İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putini BUNA görə təriflədi – Bakıdan REAKSİYA

933 20.02.2026 14:44 Ölkə A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın demoqrafik siyasətinin dünyada ən dinamik və ən səmərəli siyasətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, ailə və demoqrafik məsələlər mürəkkəb olaraq qalır, lakin Ankara onları prioritet hesab edir. Türkiyə lideri qeyd edib ki, ölkə artıq bu sahədə Rusiyanın səviyyəsinə çatmaqdadır.

Ərdoğan Rusiyanın əhalinin artım tempini qorumaq və ailə institutunu dəstəkləmək üçün çalışdığını və doğum nisbətini stimullaşdırmaq üçün tədbirlər hazırladığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, əhalinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Türkiyə də bu istiqamətdə mühüm addımlar atır. O, ailənin Türkiyə cəmiyyətinin təməli kimi əsas rolunu və demoqrafik strukturu qorumaq üçün yüksək hazırlıq rejiminə keçməyə çağırıb.
Ölkə prezidenti yekun olaraq bildirib ki, Türkiyə hakimiyyəti ailələri və anaları dəstəkləmək, eləcə də demoqrafik azalma qarşısında doğum nisbətini stimullaşdırmaq üçün əlavə tədbirlər hazırlamaq niyyətindədir...

Bəs əhalisi azalmaqda olan Rusiyanın ailə və demoqrafiya bağlı hansı proqressiv qərarlarından söhbət gedir ki, Ərdoğan onları yüksək qiymətləndirir? Azərbaycanda bu sahədə vəziyyət necədir?

İntiharla necə rəftar etməli?!

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, Rusiyanın hazırkı demoqrafik təşviq siyasəti uğurlu model sayıla bilməz:

“Ümumiyyətlə, müşahidə edirik ki, Rusiya-Ukrayna müharibəsində on minlərlə insan itkisi baş verib. Cəbhədə Rusiyanın çox böyük itkilərlə üzləşdiyi artıq açıq şəkildə görünür. Bu vəziyyət fonunda Rusiya həm icazəli, həm də mübahisəli vasitələrdən istifadə etməklə demoqrafik artımı təşviq etməyə çalışır. Bu təşviq bir tərəfdən miqrant axını hesabına, digər tərəfdən isə həvəsləndirici və motivasiyaedici sosial tədbirlər vasitəsilə həyata keçirilir. Hətta Dövlət Dumasının bəzi deputatları qadınlara açıq çağırış edərək bildirirlər ki, ailə quran kimi uşaq dünyaya gətirsinlər. Müxtəlif müavinətlər, sosial ödənişlər və stimullaşdırıcı proqramlar tətbiq olunur ki, yeni doğulan uşaqların sayı artsın. Çünki Rusiya əhalisi son illərdə ciddi itkilərlə üzləşib: gənclər müharibədə həyatını itirir, yaşlı nəslin payı artır və bu da dövlət üçün əlavə sosial-maliyyə yükü deməkdir.

Lakin cəmiyyətdə bu çağırışlara etiraz edən qadınlar da var. Onlar açıq şəkildə sual edirlər: “Biz ona görə uşaq dünyaya gətirməliyik ki, sabah gedib müharibədə həlak olsun?” Bu sual əslində cəmiyyətdəki dərin narahatlığı ifadə edir. Bu yaxınlarda rus ideoloqu Duqin çıxışında bildirib ki, Rusiya təkcə bu günün deyil, 10 il sonranın da müharibəsinə hazır olmalıdır və bunun üçün demoqrafik təşviq siyasəti gücləndirilməlidir. Onun fikrincə, elə bir mühit yaradılmalıdır ki, insanlar evdə oturmaqdansa müharibəyə getməyi daha üstün seçim hesab etsinlər. Bu yanaşma cəmiyyətdə ciddi müzakirələr doğurur. Çünki güclənən hərbi siyasət fonunda bir çox gənclər əksinə, uşaq sahibi olmağı deyil, Rusiyanı tərk etməyi düşünür.

Beləliklə, hesab edirəm ki, Rusiyanın hazırkı demoqrafik təşviq siyasəti uğurlu model sayıla bilməz. Çünki ölkədə demoqrafik baxımdan struktur böhran, hətta müəyyən mənada həndəsi azalma tendensiyası müşahidə olunur. Sosial təşviqlər hərbi ritorika ilə paralel getdikdə cəmiyyətdə inam formalaşdırmaq çətinləşir”.

Sosioloq Türkiyənin demoqrafik siyasətini isə daha çox təqdir etdiyini bildirib:

“Baxmayaraq ki, Türkiyənin əhalisi artıq 86 milyonu keçib, Prezident yenə də demoqrafik artımı strateji prioritet kimi təqdim edir. Məsələn, 2025-ci ilin “Ailə ili” elan olunması çərçivəsində gənclərin ailə qurmasına dəstək məqsədilə müxtəlif təşviq proqramları irəli sürülüb: yeni ailə quranlara faizsiz kreditlərin verilməsi, mənzil almaq üçün güzəştlər, bələdiyyə və dövlət qurumları tərəfindən toy xərclərinə dəstək və digər sosial mexanizmlər. Bu yanaşma daha çox sosial rifahın gücləndirilməsi və ailə institutunun möhkəmləndirilməsi üzərində qurulub.

Oxşar təşviq mexanizmləri ABŞ-da da tətbiq olunur. Prezident tərəfindən 2026-2028-ci illəri əhatə edən proqram çərçivəsində aztəminatlı ailədə doğulan uşağın hesabına 1000 dollar vəsait yatırılması nəzərdə tutulur. Bu vəsait qiymətli kağızlar bazarında depozit kimi yerləşdirilir və uşaq yetkinlik yaşına çatdıqdan sonra onun istifadəsinə verilir. Hesab edirəm ki, bu tip sosial-investisiya modeli daha cəlbedicidir nəinki uşaqları və gəncləri müharibə ritorikası ilə böyütmək siyasəti”.

Sosioloq Azərbaycanın hazırki demoqrafik vəziyyətindən də söz açıb:

“Azərbaycana gəldikdə isə, ölkəmizdə demoqrafik ləngimə artıq bir neçə ildir ki, açıq şəkildə müşahidə olunur. Son 5 ildə ümumi əhali artımında 39 min nəfərlik azalma qeydə alınıb, son 10 ildə isə doğum dinamikasında təxminən 60 faizə yaxın geriləmə baş verib. 2023-cü ildə təbii artım təxminən 15 faiz azalmışdısa, 2024-cü ildə də oxşar proses davam edib. Yəni mənzərə ardıcıl olaraq eyni istiqamətdə dəyişir və bu, gələcək üçün ciddi xəbərdarlıq siqnalıdır.

Bu tendensiyalar göstərir ki, yaxın və uzaq perspektivdə demoqrafik risklərə çox ciddi yanaşmaq lazımdır. Əks halda, əhalinin sürətli qocalması prosesi Avropa ölkələrində olduğu kimi kəskin xarakter ala bilər. Buna görə də demoqrafik təşviq siyasəti gücləndirilməli, yeni ailə quranlara real və davamlı dövlət dəstəyi göstərilməlidir. Mənzil təminatı, məşğulluq imkanları, sosial müdafiə mexanizmləri və uşaq baxımı ilə bağlı güzəştlər sistemli şəkildə genişləndirilməlidir”.

O ki qaldı Prezident ilə Ərdoğan arasında zaman-zaman səslənən qarşılıqlı tərif və komplimentlərə, sodioloqun fikrincə bu, daha çox geosiyasi maraqlardan irəli gəlir:

“Hər iki lider zaman-zaman biri digərinin ünvanına müsbət fikirlər səsləndirir. Lakin bu, iki dövlət arasında dərin və dəyişməz strateji müttəfiqlik mənasına gəlmir. Burada əsas faktor qarşılıqlı maraqlardır. Türkiyə çalışır ki, Rusiya ilə münasibətləri balanslı saxlasın. Çünki Ankara Qərbə tam şəkildə söykənərək, uzunmüddətli təhlükəsizlik və iqtisadi sabitlik əldə edə bilməyəcəyini düşünür. Bu səbəbdən Türkiyə həm Qərblə, həm Rusiya ilə, həm də Çinlə münasibətlərdə müəyyən balans siyasəti yürütməyə çalışır".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR