Rusiya Dövlət Dumasında aparılan araşdırmanın nəticələrinə əsasən, 15 deputat köməkçisi işdən azad edilib.
Musavat.com xəbər verir ki, yoxlamaya səbəb Dumanın binasında keçirilən dəyirmi masalarda iştirakın pulla satılması ilə bağlı məlumatlar olub.
Ən çox ixtisar Andrey Svintsovun (LDPR) komandasında aparılıb: ictimai əsaslarla çalışan 12 köməkçinin səlahiyyətlərinə xitam verilib. Bundan başqa, Kaplan Paneş, Roza Çemeris və NOD-un koordinatoru Yevgeni Fedorovun hər birinin bir köməkçisi işdən çıxarılıb.
Roza Çemeris RBC-yə bildirib ki, köməkçilərindən birini özü azad edib, lakin onların dəyirmi masalara kənar şəxsləri dəvət etmədiklərini, bunun Fedorovun köməkçilərinin xahişi olduğunu deyib.
Andrey Svintsov da köməkçilərlə yolların ayrıldığını təsdiqləyib, amma bunun pullu tədbirlərlə bağlı olmadığını, qeyri-ştat əməkdaşların planlı rotasiyası çərçivəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, bu vəzifədə adətən məhdud müddət işləyirlər.
Yevgeni Fedorov isə dəyirmi masa qalmaqalına görə köməkçiləri işdən çıxarmadığını, sadəcə əvvəllər faktiki işləməyən qeyri-ştat əməkdaşları siyahıdan çıxardığını deyib.
Dövlət Dumasında “kimsənin dəyirmi masaları satdığı” barədə ilk dəfə dekabrın 15-də “Yeni insanlar” fraksiyasından deputat Sardana Avksentyeva açıqlama verib. Onun sözlərinə görə, kommersiya qurumlarının, o cümlədən “World Entrepreneurs Alliance” (WEA) assosiasiyasının deputatların iştirakı ilə keçirilən tədbirləri pullu əsaslarla təşkil etməsi halları barədə məlumat əldə edib. Avksentyeva bildirib ki, bu cür tədbirə dair məlumatı psixoloqların peşəkar icmasının işçi çatlarından birində görüb.
Psixoloji fəaliyyət məsələlərinə həsr olunmuş Duma dəyirmi masasına dəvətdə qiymətlər də göstərilib: “spiker” kimi iştirak 70 min rubl, çıxışsız iştirak isə 50 min rubl olaraq qeyd olunub.
Dekabrın 17-də Dövlət Dumasının sədri Vyaçeslav Volodin plenar iclasın qapalı hissəsində yoxlamaya başlandığını açıqlayıb.
Musavat.com






