Surrey polisi Kral III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzorun uşaq istismarının baş verdiyi məclislərdə mümkün iştirakı barədə məlumat almaq üçün ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə əlaqə saxlayacaq.
Musavat.com "The Times" qəzetinə istinadən xəbər verir ki, bu tələb amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanmasından sonra irəli sürülüb. Qəzet Britaniya polisindən sitat gətirib: "Bu cinayətlərlə bağlı iddiaların Surrey polisinə ötürüldüyünə dair heç bir dəlil tapmadıq. Buna görə də senzura edilmiş məlumatlara çıxış əldə etmək üçün üçüncü tərəflərlə əlaqə saxlayacağıq".
Qeyd edək ki, 2019-cu ildə Şahzadə Endryu Epşteyn işi ilə bağlı qalmaqala görə rəsmi kral ailəsi üzvü vəzifələrindən istefa verməyə məcbur olub. Bu, amerikalı qadın Virciniya Cuffrenin ona qarşı iddialarla çıxış etməsindən və onun 17 yaşında cinsi əlaqəyə girməyə məcbur edildiyi bir neçə kişi arasında olduğunu iddia etməsindən sonra baş verib. 2022-ci ildə Kraliça II Yelizavetanın qərarı ilə şahzadə fəxri hərbi rütbələrindən və bir neçə ictimai təşkilatın himayədarı rolundan məhrum edilib.
Musavat.com






