Rus ordusunun bu “irəliləyiş”ini hərbi ekspertlər necə qiymətləndirir...
Berlin “Sidewinder” raketlərini Ukraynaya təhvil verməyi planlaşdırır. Ukrayna mediasının məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, yeni silahlar ölkənin hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək. Nazir həmçinin qeyd edib ki, Berlin Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib, xüsusən də iki Patriot sistemi və doqquz IRIS-T anti-ballistik raket sistemi bağışlayıb. “Gələn il Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün ehtiyatlarımızdan çox sayda Sidewinder raketi verəcəyik”, - deyə Pistorius əlavə edib. Ukrayna mediası yazıb ki, bunlar hava-hava tipli raketləridir. Onlar helikopterlərdən və ya qırıcı təyyarələrdən Rusiya təyyarələrinə və dronlarına qarşı istifadə oluna bilər. Ukrayna artıq döyüş meydanında onlardan istifadə təcrübəsi əldə edib və əvvəllər ABŞ-dan “Sidewinder” raketləri alıb. Daha sonra ukraynalı mütəxəssislər əvvəlcə F-16 qırıcıları üçün nəzərdə tutulmuş bu raketləri Ukrayna hava hücumundan müdafiəsinin ehtiyacları üçün yer-hava raketlərinə çeviriblər... Bu arada məlum olub ki, 2025-ci ildə Rusiya Ukraynanın cəmi 4400 kv.km ərazisini ələ keçirə bilib. Bu haqda “Bild” nəşrinin analitiki Yulian Röpke məlumat verib (Axar.az). “2025-ci ildə bu ”uğur" uğrunda təxminən 100 min rus ölüb. Rusiya 2025-ci ildəki kimi “uğurlu” davranmağa davam etsə belə, Kremlin ordusuna Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələri üzərində nəzarəti ələ keçirmək üçün ən azı dörd il vaxt lazım olacaq. Bu arada Rusiya iqtisadiyyatı kütləvi inflyasiya və əlçatmaz əsas faiz dərəcələri səbəbindən getdikcə zəifləyir. Rusiyanın Ukraynada yeganə sürətli qələbə ümidi Kiyevi qoşunlarını vacib ərazilərdən könüllü olaraq geri çəkməyə məcbur etmək üçün Tramp administrasiyası ilə birgə səy göstərməkdir", - Röpke bildirib. 4400 kv km keçmiş DQMV-ni inzibati ərazisinə bərabərdir. Azərbaycanlı hərbi ekspertlər bu “uğuru” necə qiymətləndirir? Rusiya rəhbərliyi üçün öz insanlarının həyatı niyə bunca ucuzlaşıb?

Kamran Məmmədli
Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, 4400 kvadrat kilometr kağız üzərində irəliləyiş kimi görünə bilər. Amma bu rəqəmi real ölçü vahidinə çevirəndə mənzərə dəyişir: “Söhbət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə bərabər bir sahədən gedir. Bu ”irəliləyiş"in qiyməti isə təxminən 100 min insanın həyatıdır. Bu artıq hərbi uğur deyil, dövlətin öz vətəndaşına münasibətinin göstəricisidir. Rusiya Ukraynada müharibə aparmır, klassik imperiya davranışı sərgiləyir. İmperiyalar üçün ərazi məqsəddir, insan isə alətdir. Kreml XXI əsrin müharibəsini XX əsrin metodları ilə aparmağa çalışır. Texnologiyada, iqtisadi dayanıqlıqda və beynəlxalq legitimlikdə uduzan Rusiya canlı qüvvə itkisini əsas resursa çevirib. Bu, güc deyil, zəifliyin etirafıdır".
Siyasi şərhçi deyib ki, bu müharibədə Rusiya rəhbərliyi üçün ən ucuz resurs insan həyatıdır: “Çünki dövlətlə vətəndaş arasında real sosial müqavilə yoxdur. Vətəndaşa rifah və təhlükəsizlik yox, ”tarixi missiya" satılır. Ölüm qəhrəmanlıq, itki statistika, məğlubiyyət isə “strateji səbir” adı altında gizlədilir. Dövlət yaşamaq üçün vətəndaşa yox, vətəndaş ölmək üçün dövlətə lazımdır. 4400 kvadrat kilometrin Qarabağla müqayisəsi xüsusilə ibrətamizdir. Azərbaycan eyni ölçüdə ərazini uzun illər davam edən diplomatik, hüquqi və hərbi hazırlıq nəticəsində, qısa və həlledici mərhələdə geri qaytardı. Rusiya isə eyni ölçü üçün on minlərlə insanını itirir və buna baxmayaraq, nəticəni “uğur” kimi təqdim edir. Bu, hərbi deyil, idarəçilik fiaskosudur".
Siyasi şərhçi bildirib ki, əgər Rusiya bu tempdə “irəliləməyə” davam edərsə, qarşıdakı illərdə nəinki Ukraynada həlledici nəticə əldə edəcək, əksinə, öz demoqrafik, iqtisadi və sosial dayaqlarını daha da zəiflədəcək: “Bu müharibə Rusiyaya torpaq yox, yalnız boşalan kəndlər, şəhərlər və artan tabut sıraları gətirir. Tarix bu müharibəni xəritə üzərindən yox, insan itkisi üzərindən qiymətləndirəcək. O zaman açıq görünəcək ki, Rusiya Ukraynada ərazi qazanmaq planına öz gələcəyini qurban verib.

Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, 2025-ci il üzrə açıqlanan rəqəmlər Rusiyanın Ukrayna müharibəsində real hərbi mənzərəsini aydın göstərir: “İl ərzində cəmi 4400 kvadrat kilometr ərazinin ələ keçirilməsi operativ baxımdan məhdud, strateji baxımdan isə nəticəsiz irəliləyişdir. Bu ölçü keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə bərabərdir və bu qədər sahə üçün təxminən 100 min canlı qüvvə itkisi müasir müharibə standartları ilə qəbuledilməzdir”.
Hərbi ekspert bildirib ki, burada əsas məsələ itkilərin miqdarı deyil, onların hansı hərbi nəticə verdiyidir: “Rusiya ordusu hücum əməliyyatlarını əsasən piyadanın kütləvi tətbiqi üzərində qurur. Zirehli texnika, aviasiya və yüksək dəqiqlikli silahların rolu getdikcə azalır. Bu isə göstərir ki, Rusiya ordusu kompleks birgə əməliyyatlar aparmaq imkanlarını böyük ölçüdə itirib və müharibəni ”tükəndirmə strategiyası" ilə davam etdirməyə məcburdur. 100 minə yaxın itki Rusiyanın canlı qüvvə ehtiyatlarını ciddi şəkildə zəiflədir. Səfərbərlik resursu kağız üzərində geniş görünsə də, real döyüş qabiliyyətinə malik şəxslərin sayı azalır. Təcrübəsiz şəxslərin sürətlə cəbhəyə göndərilməsi isə döyüş meydanında effektivliyi aşağı salır və itkiləri daha da artırır. Bu, qapalı dövr yaradır".
Hərbi ekspertin qeyd edir ki, 4400 kvadrat kilometrin Qarabağ ölçüsü ilə müqayisəsi hərbi baxımdan da maraqlıdır: “Azərbaycan eyni ölçüdə ərazidə əməliyyatları hava üstünlüyü, pilotsuz sistemlər, kəşfiyyat və dəqiq zərbələr üzərində qurdu. Rusiya isə Ukraynada hava üstünlüyü əldə edə bilmədiyi üçün əsas yükü canlı qüvvənin üzərinə qoyur. Nəticədə irəliləyiş yavaşdır, itkilər isə maksimumdur. Əgər Rusiya bu tempdə hücum əməliyyatlarını davam etdirərsə, Donetsk, Luqansk, Zaporojye və Xerson istiqamətlərində operativ məqsədlərə çatmaq üçün illər tələb olunacaq. Bu müddət ərzində iqtisadi, texniki və insan resurslarının tükənməsi labüddür. Müasir müharibədə belə bir model uzunmüddətli perspektivdə davamlı deyil. Nəticə etibarilə, 4400 kvadrat kilometrlik irəliləyiş hərbi uğur kimi təqdim oluna bilməz. Bu, taktiki səviyyədə əldə edilmiş, lakin strateji baxımdan çıxılmaz vəziyyət yaradan nəticədir. Rusiya Ukraynada ərazi qazanmır - resurslarını itirir. Müharibənin gedişi göstərir ki, bu strategiya nə cəbhədə, nə də arxa cəbhədə qələbə gətirə bilməz”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






