İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan sensasion açıqlama: “Ramiz Mehdiyev də bu reallığı yaxşı bilirdi”

1416 12.02.2026 20:22 Siyasət A A

Dövlət Təhlükəsizlik Xidmətinin Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə bu gün yaydığı məlumat gündəmə bomba kimi düşdü. Bu məlumatlar sırasında əsas diqqətçəkən məqamlardan biri “rus-NATO”su kimi qəbul olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Belə məlum olur ki, AXCP sədri Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı bu quruma üzvü edəcəkdi.

Qeyd olunub ki, hazırda Fransada yaşayan Qənimət Zahidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib.

Üzə çıxan bu məlumatlardan sonra ictimai qınaqlar daha da artıb. Azərbaycan tərəfinin Rusiyaya bağlı təşkilatlarla əlaqədar mövqeyi məlumdur. Heç birinə qoşulmur, eyni zamanda, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının üzvüdür. Əgər KTMT-yə qoşulmuş olsaydıq, məlumdur ki, ərazi bütövlüyümüzü tam şəkildə təmin edə bilməyəcəkdik...

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məsələ ilə bağlı Musavat.com-a sərt danışıb:

“Bildiyiniz kimi, Mehdiyevin Rusiya ilə bağları, AXCP-nin isə çirkin maraqlar naminə Mehdiyevin siyasi ortağı, daha dəqiq desək, əl buyruqçusuna çevirdiyi dəstə olması heç kimdə şübhə doğurmur. Sirr deyil ki, Azərbaycanda işğal və separatizm faktoru bir çox güclər üçün uzun bir dövr ərzində ölkəmizə münasibətdə etibarlı təsir rıçaqı rolunu oynayıb. Cənab prezident İlham Əliyevin müzəffər liderliyində qələbə və separatizmə son qoyulması, bu mənada bütün mümkün kənar təsir elementlərini sıradan çıxarmış oldu. Belə bir məqamda şimal qonşumuzun Azərbaycan üzərində hərbi-siyasi təsir qura biləcəyi yeganə variant  KTMT-yə üzvlük ola bilərdi. Uzun bir dövr ərzində özü şəxsən və çətiri altında fəaliyyət göstərən "mitinq müxalifəti" vasitəsilə Şimala xidmət təcrübəsinə malik Mehdiyev də, şübhəsiz ki, bu reallığı yaxşı bilirdi. Bu mənada, sövdələşmələrin bu istiqamətdə cərəyan etməsi, daha dəqiq desək, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşma təsadüf hesab edilə bilməz. Görünən odur ki, Mehdiyev də, Kərimli də hakimiyyət ehtirasları naminə ümumi niyyət ifadəsi ilə kifayətlənməmiş, Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar üzrə vəd vermişlər”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR