Binəqədi Rayon Məhkəməsində ictimai rezonansı böyük olacaq bəraət hökmü çıxarılıb.
Musavat.com xəbər verir ki, hakim Aynurə Sadıqova “zebra”dan kənarda yolu keçən piyadanın vurulması ilə bağlı sürücünün günahsız olması qənaətinə gəlib.
Çıxarılmış hökm Azərbaycan yol mədəniyyətində yeni bir səhifə aça bilər. Bu qərar təkcə bir qəzanın hüquqi qiymətləndirilməsi deyil, illərdir yalnız sürücülərin çiyninə yüklənən məsuliyyət anlayışının dəyişdiyini göstərən vacib siqnaldır. Ölkədə hər il onlarla piyada ölümü qeydə alınır və onların əksəriyyəti məhz qaydalara əməl etmədən, “zebra”dan yan keçərək, dayanacaqlar arasından, maşınların qarşısından atılaraq “qısa yolu” seçən insanların səhlənkarlığından doğur. Bu gün çıxarılan hökm isə cəmiyyətə aydın mesaj verir ki, yol hərəkəti təhlükəsizliyi birtərəfli məsuliyyət deyil və piyada da qaydanı pozarsa, nəticəyə görə cavab doğuran tərəf özü olur.
Məhkəmə faktlara söykənərək sürücünün real imkanları aşan vəziyyətlərdə günahkar elan edilməsinin artıq mütləq norma olmadığını ortaya qoyub. Bu isə həm hüquqi praktikanın, həm də yol davranışlarının dəyişməsi üçün mühüm presedent yaradır. Nəhayət, piyadaların məsuliyyəti barədə uzun illərdir arxa fonda qalan məsələ ön səhnəyə çıxır.
Hadisə aylar öncə Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş verib və 1 nəfərin ölümü ilə nəticələnib.
Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə təqsirləndirilən Cavid Əsgərovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi “Mercedes-Benz C250” markalı, Az 99 GC 949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə “Gənclik” istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu. Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.
Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






