinin “təhlükəli diplomatiyası”  Paşinyanın babasını faşist çıxardı...

Ukrayna prezidenti Zelenskinin Rusiyanın hələ də gözünü çəkmədiyi Cənubi Qafqaz ölkələrinə yaranmış qəfil marağı haqda “Yeni Müsavat’ın ötən saylarının birində bir az da abartılı (“Zelenski Cənubi Qafqazı niyə qana bulamaq istəyir?”) başlıqla rəy yazısı dərc etmişdik. Yazıda söhbət ondan gedirdi ki, Ukrayna qanın yenicə quruduğu regiona müxtəlif təyinatlı silah satışı təklifi edir ki, bu da indilikdə yumşaq desək, əcaib görünür.

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub

Ukraynanın müdafiə sənayesi sovet dövründən inkişaf edib, Rusiya ilə 5-ci ilə keçən müharibə səbəbindən də bəzi müəssisələrini xüsusilə Almaniyanın dəstəyi ilə yeniləyib, daha çox PUA-lar istehsal edir. Müharibə edən ölkənin indi dron satmağın peşinə düşməsi razılaşaq ki, bir az qəribə görünür. Ukraynaya pul vacibdir, amma Qərbin para kisəsindən, kreditlərindən asılı olan Kiyev necə deyərlər, satmaq istədiyi dronlarla ancaq qəpik-quruşa ümid edə bilər. Məncə, məsələn, Azərbaycanın indilikdə Ukraynanın 1 min kilometr uçan dronlarına belə ehtiyacı yoxdur, rəsmi Bakının birgə müəssisə və s. təkliflərə açıq olmasına isə çətin vəziyyətdə olan ölkəyə bəlkə də humanitar jest kimi qəbul etmək lazımdır...Bəzi rusiyalı ekspertlər isə iddia edir ki, Zelenskinin Cənubi Qafqazdakı aktivliyinin artması region liderlərini Rusiya ilə qarşıdurmada Kiyevin “uğur qazandığına inandırmaq cəhdidir”.

İş elə gətirdi ki, Qəbələdəki görüşdən sonra Zelenski bu dəfə İrəvana getdi, orda Rusiya əleyhinə sərt bəyanatlar verdi. O, hələ də Avropa İttifaqı ilə Rusiya arasında “haça-paça” vəziyyətində olan Ermənistanda Moskvanı açıq şəkildə 9 May paradını “vurmaqla” təhdid etdi. Ən maraqlısı isə Zelenskinin bu sammit çərçivəsində sürpriz şəkildə Gürcüstanın baş naziri İrakli Kobixadze ilə görüşü oldu.

Niyə “sürpriz görüş” deyirik, prosesi izləyənlərə bəllidir. Çünki 2022-ci ilin fevralından (savaş başlayandan) Kiyevlə Tiflis də diplomatik müharibə həddindədir. Kiyev hesab edirdi ki, Gürcüstan hökuməti nəinki anti-Rusiya sanksiyalarına qoşulmalı, üstəlik Cənubi Qafqazda Moskvaya qarşı “ikinci cəbhə” açmalıdır. Tiflisin Rusiyaya qarşı sanksiya tətbiqindən və “ikinci cəbhə” açmaqdan imtina etməsi səbəbindən Ukrayna Gürcüstandakı səfirini geri çağırdı. Zelenski İrəvanda görüşdüyü gürcü baş nazirə və eləcə “Gürcü Arzusu”nun digər funksionerlərinə hələ iki il əvvəl sanksiyalar tətbiq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski, Ermənistan Baş naziri Nikol Paşinyan

Görüşdə nələr danışılıb, bunun təfərrüatı bilinmir. Zatən, diplomatik münasibətləri ən minimum həddə olan iki ölkə rəhbəri xüsusi nə razılaşa bilərdi ki? Amma razılaşaq ki, Zelenskinin qısa müddətdə Cənubi Qafqazın üç lideri ilə görüş Moskvanın diqqətini çəkməyə bilməzdi.

Yeri gəlmişkən, Ukrayna prezidenti bu yaxınlarda Türkiyə səfəri qayıdışı gözlənilmədən Suriyaya maraq göstərmiş, ora getmiş və yeni rəhbəri ilə görüşmüşdü. Bəşər Əsədin qaçmasından sonra da Rusiya ilə hərbi və siyasi iş birliyini pozmayan Suriyaya səfər də daha çox Moskvanı qıcıqlandırmaq niyyəti kimi izah edilirdi. Zelenskinin müstəqil dövlətin rəhbəri kimi istədiyi yerə getmək azadlığı var, amma gərək bu səfərlərdə də bir fayda olsun. Yəni Ukraynanın Suriyada ən azı indiki şərtlərlə nə marağı ola bilər axı? O halda, Rusiyanın bu səfərlərlə bağlı qaldırdığı hay-küy, ən müxtəlif iddialar gündəmə gəlir.

Rusiya mediası onun Qəbələ səfərinə xüsusi qara rəng vermədi, görünür, bunun səbəbləri sırasında Azərbaycan lideri İlham Əliyevin bu kimi həssas mövzularda siyasi bacarığına güvənmək də var. Üstəlik, bu nəşrlər xüsusi olaraq onu da qeyd edir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiyanın qanuni olaraq iqtisadi(Avrasiya İqtisadi Birliyi) və hərbi (KTMT) müttəfiqidir. O yazılardan bir sitat beynimdə “ilişib qalıb”: “KTMT üzvlüyünün dondurulmasına baxmayaraq, İrəvan müttəfiqlik statusunda qalır, amma gözümüzün qabağında potensial düşmənlərlə flört edir...”. Maraqlı bənzətmədir...

Bunun ardınca isə Rusiya nəşrlərindən biri Paşinyanın babasının faşistlər tərəfindən döyüşdüyü haqda iddia ortaya qoyub. İddia olunur ki, Paşinyanın babası Nikolay İkinci Dünya müharibəsi dövründə Vermaxtın “Erməni legionu”nun tərkibində döyüşüb və 1943-cü ilin sentyabrında Ukraynanın Jitomir vilayətində sovet ordusu tərəfindən məhv edilib...


Nəhayət, Zelenskinin Bakıya dünən axşamkı zəngi də diqqət çəkir. Yada salaq ki, Qəbələdə olanda Zelenski Moskva ilə danışıqlar üçün Bakının da diplomatik meydança ola biləcəyini demişdi. Rusiyanın Kiyevi bombalayacağı və əcnəbi diplomatlara paytaxtı tərk etmək çağırışı fonunda Azərbaycan liderinə bu zəng diqqət çəkir...

Nazim SABİROĞLU,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR