Bugünkü qlobal mənzərə 1990-cı illərin Rusiyasını xatırladır
Əgər bu gün dünyada baş verən proseslər 2020-ci ilin 27 sentyabrından əvvəl yaşansaydı, Qarabağda erməni işğalına son qoymaq xeyli çətin olardı. “Qaba güc” amili dünyada hər zaman mövcud olub. Lakin indi müşahidə etdiklərimiz artıq klassik “qaba güc” anlayışını da aşır. Anadoluda buna “hədsizlik”, bizdə “özbaşınalıq”, rus dilində isə daha sərt ifadə ilə “bespredel” deyirlər.

“Bespredel” termini xüsusilə 1990-cı illərin Rusiyasında geniş yayılmışdı. Həmin dövrdə kriminal aləm hər tərəfdə meydan sulayırdı və bu xaos təkcə cinayət dünyasının adamlarını hədəfə almırdı. Siyasətçilər, deputatlar, iri məmurlar da bu mühitin içində idi. Bugünkü qlobal mənzərə getdikcə həmin dövrün Rusiyasını xatırladır. “Bespredel” mühitində isə kimlərin özünü suda balıq kimi hiss etdiyi hər kəsə bəllidir: bu xaosdan faydalananlar, diqqəti başqa istiqamətə yönəldib öz əməllərini kölgədə saxlayanlar...
Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında uzun müddətdir itirdiyi rahatlığına qayıtdığı hiss olunurdu. Ukrayna müharibəsinin artıq dördüncü ilində dünya ciddi sarsıntı yaşayır. XXI əsrin 2026-cı ilində Kiyev və Ukraynanın digər şəhərlərində yüz minlərlə insanın şaxta şəraitində işıqsız və istiliksiz qalmasına səbəb olan bir dövlətin başçısının bu rahatlığının səbəbi aydındır.
![]()
Putin təcrübəli dövlət xadimi kimi baş verən proseslərin mahiyyətini yaxşı anlayır. Ukraynanın şərqində amansız savaşın dördüncü ilində onu Qəzzada sülhyaratma missiyasına – “Sülh Şurası”na dəvət etmələrinin siyasi məna daşıdığını da dərk edir. Bu missiyanın baş tutub-tutmayacağı barədə hələlik qəti fikir söyləmək çətindir. Çünki bölgədə cavabsız qalan çoxlu suallar var. Ən diqqətçəkən məqam isə budur ki, Şuraya bir-birini qəbul etməyən, hətta birbaşa savaşan tərəflər dəvət olunub və artıq bəzi ölkələr iştirakdan imtina edib.
Zənimcə, Putin bu təşəbbüsün ən azı indilikdə uğursuzluğa düçar olacağını anlayır. Elə bu səbəbdən də yenə məlum 1990-cı illərdə geniş yayılmış “həll modelini” gündəmə gətirir. O bildirir ki, Rusiyanın xaricdə dondurulmuş aktivlərindən – əvvəlki ABŞ administrasiyası dövründə bloklanan 1 milyard dolları “Sülh Şurası”nın fəaliyyətinə yönəltmək olar. Daha sonra əlavə edir ki, ABŞ-da dondurulmuş digər aktivlər də Ukrayna ilə sülh müqaviləsi imzalandıqdan sonra müharibədən zərər çəkmiş ərazilərin bərpasına sərf edilə bilər.
Putin iddia edir ki, bu məsələni ABŞ administrasiyasının nümayəndələri ilə müzakirə edirlər. Maraqlı yanaşmadır, amma mahiyyət etibarilə 90-cı illərin “kriminal diplomatiyasını” xatırladır. O vaxtlar kimsə səndən pul istəyəndə belə deyirdilər: “Get, mənim filankəsdən olan borcumu al, qalanı da sənin olsun.” Putinin təklifinin məntiqi də eynidir. Axı bu aktivlər onun şəxsi mülkü deyil ki, istədiyi kimi, özü də birtərəfli qaydada yönəltsin. Lakin bu yanaşma bugünkü qlobal özbaşınalıq dövrünün ruhuna tam uyğundur.

Putinin Qrenlandiya ilə bağlı açıqlamaları da diqqətdən yayınmadı. Yenə pul, yenə 90-cı illərin havası... O xatırladır ki, ABŞ 1867-ci ildə Rusiyadan sahəsi təxminən 1 milyon 717 min kvadrat kilometr olan Alyaskanı 7,2 milyon dollara alıb. Rusiya prezidenti əlavə edir ki, “bugünkü qiymətlərlə və onilliklər ərzində inflyasiya nəzərə alınmaqla bu məbləğ 158 milyon dollar edərdi”.
Bu hesablamanın təsadüfi olmadığı aydındır. Putin bunu Təhlükəsizlik Şurasında yeri gəlmişkən xatırlatmır. Mesaj aydındır: istəsək, bu mövzunu yenidən mübahisələndirmək də olar, pərdəarxası razılaşmalar da mümkündür.
Qrenlandiya dünyanın ən böyük adasıdır, sahəsi 2 milyon 166 min kvadrat kilometrdir. Putin xatırladır ki, Danimarka 1917-ci ildə Virgin adalarını da ABŞ-a satıb və “deməli, onların bu sahədə təcrübəsi var”. Ardınca isə Danimarkanın Qrenlandiyaya münasibətdə həmişə müstəmləkəçi və “olduqca sərt, bəlkə də qəddar” davrandığını deyir. Ukraynada müharibə aparan Putin deyir bunu...
Sonda isə 90-cı illərə xas hökmverici tonla əlavə edir: “Amma bu, əlbəttə ki, bizim işimiz deyil. Düşünürəm ki, onlar bunu öz aralarında həll edəcəklər.” Rus dilində səslənən bu ifadə daha sərtdir: “Думаю, что они между собой разберутся.”
Bu da bugünkü dünyanın reallığıdır- beynəlxalq hüquq və normaların yoxa çıxdığı, “bespredel”in qlobal norma kimi təqdim olunduğu bir mərhələ...
Nazim SABİROĞLU,
Musavat.com






