“Ceffri Epşteyn işi ilə bağlı yeni üzə çıxan sənədlər ABŞ prezidenti Donald Trampın bu qalmaqal barədə guya heç nə bilmədiyi iddiasını ciddi şəkildə şübhə altına alır”.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalının yaydığı materialda deyilir.
Son həftələrdə açıqlanan milyonlarla səhifəlik materiallar Tramp administrasiyasının əvvəl verdiyi bəyanatlarla dəfələrlə ziddiyyət təşkil edib. Hakimiyyət əvvəlcə sənədlərin tam şəkildə yayımlanacağını vəd etsə də, sonradan bu qərardan geri çəkilmiş, yalnız Konqresin təzyiqindən sonra onların bir hissəsini açıqlamışdı. Yeni məlumatlar Trampın və baş prokuror Pam Bondi daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərin əvvəlki açıqlamalarını faktiki olaraq təkzib edir.
Tramp 2019-cu ildə Epşteynin azyaşlı qızlara qarşı törətdiyi cinayətlərdən xəbəri olmadığını iddia edərək “Heç nə bilmirdim” demişdi. O, həmçinin Epşteynin ətrafında baş verənlərdən məlumatsız olduğunu vurğulayıb. Lakin sonradan üzə çıxan sənədlər göstərir ki, Tramp 2000-ci illərin ortalarında polisə Epşteynin saxlanılmasından məmnun olduğunu bildirərək “hamı onun bunu etdiyini bilirdi” ifadəsini işlədib. Bu məlumat 2019-cu ildə FTB-nin Palm-Biç polis rəhbərliyi ilə apardığı müsahibələrdə qeydə alınıb. Həmin sənədlərdə Trampın Epşteyn və yeniyetmələrlə bir arada olduğu bir mühitdən “tezliklə uzaqlaşdığını” söylədiyi də qeyd olunur. Bundan əlavə, Epşteynlə bağlı istintaq başlayanda hüquq-mühafizə orqanlarına ilk zəng edən şəxslərdən birinin məhz Donald Tramp olduğu bildirilir.
Ağ Ev isə bu məlumatlara ehtiyatla yanaşaraq həmin zəngin olub-olmadığını təsdiqləməyib. Rəsmi mövqeyə görə, əgər belə bir zəng olubsa, bu, Trampın Epşteynlə münasibətləri erkən dövrdə kəsməsi ilə bağlı əvvəlki sözlərini təsdiqləyə bilər. Bununla belə, Trampın Epşteyni niyə “iyrənc adam” adlandırdığı indiyədək rəsmi şəkildə izah olunmayıb və bu məsələ cəmiyyətdə əlavə suallar doğurur.
Konqres üzvlərinin redaktə olunmamış sənədlərlə tanış olmasından sonra isə yeni mübahisələr ortaya çıxıb. Bir sıra deputatlar bəzi şəxslərin adlarının məqsədli şəkildə gizlədildiyini iddia ediblər. Onların fikrincə, bu sənədlərdə mümkün “şəriklər” və ya Epşteynlə əlaqəli şəxslər barədə məlumatlar tam açılmayıb. Əvvəllər Ədliyyə Nazirliyi yalnız qadın qurbanların adlarının gizlədildiyini bildirsə də, sonradan bəzi kişilərin adlarının da ört-basdır edildiyi məlum olub. Bu isə administrasiyanın əvvəlki açıqlamalarını şübhə altına salıb.
Digər diqqətçəkən məqam Trampın adının sənədlərdə neçə dəfə çəkilməsi ilə bağlıdır. Rəsmi şəxslər onun adının yüz dəfədən az hallandığını bildirmişdi. Lakin mediada aparılan araşdırmalar göstərir ki, Trampın adı min dəfədən çox sənəddə yer alır. Bu fakt da rəsmi ifadələrlə real məlumatlar arasındakı fərqi üzə çıxarır.
Eyni zamanda Tramp administrasiyasının digər üzvləri də bu qalmaqalda ziddiyyətli mövqelərlə gündəmə gəlib. Ticarət naziri Hovard Lütnik əvvəllər Epşteynlə əlaqəni 2005-ci ildən sonra kəsdiyini desə də, sənədlər onun sonrakı illərdə də Epşteynlə görüşməyə çalışdığını və 2012-ci ildə ailəsi ilə onun adasında olduğunu göstərir. Bu faktlar Konqresdə və siyasi dairələrdə narazılıq doğurub.
Ümumilikdə, yeni Epşteyn sənədləri Tramp administrasiyasının bu qalmaqalla bağlı verdiyi bir çox açıqlamanın ya natamam, ya da həqiqətə uyğun olmadığını ortaya qoyur. “Heç nə bilmirdim” iddiaları, gizlədilən adlar və sənədlərlə ziddiyyət təşkil edən bəyanatlar fonunda ictimaiyyətin sualları daha da artır. Ekspertlərin fikrincə, bu materiallar ABŞ-də siyasi etimada ciddi zərbə vuraraq növbəti böyük etimad böhranının əsasını qoya bilər.
Musavat.com






