Vaşinqton hazırkı maliyyə siyasətini davam etdirərsə, ABŞ-ın milli borcu 2031-ci ilə qədər ÜDM-in 140 faizinə çatacaq.
Musavat.com xəbər verir ki, bu qənaət Beynəlxalq Valyuta Fondunun (BVF) dünən dərc olunmuş ABŞ iqtisadiyyatı üzrə illik hesabatında əksini tapıb. Hesabata görə, bu artım həm ABŞ, həm də qlobal iqtisadiyyatların sabitliyi üçün risk yaradır: "Mövcud siyasətlərə əsasən, ABŞ hökumətinin büdcə kəsirinin ÜDM-in 7-8 faizi diapazonunda qalması gözlənilir ki, bu da 2031-ci ilə qədər dövlət borcunun ÜDM-in 140 faizinə çatmasına gətirib çıxaracaq".
Hesabatda vurğulanır ki, bu rəqəmin daha da artması "ABŞ və qlobal iqtisadiyyatın sabitliyi üçün artan risk yaradır". ABŞ-ın milli borcu hazırda 38,7 trilyon dolları keçib.
BVF-nin idarəedici direktoru Kristalina Georgieva brifinqdə qeyd edib ki, ABŞ dövlət borcunun davamlı artımı narahatlıq doğurur: "Bu, diqqətlə həll edilməli olan ciddi bir məsələ olaraq qalır".
Vaşinqton administrasiyasının 2027-ci ildə hərbi xərclərə 1,5 trilyon dollara qədər xərcləmək planlarını şərh edən Georgieva əlavə edib: "Amerika Birləşmiş Ştatları öz xərclərini, dövlət xərclərini ödəməyə qadirdir. Bununla belə, orta müddətdə borc və kəsirin azaldılmasına diqqət yetirməyi tövsiyə edirik”.
Musavat.com






