Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, rayon polis şöbəsinə Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasimi keçirilməsi barədə məlumat daxil olandan sonra mərasimin qarşısı polis əməkdaşları tərəfindən alınıb və valideynlər yerli polis bölməsinə çağırılıb. Onlarla profilaktik söhbətlər aparılıb, qanuni tələblər izah edilib və inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə valideynlərdən biri bir ay müddətinə inzibati həbs edilib.
Məktəbli N.Əsgərova bildirib ki, imkansızlıqdan təhsilinə davam edə bilməyib: “Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur”.

Bəs niyə qanunların sərtləşdirilməsindən sonra da ölkədə belə hallar azalmır? Məktəbli qızları erkən evlilik rəzalətindən necə qorumalı?
Mövzu ilə bağlı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “İlk növbədə ölkə üzrə həm şəhər, həm də xüsusilə kənd məktəblərində genişmiqyaslı və davamlı monitorinqlər aparılmalıdır. Bu monitorinqlər formal yox, real vəziyyəti üzə çıxaran mexanizm olmalıdır. Çünki statistik olaraq qız uşaqlarının adları məktəb sənədlərində yer alsa da, faktiki davamiyyətlə sənədlər arasında ciddi uyğunsuzluq mövcuddur. Xüsusən də kənd məktəblərində 3-cü sinifdən sonra qızların adı sinif jurnallarında qalır, amma özləri məktəbə gəlmir. Bu, artıq sistemli bir problemdir və təsadüfi hal deyil.
Bu problemin başlanğıcı yalnız ailədən yox, birbaşa məktəbdən başlayır. Məktəb rəhbərliyi, müəllimlər və yerli təhsil strukturları qız uşaqlarının davamiyyətinə real nəzarət etməlidir. Valideynlərlə formal yox, ciddi və nəticəyönümlü iş aparılmalıdır. Niyə qızlar məktəbə buraxılmır? Hansı düşüncə tərzi ailələri buna sövq edir? Bu suallar cavabsız qaldıqca problem dərinləşir.
Sovet dövrünə münasibət birmənalı olmasa da, obyektiv etiraf etmək lazımdır ki, həmin illərdə qızların təhsildən kənarda qalması məktəb daxilində ciddi nəzarət mexanizmləri ilə qarşısı alınırdı. Məktəb yalnız tədris yox, həm də sosial nəzarət funksiyasını yerinə yetirirdi. Bu gün isə bu funksiyanı icra edən institusional mexanizm demək olar ki, yoxdur. Halbuki müasir dövrdə də elə bir qurum və ya sistem yaradılmalıdır ki, qız uşaqlarının ən azı 9-cu sinfə qədər məcburi təhsili real şəkildə təmin olunsun".
![]()
Novella Cəfəroğlu
Novella Cəfəroğlu qeyd edib ki, məsələ yalnız qanunla həll edilmir, bu istiqamətdə geniş maarifləndirmə və təbliğat işi aparılmalıdır: “Qızların 9-cu sinfi bitirməsinin vacibliyi ailələrə davamlı şəkildə izah edilməlidir. Daha sonra isə alternativ yollar göstərilməlidir: kim peşə təhsili ala bilər, kim kollecə daxil ola bilər. Ailələr bilməlidir ki, qızın təhsili onun ailədən uzaqlaşması deyil, əksinə, ailənin sosial və iqtisadi güclənməsidir.
Bu təbliğat mətbuatda, televiziya kanallarında, sosial mediada, rayon və kənd icmaları ilə birbaşa görüşlər vasitəsilə aparılmalıdır. QHT-lər, ictimai fəallar, psixoloqlar, pedaqoqlar rayonlara getməli, yerli camaatla açıq söhbətlər etməlidir. Çünki problem qanunda yox, şüurda və düşüncə tərzindədir. Beyində dəyişiklik baş verməsə, heç bir qərar işləməyəcək".
Hüquq müdafiəçisinin fikrincə, digər mühüm məsələ ali təhsillə bağlıdır: “Vaxtilə universitetlərin yataqxanaları mövcud idi və qızlar təhlükəsiz, nəzarətli şəraitdə təhsil ala bilirdilər. Bu gün isə bir çox ailənin qızını böyük şəhərə oxumağa göndərməyə maddi imkanı yoxdur. Kirayə evlərin baha olması, nəzarətsiz mühit qorxusu ailələri narahat edir. Məhz buna görə də ailələr "qız oxusa da, problem olacaq" düşüncəsi ilə təhsilə qarşı çıxırlar.
Əgər yataqxanalar yenidən geniş şəkildə fəaliyyət göstərsə, həm təhlükəsizlik, həm də nəzarət baxımından ailələrin etimadı artar. Çünki yataqxanalarda nəzarət sistemi mövcud idi, halbuki kirayə evlərdə bu nəzarət yoxdur və bu da ailələrin qorxularını artırır. Nəticədə ailə düşünür ki, qız evdə qalsa daha "təhlükəsizdir"".
Bütün bu xırda görünən, amma əslində bir-birini tamamlayan amillər qızların təhsildən uzaqlaşdırılmasına, erkən nişanlanmasına və 14-15 yaşlarında ailə qurmağa məcbur edilməsinə gətirib çıxarır. Ailə qızı yük kimi görməyə başlayır, onun təhsil almasını yox, tez ərə getməsini çıxış yolu hesab edir. Məhz buna görə də erkən nikahlar bitmir. Beləliklə, hesab edirəm ki, erkən nikahın və qızların təhsildən kənarda qalmasının qarşısını almaq üçün cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Qanun, nəzarət, maarifləndirmə, sosial dəstək və infrastruktur paralel şəkildə işləməlidir".

Ramil Süleymanov
Hüquqşünas Ramil Süleymanov isə qeyd edib: “Əgər bir halda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, daxili işlər orqanlarının, hətta yerli icra və idarəetmə strukturlarının bu məsələlərdə gücü çatmırsa, deməli, əsas problem maarifləndirmənin lazımi səviyyədə aparılmamasıdır.
Əgər dövlət bu insanların maarifləndirilməsini sistemli və effektiv aparat kimi təşkil edə bilmirsə, bu halda estafeti qeyri-hökumət təşkilatlarına verməlidir. Lakin burada sırf “layihə xatirinə layihə” prinsipi ilə hazırlanmış, real təsir gücü və effektivliyi aşağı olan təşəbbüslərdən söhbət gedə bilməz. Söhbət konkret nəticələrə hesablanmış, ölçülə bilən və real dəyişiklik yaradan işlərdən gedir.
Bu sahədə ciddi şəkildə fəaliyyət göstərilməli, həm kütləvi informasiya vasitələrində, həm də özəl reklam yayımı ilə məşğul olan yerüstü reklam şirkətləri ilə əməkdaşlıq qurulmalıdır. Dövlət bu prosesdə mütləq şəkildə müəyyən güzəştlər etməli, yaxud güzəştli şərtlərlə reklam panolarını sosial maarifləndirmə məqsədilə istifadəyə verməlidir. Eyni zamanda KİV-lərə, o cümlədən internet resurslarına bu istiqamətdə konkret və məqsədli ödənişlər ayrılmalıdır.
Bununla paralel olaraq qanunvericilik bazasının kifayət qədər sərtləşdirilməsi də qaçılmaz tədbirlərdən biridir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”






