BMT Baş katibinin seçilməsi üçün namizədlərin verilməsi prosesi başlayır. Hazırkı Baş katib Antonio Quterreş ilin sonunda vəzifəsindən gedir.
Məlumat üçün bildirək ki, BMT Təhlükəsizlik Şurası 15 ölkədən ibarətdir: beş daimi üzv (Birləşmiş Krallıq, Çin, Rusiya, ABŞ və Fransa) və iki illik müddətə seçilən 10 üzv. Qeyri-daimi üzvlər Baş Assambleya tərəfindən seçilir. Hazırda bunlara Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya və Somali daxildir. Təhlükəsizlik Şurası tərəfindən gizli səsvermə keçirilir, burada beş daimi üzvdən hər hansı biri namizədliyə veto qoya bilər. Regional rotasiya prinsipi nəzərə alınmaqla geniş dəstəyə malik istənilən diplomat Baş katib postuna namizəd ola bilər.
Baş katib vəzifəsinə müxtəlif coğrafi bölgələrin nümayəndələri arasında rotasiya yolu ilə bölüşdürülməsi barədə qayda mövcuddur. Bu prinsip Xartiyada təsbit olunmasa da, ona hörmət edilir: coğrafi müxtəlifliyi təmin etmək üçün namizədlər müxtəlif regional qruplardan (Asiya, Afrika, Latın Amerikası, Şərqi Avropa, Qərbi Avropa və s.) irəli sürülür. İndiyədək olan 9 Baş katibin dördü Qərbi Avropanı, bir Latın Amerikasını və iki nəfəri Afrika və Asiyanı təmsil edir. Bu təcrübə BMT-nin təsis sənədlərində öz əksini tapmasa da, növbəti dövrdə hansı bölgənin bu vəzifəni ala biləcəyi ilə bağlı gözləntiləri formalaşdırmağa davam edir. Məlumatlara görə, bu dəfə Baş katib vəzifəni tutmaq növbəsi Latın Amerikası və Karib regionunundur.
BMT-nin ən yüksək vəzifəsi tarixən yalnız kişilər tərəfindən tutulub. Bu vəzifəni heç vaxt qadın tutmadığı üçün rəhbərliyə bu dəfə zəif cinsin nümayəndəsinin seçiləcəyi ehtimalı da var.
BMT-nin yeni Baş katibi postuna hələ ki üç namizəd var. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi (Argentina), Çilinin keçmiş prezidenti Mişel Baçelet(Çili), BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan. Baçelet iki dəfə - 2006-cı ildən 2010-cu ilə və 2014-cü ildən 2018-ci ilə qədər Çili prezidenti vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrından 2022-ci ilin avqustuna qədər o, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışıb. Baçelet BMT Baş katibi vəzifəsinə iddia edən yeganə Latın Amerikası namizədi deyil. Ötən ilin noyabr ayında Argentina Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin namizədliyini irəli sürüb.
Tanınmış hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a dedi ki, BMT Baş katibinin seçkiləri hüququ aspektdən çox, siyasi aspekt daşıyır: “Hüquqi aspekt bundan ibarətdir ki, Baş katib vəzifəsinə namizədlər üzv olan dövlətlər tərəfindən irəli sürülür. İlkin olaraq Təhlükəsizlik Şurasında müzakirə olunur və Təhlükəsizlik Şurasının tövsiyyəsi ilə Baş Məclis tərəfindən təyin olunur (BMT Nizamnaməsinin 97-ci maddəsi). Mahiyyət üzrə seçki faktiki olaraq Təhlükəsizlik Şurasında keçirilir. Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun səsini toplayan namizəd Baş Məclisə çıxarılır. Bu şərtlə ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən heç biri veto hüququndan istifadə etməsin. Təhlükəsizlik Şurasının tövsiyyə etdiyi namizəd Baş Məclis tərəfindən dəstəklənərsə təyin edilmiş hesab olunur.
Təhlükəsizlik Şurasının tövsiyyəsini hazırlamaq üçün “qeyri rəsmi sorğu” adlanan ilkin səsvermə keçirilir. İlkin səsvermədə irəli sürülmüş namizədlərin hamısı iştirak edir. İrəli sürülmüş namizədlərin sayından asılı olaraq ilkin səsvermə hər dəfə müəyyən sayda namizədlərin iştirakı ilə bir neçə mərhələdə həyata keçirilə bilər. Bu halda hər mərhələdə daha çox səs toplamış namizədlər üçün yekun səsvermə keçirilir.
Təhlükəsizlik Şurasında səsvermə bülletenlər vasitəsilə gizli keçirilir. Səsvermənin yekun mərhələsində 5 daimi üzvlər rəngli, digərləri isə adi bülletenlər vasitəsilə səs verirlər. Daimi üzvlərdən hər hansı biri namizədin əleyhinə səs verərsə, həmin namizədə veto qoyulmuş hesab olunur.
Başqa sözlə, Baş katib təyinatında həlledici söz Təhlükəsizlik Şurasına məxsusdur. Təhlükəsizlik Şurası yalnız bir namizədi Baş Məclisə tövsiyə edə bilər. Alternativ namizədlərin tövsiyə olunmasına yol verilmir. Təhlükəsizlik Şurasının tövsiyəsi olmadan Baş məclis Baş katibin təyinatı məsələsinə baxa və ya özü namizəd irəli sürə bilməz.
Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, Baş katib təyinatı faktiki olaraq bir sıra amillər nəzərə alınmaqla Təhlükəsizlik Şurasının daim üzvlərin konsensusu əsasında həyata keçirilir. Adətən, regional mənsubiyyət amili və beynəlxalq miqyasda iş, o cümlədən diplomatik iş təcrübəsi əsas götürülür. Bu ilki təyinatda gender məsələləri də nəzərə alına bilər. Bundan başqa, təcrübədə formalaşmış qeyri rəsmi ənənəyə görə Baş katib vəzifəsinə namizədlər Təhlükəsizlik Şurasının daim üzvlər olan ölkələri təmsil etmir”.
Cavanşir ABBASLI
Musavat.com






