İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir rayonda kanalizasiya böhranı: Rəsmi CAVAB

1141 04.02.2026 13:18 Sosial A A

“Hazırda tullantı su təchizatı xidməti göstərilən əhali 50 faiz təşkil edir. Bu səbəblə Bakı şəhəri və Abşeron rayonunun müəyyən ərazilərində Xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil”.

Bunu Suraxanı rayonu, 28-ci Qaraçuxur küçəsi ilə 29-cu Qaraçuxur küçəsinin kəsişməsində kanalizasiya sularının toplanması ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd edilib ki, şəhər ərazisində mövcud olan su təchizatı və kanalizasiya sistemlərinin bəzilərinin istismar müddəti artıq başa çatıb:

“Bütün bunları nəzərə alaraq mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə yeni infrastruktur layihələr hazırlanıb.

Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində, həmçinin qeyd olunan ərazidə tullantı su şəbəkəsinin qurulması və təkmilləşdirilməsi tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Qəsəbə sakinləri Musavat.com-a bildirmişdi ki, Suraxanı rayonu, 28-ci Qaraçuxur küçəsi ilə 29-cu Qaraçuxur küçəsinin kəsişməsi olan ərazidə kanalizasiya sistemi 80-ci illərdə çəkilib:

“O zaman əhali sayı, tikililərin, məktəblərin, marketlərin, fərdi evlərin sayı indiki qədər çox deyildi. İndi isə əhali artıb, yeni tikililər də çoxalıb. Bütün kanalizasiya və Günəşli də daxil olmaqla ətraf ərazilərin yağış suları bura axır. Ən bərbad vəziyyət də işıq dirəyinin yanındadır. Artıq borular yağış sularını saxlaya bilmir, burada əməlli-başlı göl yaranır. Biz yığışıb bu suların qarşısını almaq üçün müəyyən tədbirlər görmüşük, amma bu, yetərli deyil. Bütün suların buradan keçməsi, gölməçə yaratması və üstəlik, elektrik xətlərinin burada olması olduqca təhlükəli vəziyyətdir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR