İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəmənliyin rəngi haqqında

1378 11.01.2026 18:40 Yazarlar A A

Öncə bir idman xəbəri. İngiltərədə “Arsenal” futbol klubunun oyunçusu Deklan Rays-ı 6 aylığına sürücülük hüququndan məhrum ediblər, üstəlik bizim pulla 5 min manat cərimə yazıblar. Rays-ın rəisə rast olmağının (sözbazlığa görə oxuculardan üzr istəyirəm, ancaq çağdaş söz sənətimizin əsas xətti sözoynadanlıqdır) səbəbi isə...  48 km.saatlıq yolda maşını 60-la sürməyi imiş. Bir dəfə də 64 km.saat icazəli yolda sürəti 79-a qaldırıbmış. 

Dəhşətdir. Bu xəbəri lüks avtomobilləriylə küçələrdə ralliyə çıxan, vurduqları qollarla deyil, vurduqları süpürgəçi qarılarla məşhurlaşan milli futbolçularımız oxusalar gülməkdən qarınları cırılar. Ancaq xoşbəxtlikdən bunlar adətən hərf tanımır. 

Həftənin aktual iqtisadi məsələsi isə yenə Azərbaycan Yazıçılar Birliyində üzə çıxdı. Adətən orda bədii əsərləri yox, kimə ev verilib, kim ikinci dəfə ev alıb, niyə filankəsin katibəsinə pensiya kəsildi, nədən Natəvan klubunda diskoteka açmırıq tipli mövzuları müzakirə edirlər. İndiki tema isə üzvlük haqqının yığılmasında yaranan çətinliklər idi. İldə 15 manat imiş, ancaq yazıçılar bunu vermirmiş.

Keçən il AYB sədrinin baş müşaviri birliyin 3000-ə yaxın üzvü olmasını açıqlamışdı. Deməli, bunların hamısı üzvlük haqqını versə, ildə 45 min manat edər. Min bərəkət, yaxşı puldur. Ancaq 3000 yazıçı rəqəmi özü pripiskaya oxşayır. Çünki 2014-cü ildə idarənin, yəni, AYB-nin öz informasiyasına görə 1643 üzv var idi, onlardan vəsiqəsi olanların sayı isə hətta daha az, 650 nəfər idi. Nə baş verib ki, Azərbaycanda yazıçıların sayı 11 ildə 1357 nəfər artmışdır? 

Xalqımızı belə kütləvi ilhama gətirən səbəbi tapmaq lazımdır. Mənim ehtimalıma görə orada yazıçı vəsiqəsi satan gizli laboratoriya fəaliyyət göstərir. Məqsəd həm də saxta üzvlər vasitəsiylə Anar müəllimin kreslosunu laxlatmaq, onu yıxıb yerinə keçmək ola bilər. 

Ta keçib, yazını növbəti səydəş xəbərlə davam etdirək, onsuz həftə sonudur, normal, adam balası kimi xəbərləri tapmaq çox çətindir. Biabırçılığı ilə adətən kosmosa yüksələn bir telekanalımızdakı debil aparıcı növbəti quş buraxıb, rayondan gəlib Bakıda oxuyan qızları “gecə quşu” adlandırıb. Teleradio şurası da, deyəsən buna görə qəzəblənib, kanala 3 saatlıq yayım qadağası qoyub. Guya həmin 3 saat bitən kimi efirdə güllər açılacaqmış. 

Mənə bu tipli diskussiyalarda həmişə gülməli gələn camaatı özündən çıxaranlar deyil, camaatın özündən çıxmaq səbəbləri olur. Rəhmətliyin uşağı, qoyasan elə “bizim rayon”, “şəhərli-kəndli”, “qadın-kişi”, “ateist-molla” tipli sroku sivil dünyada çoxdan keçmiş xarab-xurab mövzulara görə narahat olsunlar. Rayonlar bom-boşdur, amma hamı nəsə rayon dərdi çəkir. Ərəblərin Yeni ildə atdığı fişənglərin işığını Aldebaran ulduzunda yaşayan yeddi qulaqlı yaşılbaş uzaylılar müşahidə edir, ancaq Türkiyə, Azərbaycan kimi yerlərdə yolka bəzəyənlərə “kafir” deyirlər.

Yazını da Amil Xəlilə əsəbləşən camaat üçün bir hədislə bitirək, maraqlı olsun: “Bir gün qurd və eşşək çəmənliyin rəngi üstündə mübahisə eləyir. Qurd deyir çəmən yaşıldır, eşşək deyir, xeyr, qırmızıdır. Söhbət çatır aslana, o isə qərar verir ki, qurda 15 sutka həbs cəzası kəsilsin, eşşək də azadlığa buraxılsın. Qurd cəzasını çəkir, gəlir qəbula, deyir, şah sağ olsun, məni niyə belə cəzalandırdın, doğrudanmı sən də çəmənliyin qırmızı olduğunu fikirləşirsən. Aslan deyir: “Yox, mən bilirəm çəmən yaşıldır. Səni eşşəklə mübahisə elədiyin üçün cəzalandırdım”.  

Bax, çəmənlik əldən gedib, onu fikirləşmək lazımdır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR