Kreml Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Son zamanlar rəsmi İrərvanın Avrointeqrasiya siyasətində müşahidə olunan intensivlik Rusiyanın diqqətindən yayınmayıb. Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikovun Paşinyan hakimiyyətinə xəbərdarlığını TASS vasitəsilə çatdırması da bundan xəbər verir.
Maslennikov açıq şəkildə bildirib ki, Ermənistanın Avropa İttifaqıyla məcburi yaxınlaşması həm onun Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də bütün postsovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək. Rusiya rəsmisi İrəvanın Avropa İttifaqına daxil olmaq niyyətini şərh edərkən diqqətə çatdırıb ki, Aİ-nin sürətlə təcavüzkar hərbi-siyasi bloka çevrilməsini və onun Rusiya ilə qarşıdurmaya yönəlmiş strateji kursunu nəzərə alsaq, “Ermənistanın bu təşkilata üzvlükdə maraqlı olması narahatlıq doğurmaya bilməz”.

Bəli, Rusiya aşkar şəkildə Avropa İttifaqı ilə bağlı proseslərdən narahat olduğunu etiraf edir. Ukraynada 4 ildir davam edən müharibə də bu narahatlığın nəticəsidir. Rusiya yüz minlərlə insan, yüz milyardlarla maliyyə itkisi verib və hələ də itkilər davam edir. İndi düşünür ki, Ukrayna ilə hansısa şərtlər daxilində anlaşa bilsələr, qəfildən Ermənistan sürüşüb əlindən çıxar.
Necə ki, zamanında Finlandiya, Baltikyanı ölkələr sovet imperiyasının əlindən xilas olub, “ağ günə” çıxmışdı. Kremldəkilər təşviş içindədirlər. Xüsusən də qarşıdakı seçkilərdə Ermənistanın “təkər”ini öz tərəfinə döndərməyə cəhd göstərir, Robert Köçəryan kimi Kremlə köləlik etmiş canidən tutmuş, milyarder Samvel Karapetyana, kilsəyə, Qarabağ separatçılarına, daşnaklara qədər hər kəsdən yararlanmağa cəhd göstərir.
Amma Maslennikov kirimir:
“Ümid edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi Brüssellə məcburi yaxınlaşmanın həm müttəfiqlik münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini tanıyır”.

Hədələyir, xatırladır, ermənilərin yaddaşını təzələməyə çalışır. Yəni “biz olmasaq, sizi bir gecədə məhv edərlər”, tipli qorxulu nağılını beyinlərə yeritməyə cəhd göstərir Kreml sözçüləri.
Guya ki, “Rusiya tərəfi digər dövlətlərin inteqrasiya birliklərində iştirak etmək suveren hüququna və xüsusilə “onların iqtisadi inkişaf və öz əhalisinin rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar əldə etmək istəyinə” hörmətlə yanaşır”mış. Hörmətə baxın e, Ermənistanı “yaş yuyub, quru sərir”, ağız-burnunu əzib, qana bulayır – hələlik bəyanatlarla – o tərəfdən də “hörmət”ini izhar edir.
Ermənistan rəhbərliyinin “Avropa İttifaqı ilə maksimum yaxınlaşmada maraqlı olduğunu açıq şəkildə nümayiş etdirməsi” rus məmurların xətrinə dəyib. Xatırladır ki, “Bu səylərə uyğun olaraq, 2025-ci ilin aprelində ölkə prezidenti Vaaqn Xaçaturyan əvvəllər parlament tərəfindən təsdiq edilmiş “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunu imzalayıb. Deyən gərək: sənə nə? Bir ölkənin hansı siyasət yürütməsini sənmi diktə etməlisən?
Maslennikovun fikrincə, Brüssel artıq “İrəvana siyasi motivli Aİ standartlarına keçidi aktiv şəkildə tətbiq etməyə başlayıb ki, bu da bu Zaqafqaziya respublikasının Aİİ-yə üzvlüyünə və onunla bağlı öhdəliklərə əsaslı şəkildə məhəl qoymur”.
Diplomat sonra da deyib ki, “Faktiki olaraq Aİİ və Aİ-yə eyni vaxtda üzvlük tərifinə görə mümkün deyil”.
Havalanıblar. Xüsusən də mövcud olduğu dövrdə əl buyruğu olmuş Ermənsitanın boy göstərməsini qəbul edə bilmirlər.
Ötən gün Brüsseldə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirələrin aparılması da Rusiya hakimiyyət dairələrinin yuxusuna haram qatıb.

Brüssel toplantısında Mirzoyan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və əlaqələrin inkişafı ilə bağlı da danışıb. Həmçinin regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı əldə edilmiş razılaşmaların icrası və mövcud nailiyyətlər ətraflı müzakirə olunub, inklüziv nəqliyyat və iqtisadi əlaqə şəbəkəsinin təmin edilməsinin vacibliyi vurğulanıb. Ermənistan XİN başçısının “Seçim suveren demokratiya ilə avtoritar tabeçilik yolu arasındadır və biz artıq seçimimizi etmişik”- deməsi də Rusiyanı qıcıqlandırıb.
Erməni nazirlə Avropa Parlamentinin deputatları Ermənistan və Aİ arasında əlaqələrin dərinləşdirilməsi perspektivləri barədə danışıblar, strateji tərəfdaşlıq proqramının həyata keçirilməsinə sadiq olduqlarını deyiblər.
Gümrüdə minlərlə hərbçisi, Ermənistanın Türkiyə və İranla sərhədində sərhədçiləri olan Rusiya bu gedişatdan çox narahatdır və artıq nümayişkaranə şəkildə təhdid edir. Avropa Parlamenti ilə Ermənistan arasında imzalanmış sənəd, Zəngəzur dəhlizi – Tramp marşrutu məsələsində oyundankənar vəziyyətə düşməsi Rusiyanı əməlli- başlı rəncidə edib. Bundan əvvəl İrəvandakı rus səfirin XİN-ə çağırılaraq ona nota təqdim olunması, Ermənistanın KTMT-dən çıxma xəttini yürütməsi, Aİİ-ni Aİ ilə dəyişmək strategiyası Kremlin əsrlər boyu yürütdüyü siyasətin iflasına hesablanıb. Bu durum Paşinyan əleyhdarlarının da birdəfəlik dəfni deməkdir. Artıq “Daşnaksütyun”un qapadılması ilə bağlı anons edilib. Paşinyan Qarabağ separatçılarının İrəvandakı fəaliyyətini də məqsədəuyğun saymır. Seçkilərdə qələbəsini təmin edəndən sonra daha cəsarətli addımlar atması gözləniləndir. Odur ki, Ermənistanda hər an terror aktı törədilə bilər.

Bu günlərdə Nikol Paşinyanın qəbiristanlığı snayperlərin müşayiəti ilə ziyarət etməsi də təhlükənin mövcudluğundan xəbər verir. Kremlin barmağı tətikdədir, nə zaman sıxacaq, sual budur...
Qafqazı əbədi təsir zonası hesab edənlər bir atəşlə sülh prosesini alt-üst etmək, Zəngəzur razılaşmasını pozmaq və ənənəvi oyunlarını oynamaq niyyətindədirlər.






