Ermənistanda sıxılmış qazın qiymətində baş verən kəskin artım hay-küy doğurub.
Musavat.com xəbər verir ki, yerli media bunu “gündəlik soyğunçuluq” adlandırıb və ittihamın hədəfinə birbaşa hakimiyyəti çıxarıb.
Müxalifyönlü medianın iddiasına görə, qiymət artımının arxasında “koordinasiyalı və siyasi himayə altında” fəaliyyət göstərən idxalçı şirkətlər dayanır.
Media qeyd edir ki, rəsmi izah yenə də eynidir — Gürcüstanla sərhəddəki Lars keçid məntəqəsi bağlanıb. Lakin problem burdadır ki, qiymətlər məhz bağlanmanın ertəsi günü artıb, halbuki yanacaqdoldurma məntəqələrində satılan qaz öncədən ölkəyə gətirilib və əvvəlki qiymətlə satılıb. Yəni söhbət yeni, daha bahalı idxaldan yox, ölkədə mövcud məhsula sadəcə “yeni etiket yapışdırmaqdan” gedir.
Daha ironik məqam isə odur ki, eyni qazı Rusiyadan alan Gürcüstanda qiymət Ermənistandan aşağıdır. Halbuki Tiflis nə Avrasiya iqtisadi İttifaqının üzvüdür, nə də ermənilər kimi gömrük-tarif güzəştlərinə malikdir. Bu isə Ermənistan hakimiyyətinin “texniki problem” arqumentini sual altına qoyur.
Politik.am iddia edir ki, bazarda idxalçı şirkətlər arasında gizli razılaşma mövcuddur və bunun nəticəsi olaraq həmin qruplar gündə 500 milyon dramdan çox (təxminən 1 milyon 322 min dollar) əlavə gəlir götürür.
Musavat.com






