Azərbaycan və Ermənistan rəhbərlikləri sülhə doğru irəliləmək qərarı veriblər.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib.
O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir. Hikmət Hacıyev “iki ölkə arasında münaqişə fəslinin başa çatdığını” vurğulayıb.
![]()
Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Ermənistanla sülh prosesinin qlobal münaqişələr və müharibələr kontekstində real uğur nümunəsi olmasının bir neçə əsas səbəbi var:
“Müasir dünyada münaqişələrin çoxu ya davam edir, ya da dondurulur, həll olunmur. Ukrayna-Rusiya, Yaxın Şərq, Sudan, Suriya, Sahilyanı, Tayvan boğazı və digər regionlarda münaqişələr davam edir və yaxın perspektivdə həll perspektivi zəif görünür. Bu fon qarşısında Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülhə real nail olma beynəlxalq miqyasda nadir uğur kimi qiymətləndirilir. 30 illik münaqişənin tam həll mərhələsinə keçməsi dünya üçün bir nümunədir. 2020-ci ildə 30 illik münaqişənin hərbi fazasının bitməsi, 2023-cü ildə separatizmin tam aradan qaldırılması, 2024–2025-ci illərdə sülh sazişi üzrə konkret mətn üzərində vasitəçilər olmadan danışıqlar, sülh müqaviləsi layihəsinin paraflanması kimi sistemli proses müasir geosiyasətdə çox dinamik və effektiv həll mexanizmi sayılır”.
Politoloq deyib ki, regionda böyük dövlətlərin maraqları toqquşduğu halda sülhün mümkün olmasını bir çoxları mümkünsüz hesab edirdi:
“Lakin Azərbaycanın iradəsi, sülh gündəliyi yaratması, Ermənistanın nəhayət konstruktiv xətt götürməyə başlaması mümkünsüzü mümkün edir. Dünya bu prosesə şahidlik etməkdədir. Cənubi Qafqazda Rusiya, Türkiyə, İran, ABŞ, Avropa İttifaqı kimi oyunçuların maraqları kəsişir. Bu qədər fərqli geosiyasi gücün iştirak etdiyi regionda iki dövlətin sülh sazişinə yaxınlaşması beynəlxalq səviyyədə müsbət presedentdir və uğurdur.
Sülh prosesi enerji və nəqliyyat xəritələrini sabitləşdirir, regional layihələrin açılmasına şərait yaradır. Dünyanın bir çox siyasi analitikləri və diplomatları Qarabağ münaqişəsinin həllində iki əsas uğur nümunəsi qeyd edirlər. Birincisi, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünün bərpasını, ikincisi, post-müharibə mərhələsində sülh diplomatiyasının qurulmasını. Bu, hazırda dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr fonunda praktiki model kimi təqdim olunur. Bu proses həm region, həm də beynəlxalq sistem üçün uğurlu presedent hesab olunur”.
Etibar Seyidağa,
Musavat.com






