“Bu binada oturan Vidadi Məmmədov bizim başımıza Mövlam Şıxəliyevdən betər oyun açıb! Artıq üçüncü dəfədir ki, bu binaya gəlirəm, dərdimizi deyirəm, amma sanki daş-divara danışıram! Vidadi Məmmədov məni intihar həddinə çatdırıb! Başıma gələcək hadisəyə görə bütün məsuliyyəti Vidadi Məmmədov daşıyır”.
Bu sözləri İcra Baş İdarəsinin qarşısına gedən “MTN işi” üzrə zərərçəkmiş, 76 yaşlı Əfsəl Həsənəliyev deyib.

O, İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədovla “Yelo Bank” İdarə Heyətinin sədri Anar Həsənovun əməllərindən şikayətçidir:
“İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov biz zərərçəkənlərin başına elə oyun açıb ki, Mövlam Şıxəliyev onun yanında toya getməlidir! Bu adam “Yelo Bank”ın sədri Anar Həsənovla əlbir olub, bizə məhkəmə qərarı ilə ödənilməli olan 560 min manatı ələ keçiriblər! Üç aydır ki, o pul bankdakı balansdankənar hesaba köçürülüb, indi də qaytarmırlar. Bizə isə hər dəfə bir bəhanə gətirirlər.
Məhkəmə qərarı var, dövlət möhürü var, sənəd var! Amma pulumuzu vermirlər! Mövlam Şıxəliyevin əlindən alıb pulumuzu yeyiblər! Mövlam Şıxəliyev cinayət törətdi, həbs olundu. Amma Vidadi Məmmədov hələ də kresloda oturub, heç nə olmamış kimi vəzifəsini icra edir. Prezidentimizin çıxışlarını, korrupsiya ilə bağlı sərt xəbərdarlıqlarını eşitmir, görmür, bəlkə də bilərəkdən saymır!”
Ölkə rəhbərliyinə müraciət edən zərərçəkən tədbir görülməsini xahiş edib:
“Sizə bir vətəndaş kimi, 76 yaşlı bir qoca kişi kimi müraciət edirəm. Bu boyda ədalətsizlik, açıq talançılıq, rüşvətxorluq olmaz! Vidadi Məmmədovun qanunsuzluğu artıq dözülməz hal alıb! Bizə verilən məhkəmə qərarını icra etmək əvəzinə pulu balansdan çıxarıb gizlədən məmur hansı qanunun arxasında gizlənir?
Cənab Prezident, bizlər Sizin göstərişinizlə cinayət yuvası MTN-də keçirilən əməliyyatı yaxşı xatırlayırıq... Mən indi Sizin o əməliyyatı bu binada, Vidadi Məmmədovun idarəsində görmək istəyirəm! Çünki bu gün burada da o vaxtkı “MTN mafiyası”nın eyni ruhu hökm sürür, pulu yeyirlər, zərərçəkənləri süründürürlər, dövlətin adına ləkə gətirirlər! Biz sadəcə ədalət istəyirik. Biz sadəcə o qərarda yazılan pulu istəyirik!
Vidadi Məmmədov, qulağını aç, eşit! Məni süründürməçiliyinlə intihar həddinə çatdırmısan! Buradaca intihar edəcəyəm!”
Əfsəl Həsənəliyev bildirib ki, onlara çatacaq 560 min manatın “Yelo Bank”dan geri alınması min bir bəhanə ilə təmin olunmur:
“Vidadi Məmmədovun İcra Baş İdarəsində qəbuluna getmişdik. Özünü elə kobud aparırdı ki, sanki cinayəti mən törətmişəm. Halbuki, mən bizə qarşı Vidadi Məmmədovun rəhbərliyi altında işləyənlərin də iştirak etdiyi cinayətin törədilməsini tələb edirdim.
Necə olur ki, bizə məhkəmə qərarı olmadan 1 qəpik də pul ödənmir, amma “Yelo Bank”a, həm də balansdan kənar hesaba bizə çatası 560 min manatı heç bir məhkəmə qərarı olmadan köçürüblər?”
“MTN işi” üzrə Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünün mülki iddia hisssəsi havada qalıb. Zərərçəkmişlərə çatmalı 560 min 302 manat İbrahim Zeynalovun kredit borcu adı ilə ələ keçirilib.
Zərərçəkmişlər İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov, idarənin banklarla iş şöbəsinin əməkdaşı olmuş Tural Süleymanov, onun qayınatası Cavidan Hacıyev, Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasov, icra məmuru Rafael Səfərovun əlbir olaraq bu vəsaiti heç bir hüquqi əsası olmadan “Yelo Bank” ASC-nin balansdankənar hesabına köçürdüklərini bildiriblər.
Rəsmi sənədlərdə əməliyyat kredit ödənişi kimi göstərilsə də, faktiki olaraq heç bir kredit ödənilməyib.
Zərərçəkmişlər qeyd ediblər ki, Bankın İdarə Heyətinin sədri Anar Həsənov zəmanət məktubu ilə bəyan edib ki, məhkəmə İbrahim Zeynalovun adına kredit ödənişini əsassız hesab edərsə, vəsait geri qaytarılacaq. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə köçürmənin qanunsuzluğu təsdiqlənməsinə baxmayaraq, “Yelo Bank” pulu geri qaytarmaqdan imtina edir.

Zərərçəkənlər qeyd ediblər ki, bu, yalnız vəsait məsələsi deyil. Bu, hüquq sisteminə qarşı açıq meydan oxumaqdır. Cinayət Məcəlləsinin 179-cu maddəsi – mənimsəmə və israf etmə, Mülki Məcəllənin 1099-cu maddəsi əsassız əldə etmə, icra qərarlarının icrasına maneə törətmə, bütün bunlar “Yelo Bank”ın və icra orqanlarının əlbirliyi ilə törədilib.
Ən skandal məqam isə Cavidan Hacıyevin adı ilə bağlıdır. O, əvvəllər Azərbaycan Beynəlxalq Bankından 70 milyon manat kredit götürərək qaytarmadığı üçün 10 il həbsdə olub. Həbsdən sonra isə kürəkəni Tural Süleymanov vasitəsilə digər vəzifəli şəxslərlə əlbir olaraq zərərçəkmişlərin haqqına göz dikib, vəsaiti öz aralarında bölüşdürüblər. Zərərçəkmişlər artıq birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinə və Mərkəzi Banka müraciət edərək “Yelo Bank” ASC-də baş vermiş qanunsuz maliyyə əməliyyatlarının araşdırılması və məsul şəxslərə, bank rəhbərliyi və icra orqanlarının əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsini, Bankın əməliyyatlarına daxili audit aparılması və qanun pozuntularının aradan qaldırılmasını xahiş ediblər.
Bundan başqa, 560 min 302 manatın və digər qanunsuz köçürülmüş vəsaitlərin dərhal geri qaytarılması və zərərçəkmişlərə ödənilməsini istəyirlər. Zərərçəkənlər deyirlər ki, “Yelo Bank”ın və icra orqanlarının bu qanunsuz əməliyyatları araşdırılmalıdır.
Yazıda adı keçən hər kəsi dinləməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






