Rusiyada hakimiyyət xəttinə uyğun olmayan istənilən yumor forması ictimai məkanlardan tamamilə sıxışdırılıb çıxarılıb. Dövlət televiziyalarında satira qadağan olunub, onun yerini isə səviyyəsiz və təbliğat xarakterli zarafatlar tutub.
Musavat.com xəbər verir ki, bu barədə politoloq və yazıçı Stanislav Belkovski bildirib.
O, Rusiyada siyasi yumorun bugünkü vəziyyəti barədə danışarkən qeyd edib ki, tənqidi zarafatlara görə artıq cərimələr tətbiq olunur, bəzi hallarda isə insanlar həbs edilir. Bir çox standap ifaçıları ölkəni tərk etməyə məcbur qalıb və “xarici agent” elan olunub.
Belkovskinin sözlərinə görə, müasir Rusiyada ənənəvi satiranın yerini “meta-ironiya” adlı yeni forma tutur. Bu janrda insanın ciddi danışdığı, yoxsa zarafat etdiyi bəzən özü üçün də aydın olmur.
“Bu, nə klassik satiradır, nə də məcazi dil. Bu, senzura şəraitində yaranmış ayrıca bir formadır. Amma o, açıq fikrin ifadə olunmasını da mümkünsüz edir”, – deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, hətta sovet dövründə belə hakimiyyətlə bağlı zarafat etmək üçün müəyyən imkanlar var idi. O zaman satira cəmiyyət üçün bir növ “təzyiq göstəricisi” rolunu oynayırdı.
“Bu gün isə belə indikator yoxdur. Yumor tam şəkildə hakimiyyət sisteminə tabe edilib. Satiriklərin yerini xoşbəxt təlxəklər tutub. Onlar yuxarıların maraqlarına xidmət edir və rəsmi istehza dilini təkrarlayırlar”, – deyə Belkovski vurğulayıb.
Onun fikrincə, siyasi lətifələr də artıq əvvəlki funksiyasını itirib. Sovet dövründə siyasi lətifələr cəmiyyətin ümumi əhvalını və dəyişiklik ümidini əks etdirirdi. Müasir Rusiyada isə cəmiyyət parçalanıb və insanlar hakimiyyətin dəyişə biləcəyinə inanmır.
“Bu səbəbdən yumor da daha parçalanmış, fərdi xarakter alıb”, – deyə o əlavə edib.
Belkovski bildirib ki, bu gün rus yumoru dövlət məkanında deyil, əsasən özəl və virtual platformalarda yaşayır. Hakimiyyətin tam nəzarət edə bilmədiyi məkanlarda, eləcə də xaricdə fəaliyyət göstərən standap ifaçılarının çıxışlarında satira öz mövcudluğunu qoruyur.
Ekspertin fikrincə, satira və yumorun gələcəyi var, lakin bu gələcək yalnız avtoritar məkanlardan kənarda mümkündür.
Musavat.com






