“Joxovurd” nəşri ölkənin məhkəmə sistemində yeni narazılıq dalğasının yarandığını və vəziyyətin tətilə qədər çata biləcəyini yazır.
Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, bütün məhkəmələrdən narazılıq siqnalları gəlir.
Məlumata əsasən, hakim köməkçiləri, kargüzarlar və iclas katibləri ağır iş yükü ilə aşağı maaşa işləməyin artıq mümkün olmadığını deyir və susmaq niyyətində deyillər.
Nəşr xatırladır ki, 2024-cü il iyunun 24-də İnzibati Məhkəmənin əməkdaşları artıq tətil etmişdi. Həmin vaxt Məhkəmə Departamenti vəziyyəti yumşaltmaq üçün bəyanat yaymışdı:
“Məhkəmə hakimiyyəti bu problemi 2023-cü ildən etibarən müxtəlif səviyyələrdə gündəmə gətirib. Bütün mümkün addımlar atılıb, məsələ dövlət qurumlarının diqqət mərkəzindədir. Məhkəmə qulluqçularının məsuliyyətlə fəaliyyətini davam etdirəcəyinə ümid edirik”.
Lakin həmin bəyanatdan il yarım keçməsinə baxmayaraq, İnzibati Məhkəmədə vəziyyət dəyişməyib. İndi isə digər məhkəmə qurumlarının əməkdaşları da eyni narazılığı dilə gətirir.
Nəşrin müəllifinə görə, gərginlik artmağa davam edərsə, yeni tətil dalğası qaçılmaz görünür.
Musavat.com






