ABŞ hakimiyyəti Panama bayrağı altında Venesuelaya doğru hərəkət edən Bella 1 tankerinin müsadirəsi üçün məhkəmə orderi alıb. Buna səbəb kimi gəminin əvvəllər İran neftinin daşınmasında iştirak etmiş ola biləcəyi ehtimalı göstərilir.
Musavat.com xarici agneltiklərə istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də The New York Times mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Sahil Mühafizəsi tankeri saxlamağa cəhd göstərib, lakin gəmi tələblərə tabe olmayaraq marşrutunu davam etdirib. Bundan sonra Bella 1-ə qarşı “aktiv təqib” əməliyyatı başlanıb.
ABŞ prezidenti Donald Tramp dekabrın 10-da sanksiyalar altında olan və Venesuela nefti daşıyan bir tankerinin saxlanıldığını açıqlamış, Birləşmiş Ştatların həmin nefti özündə saxlamağı planlaşdırdığını bildirmişdi.
Dekabrın 20-də ABŞ Panama bayrağı altında üzən və Çindən olan neft treyderi üçün yük daşıyan Centuries tankerinin ələ keçirildiyini də təsdiqləyib. Qeyd olunub ki, bu gəmi ABŞ sanksiyaları siyahısında yer almır.
Dekabrın 21-də isə Bloomberg Venesuelaya doğru hərəkət edən və Panama bayrağı daşıyan Bella 1 tankerinin saxlanılması ilə bağlı aparılan əməliyyat barədə məlumat yayıb.
Musavat.com






