Belə bir məşhur deyim var: “Qul öz qul vəziyyəti ilə barışmadıqca qul sayılmaz”.
Ukrayna dövlətini bir həftəyə məhv edib, onun xalqını diz çökdürməyi planlayan işğalçı Putin Rusiyası az qala, 4 ildir ədalətsiz müharibə içindədir. Ancaq öz iqtisadiyyatını bütünlüklə hərbi relsə keçirsə də, dilbir-dinbir slavyan qardaşlar təslim olmağa hazırlaşmır. Əksinə.
Məsələn, bu gün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkənin hər hansı ərazi güzəştinə getməsi ilə bağlı təklifləri qəti şəkildə rədd edib. Sky News-a müsahibəsində o bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və ərazi itirilmədən mümkündür.
Baş komandana görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər.
“Ukrayna ordusunun əsas missiyası ölkənin torpaqlarını və əhalisini qorumaqdır. Buna görə də torpağın kiməsə verilməsi ilə bağlı istənilən ideya qəbuledilməzdir. Bizim üçün torpağı, sadəcə, vermək nə deməkdir? Biz elə buna görə döyüşürük — torpağımızı verməmək üçün”, - general vurğulayıb və yalnız şərtsiz atəşkəsdən sonra danışıqların mümkün olacağını söyləyib...
“Biz elə buna görə döyüşürük...” Bu bir cümlədə hər şey var: Ukrayna xalqının 4 ilə yaxındır sınmayan döyüş ruhi və mətinliyi, iradəsi və əzmi, zorakılığa və işğalçıya qarşı inanılmaz və nümunəvi dirənişi. Tarix göstərir ki, belə bir xalqı məğlub eləmək mümkünsüz. Ola bilsin, indiki mərhələdə üstün görünən Rusiya döyüşü udsun, amma müharibəni – çətin. Bir ölkəni məğlub eləmək olar, amma xalqı yox!
Moskva üçün problem də ondadır ki, “Biz elə buna görə döyüşürük” deyən hansısa sıravi ukraynalı deyil, ölkə Silahlı Qüvvələrinin Baş Komandanıdır. Özəlliklə Putinə ciddi siqnal olan bu bəyanat quruca söz yığını sayılmaz. Bu, hər şeydən əvvəl cəbhədəki sarsılmaz ovqatın ifadəsidir...
Yeri gəlmişkən, az öncə NBC Nyus döyüş meydanındakı ukraynalı hərbçilərdən birinə istinadla təsirli bir açıqlama yaymışdı. Hərbçi demişdi: “Əmr verilsə belə, Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək. Heç kim ərazi məsələsində güzəştə getməyəcək, çünki bura bizim torpağımızdır və biz buradayıq. Bu, plan deyil, bu, əsl kapitulyasiyadır”.
Sırskinin sələfi, Silahlı Qüvvələrin keçmiş Baş Komandanı, Londondakı hazırkı səfir Valeri Zalujnı də bu həftə Moskvaya və Vaşinqtona eyni mesajı göndərmişdi. O, ölkəsinin ərazi bütövlüyü və təhlükəsizlik prioritetləri ilə bağlı kəskin bəyanatla çıxış edərək, əminliklə demişdi ki, Putinin hədəfi təkcə Donetsk və Luqansk yox, bütün Ukraynadır.
Zalujnı həmçinin Donetski güzəştə getmək barədə müzakirələrin yolverilməz olduğunu söyləmişdi. Sitat: “Bu, Ukraynanın gələcək təhlükəsizliyini təhlükə altına atar. Ukrayna Donetski əsla güzəştə getməməlidir. Münaqişə yalnız təmas xəttində dondurula bilər. Biz NATO-ya indi üzv ola bilmirik, amma üzvlük hüququmuz mütləq qorunmalıdır”.
General-səfirin qənaətincə, Rusiya ilə müharibə hələ uzun müddət davam edə bilər və bu səbəbə Ukraynanın strateji ittifaqlara açıq qalması həyati əhəmiyyət kəsb edir.
Bütün bu mesaj-ismarışlar əlbəttə ki, ilk növbədə Putinə, ardınca da ABŞ lideri Donald Trampa Ukrayna xalqının ədalətsiz sülhü qəbul etməyəcəyi barədə aydın siqnallardır. Qul öz qul vəziyyəti ilə barışmadıqca o qul sayılmaz. Demək, mübarizə də, müharibə də davam edəcək...
Z.SƏFƏROĞLU






