Ötənlərdə bu qəzetdə Mirzə Cəlildən yazmışdıq, Azərbaycanın ən böyük sosioloqu adlandırmışdıq onu. Amma ondan danışanda daha iki Mirzəni xatırlamamaq mümkünsüzdür.
Biri Mirzə Fətəli, digəri Zərdabidir. Xüsusən də Mirzə Fətəli ilklərdəndir. Bilmirəm, onadək müsəlman ədəbiyyatında nəsr, əsas da dramaturgiya olubmu? Həm də “Ölülər”i, “Dəli yığıncağı”nı, “Anamın kitabı”nı xatırlayanda mümkünmü “Hacı Qara”nı, “Dərviş Məstəli şah”ı, “Kimyagərlər”i, nə bilim, “Xırs-quldurbasan”ı yada salmayasan?
Rejissor kimi azərbaycanlı-müsəlman tipləri yaradıblar, “etnik kodlar” deyilən doğrudursa, buradadır onlar; iki Mirzənin pyes və nəsrlərində.
Pyesləri, özü demiş, “Təmsilat”ı yana, “Aldanmış kəvakiblər” zərb-məsələ çevrilibdir, oxşarı harada olmayıb? Beyinlərinizi qurdalasanız analogiyalar taparsız: əsas da Şərq adlı mürgüləyən siyasi xarabalıqda.
Fətəli ilk avropasayağı müsəlman filosofudur. Bir az Volteri xatırladır, çünki sonuncu da həm filosof idi, həm də deyildi, axtarsan, özü bilmirdi kimdir, onu bilirdi ki, böyük polemist, ələlxüsus, narahat intellektualdır.
Bir sovet-dissident filosofunun maraqlı fikri vardı. Deyirdi ki, polemikaların predmeti tez-tez dəyişir, sivilizasiya yaradansa daha çox onların üslubudur.
Müsəlman-şərq filosofları da daim ilahiyyata yaxın olublar, peyğəmbərlərlə filosoflar arasındakı sərhəd gözlə qaş arasındakı qədər olub, çoxu təriqət başçısıydı, ocaqları, müridləri-mürşüdləri vardı.
Fətəli mühakimə tərzinə görə Qərbə yaxındır, fəlsəfi üslubca vəyhçi-filan deyildi, göylərdən nəsə gəlmirdi ona, rasional düşüncə adamı idi, baxmayaraq, fəlsəfəsində hissiyyatı önə çəkirdi.
Taleyi neçə insan üçün həyat ssenarisi oldu: bir Şərq-Qərb romanı, proloqu “Min bir gecə”, epiloqusa “Don Kixot”.
Maddi sıxıntı görməmişdi, imkanlı ailədəndir, sonra da Qafqaz canişinliyinin dəftərxanasına başçılıq etmişdi - kiçik vəzifə deyildi.
Mənəvi sıxıntılar yaşamışdı, müsəlman qəbiristanlığında dəfn olunmağa qoymurlarmış. Təəccüblüsü nədir? Fətəli o vaxt Şeyxülislamla dost imiş. Sonuncunun qərarı, necə deyər, fətvası yetməlidir ki, adama münasibət az da olsa, dəyişsin...
Əlbəttə, Mirzənin ateizmi hədsiz kəskin idi. Baxanda Volter belə dözümlü idi, deyirdi ki, Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Didronun da adına yazılır bu, amma önəmi varmı? Əsas fikir deyilmi?
Adamın ağlına nə gəlir? Biri var, din-islam, biri də var, mövhumat. İslam din kimi Qərb mütəfəkkirlərinin də diqqətini cəlb edibdir, hətta Volterin də pyesi var.
Bəla mövhumatdır. Hətta müsəlman müdriklərini bəzən yanlış qənaətlərə yönəldib: arxaik ayinlərdən, şəriət ehkamlarından bezən şərq intellektuallarının özlərini belə çaşdırıbdır.
Adam fikirləşir, bəlkə Fətəli də bu taleyi yaşamışdı, mövhumata, geriliyə nifrət onun üçün dünyanın üç möhtəşəm dinindən birinə nifrətə çevrilmişdi?
İntellektuallarımız bizi dəyişmək istəyirdilər. Alınırdımı? Asan işdirmi? Baxıram, telekanalların birində 15 yaşlı qızı qaçırmış adamdan danışırlar. Demək istəyirsən, oğlum, bilmirsənmi, 15 yaşlı uşaq nigaha girə bilməz, axı cinayətdir bu...
Preziden İlham Əliyevin önəmli qərarlarından biri qohum nigahların qadağan olunmasıdır və daim qeyd edirik. Tək bu detal hətta 21-ci əsrdə necə patriarxal cəmiyyət olduğumuzu göstərmirmi? Hələ də heç də hamının ürəyincə deyil bu qərar.
Yaxud insafən, dövlət neçə müddətdir yas mərasimlərini qaydaya salmağa çalışır. Alınırmı? Asandırmı?
İnsanlar acı həqiqəti başa düşmək istəmir. Hamımız yaxınlarımızın itkisilə ömrümüzün axırınadək barışmırıq, amma on il yas saxlasaq, ölkənin ən böyük saraylarında dəbdəbəli ehsan mərasimləri keçirsək belə onlar yenə qayıtmayacaq. Anlamaq çətinmi?..
Xristian, müsəlman sivilizasiyaları və s. kimi anlayışlar var. Nədir “xristian sivilizasiyası”? İndiki Rusiya? Yoxsa Putin? “Müsəlman sivilizasiyası” nədir? Taliban, İran molları, çalmalı ərəb şeyxləri, yoxsa tamam fərqli bir şey?..
Hərdən bunları da özümüzdən soruşmalıyıq ki, təkrar zülmətə qayıtmayaq. İki yüz il əvvəl “dəli” deyilən rus filosofu Çaadayev yazırdı ki, Rusiya Dünyaya nəinki heç nə veməyib, heç nə də götürməyibdir də.
Gülməlisi, ya faciəlisi budur ki, Fətəlinin dinə baxışını ailəsi qəbul etmirmiş, nəinki xanımı, hətta Avropada oxutduğu oğlu çox dindarmış.
Bir gülməli detal. Müsəlman xanımları çadra altında olanda belə özlərini ərlərindən daha “ağıllı” və hətta “siyasətcil” sayıblar.
Fətəlinin xanımı da körpələrinin çoxunun erkən yaşda tələf olmasını ərinin dini baxışları ilə bağlayırmış. Buna Mirzənin əsərlərində də işarə var: “Lənkaran xanının vəziri...”ndə qadınlar axmaq vəzirin başına nə oyun açmırdılar? “Dərviş Məstəlişah...” da qadınlar bircə cadu ilə Parisi “dağıdıb” kişilərinin bütün planlarını alt-üst etmədilərmi?..
Sonra da deyirlər, zavallı, çadralı müsəlman qadınları belə gəldi, elə getdi. Bilmək olmaz, kim daha zavallı olub: çadralı qadınlar, yoxsa çadrasız kişilər? Əlbəttə, kiçicik zarafatdır, xanımlarımız inciməsin...
Növbəti Mirzəmiz Zərdabidir. Pyesləri olmadı, dramaturgiya yaratmamışdı (teatrı sevib, tələbələrilə tamaşalar da qoyubdur), fəlsəfi pamfletləri yox idi, təəccüblü olsa da, şeir yazması haqda da (azəri türkü olasan, şeir yazmayasan?) məlumat yoxdur, əvəzində millətinə mətbuatı anlatmaq istədi.
Hərçənd bir dəfə Zərdabinin və Fətəlinin liberalizmə (“Kəmalüdövlə...”də) tərifini oxumuşdum. Birinci daha dəqiq idi. Təəccüblənmədim: Zərdabi daha mükəmməl təhsil almış, Moskva Universitetini bitirmişdi. Daim düşündürür, hətta yazmışam da: Fətəli Zərdabi, xüsusən Əli bəy Hüseynzadə kimi mükəmməl təhsil alsaydı nələr yazardı! İlk qərbçimizin Qərb təhsili yox idi, özü öyrənmişdi...
Yeri gəlmiş, ötən əsrin əvvəlində Əli bəy İstanbula köçəndə böyük zifayət verilibmiş, kommunist Nərimanov da iştirak edirmiş orada.
Fikir bu imiş ki, Bakını böyük intellektual tərk edir, halbuki Əli bəy daha çox ictimai-siyasi publisist kimi tanınırdı, tibb sahəsində də ciddi tədqiqatları yox idi (tibb ensiklopediyası tərtib etmək istəyirmiş, bilmirəm, başa çatdırıb, ya yox?), rəssam kimi də rəsmi az olmuşdu.
Hötədən, əsasən “Faust”dan tərcümələri olub, amma illər öncə filoloq dostum deyirdi ki, bu tərcümələrin özünü tərcümə etmək lazımdır!
Əlbəttə, tək “türkləşmək, islamlaşmaq, müasirləşmək” triadası özü böyük siyasi konsepsiyadır, bayrağımızın məzmununu təşkil edir. Həm də indi türk dünyasında gedən intensiv prosesləri müşahidə edərkən Əli bəyi yada salmamaq mümkünmü? Belədəsə, bir əsr öncə insanların bir-birinə münasibətinə baxın...
Qayıdaq Zərdabiyə. Həyatının sonlarında mənəvi acılar yaşayıb. Məqsədinə çatmadığından, unudulduğundan gileylənirmiş. Oxşar acıları indiki jurnalistlərimizin yaşlı nəsli də yaşayır. Sonra da deyirlər ki, tarix təkrarlanmır. Yox, ibrət götürməyənlər üçün o, lap saat kəfkiri kimi olur: gedir, qayıdır və yenə də...






