Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və bu təcavüzə beynəlxalq müstəvidə göstərilən açıq və gizli dəstək təkcə siyasi riyakarlıq deyil, eyni zamanda beynəlxalq hüququn sistemli şəkildə pozulmasıdır.
Bu prosesdə təkcə Ermənistan deyil, ona himayədarlıq edən dövlətlər, beynəlxalq təşkilatlar və lobbi mərkəzləri də hüquqi məsuliyyət daşıyır. Söhbət artıq “vasitəçilik”dən və ya “neytrallıqdan” getmir – söhbət birbaşa cinayətin ört-basdır edilməsindən, işğalın legitimləşdirilməsindən və müharibə cinayətlərinə şərikçilikdən gedir.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, dövlətlər beynəlxalq münasibətlərdə gücdən istifadə etməməli və başqa dövlətlərin ərazi bütövlüyünə qarşı zorakılıq tətbiq etməməlidir. Ermənistan bu normanı kobud şəkildə pozaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri açıq şəkildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlərin icrası 30 ilə yaxın müddətdə təmin edilmədi. Daha ağır məqam isə ondan ibarətdir ki, Təhlükəsizlik Şurası öz qətnamələrinin icrasını təmin etməyərək, faktiki olaraq beynəlxalq hüququ iflic vəziyyətinə saldı və işğalın davam etməsinə şərait yaratdıb. Bu vəziyyət beynəlxalq hüquqda “passiv şəriklik” və “səssiz razılıq” kimi qiymətləndirilir.

Beynəlxalq Ədalət Məhkəməsinin presedentlərinə görə, dövlətlər ağır beynəlxalq cinayətlər qarşısında susmaqla və ya hərəkətsiz qalmaqla da məsuliyyət daşıyır. Ermənistanın işğal siyasətinə qarşı heç bir sanksiyanın tətbiq edilməməsi, əksinə, ona hərbi və maliyyə dəstəyinin göstərilməsi bu ölkəni cəzasızlıq mühitində daha da azğınlaşdırmışdı.
Cenevrə Konvensiyalarına və onların əlavə protokollarına əsasən, mülki əhalinin qəsdən hədəfə alınması, deportasiya, etnik təmizləmə, girov götürmə, mülki infrastrukturların dağıdılması ağır müharibə cinayətləri hesab olunur. Ermənistan silahlı qüvvələri Xocalıda, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və digər ərazilərdə mülki əhaliyə qarşı sistemli zorakılıq törədib, Xocalı soyqırımı zamanı qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilib. Bu faktlar təkcə Azərbaycan mənbələri ilə deyil, beynəlxalq qurumların hesabatları ilə də təsdiqlənib. Buna baxmayaraq, nə Ermənistan dövləti, nə də bu cinayətlərin siyasi və hərbi sifarişçiləri beynəlxalq məhkəmələr qarşısında cavab verib.

Daha da ağır məsələ ondan ibarətdir ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti Roma Statutuna əsasən müharibə cinayəti hesab olunur. Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına düşən bu əməllərə baxmayaraq, beynəlxalq ictimaiyyət uzun illər bu cinayətlərə göz yumub. İşğal altındakı Azərbaycan torpaqlarında qanunsuz iqtisadi fəaliyyət, təbii sərvətlərin talanı, mədəni və dini abidələrin məhv edilməsi isə Haaqa Konvensiyasının və UNESCO sənədlərinin açıq pozuntusudur. Ermənistanın bu əməlləri faktiki olaraq dövlət səviyyəsində talan siyasəti olub.

Hərbi dəstək məsələsində isə beynəlxalq hüququn daha bir fundamental prinsipi pozulub. Silah ticarəti haqqında beynəlxalq müqavilələrə əsasən, silah verən dövlətlər həmin silahların hansı məqsədlə və hansı ərazilərdə istifadə olunmasına görə məsuliyyət daşıyır. Ermənistanın işğalçı olduğu açıq-aşkar bəlli olduğu halda, ona milyardlarla dollar dəyərində silah verilməsi, xüsusilə də “İskəndər-M” kimi qadağan olunmuş raket sistemlərinin ötürülməsi və mülki şəhərlərin, o cümlədən Şuşanın hədəfə alınması silah verən dövlətlərin də müharibə cinayətlərinə ortaq olduğunu göstərir. Bu, beynəlxalq hüquqda “yardım və təhrik yolu ilə cinayətdə iştirak” kimi təsnif edilir.

ATƏT-in Minsk qrupunun fəaliyyəti isə ayrıca hüquqi qiymətləndirilməlidir. Vasitəçi mandatı alan bu format faktiki olaraq işğalın aradan qaldırılması üçün heç bir real addım atmayıb, əksinə, status-kvonu qorumaqla Ermənistanın cinayətlərini ört-basdır edib. Beynəlxalq hüquqda vasitəçinin qərəzsizliyi əsas şərt sayıldığı halda, Minsk qrupunun fəaliyyəti bu prinsipin kobud şəkildə pozulması idi. Bu da onu göstərir ki, sözügedən format təkcə siyasi deyil, həm də hüquqi baxımdan iflasa uğrayıb.

Postmüharibə dövründə də beynəlxalq hüquqa qarşı hücumlar davam etdirilir. Bakıda məhkəməsi keçirilən müharibə cinayətkarlarının “əsir” və ya “siyasi fiqur” kimi təqdim edilməsi hüququn açıq şəkildə təhrifidir. Müharibə cinayətlərinə görə mühakimə olunan şəxslərin azadlığa buraxılmasını tələb edən dairələr faktiki olaraq cəzasızlıq prinsipini müdafiə edir. Halbuki beynəlxalq hüquqda belə cinayətlər üçün müddət anlayışı yoxdur və dövlətlər bu şəxsləri mühakimə etmək hüququna və borcuna malikdir.

Bu gün Qərbin bir sıra dairələrinin Qarabağdan könüllü şəkildə çıxmış erməniləri “zorla köçürülmüş” kimi təqdim etməsi də hüquqi manipulyasiyadır. Azərbaycan dövləti həmin əhaliyə reinteqrasiya və vətəndaşlıq təklif etdiyi halda, onların getməsi Ermənistan və xarici mərkəzlərin təzyiqi ilə baş verib. Bu faktları bilə-bilə Azərbaycana qarşı ittihamlar irəli sürmək beynəlxalq hüququn deyil, siyasi sifarişlərin xidmətində olmaqdır.
Ermənistanın işğalı, müharibə cinayətləri və etnik təmizləmə siyasəti təkcə regional münaqişə məsələsi deyil, beynəlxalq hüququn nüfuzuna vurulmuş ağır zərbədir. Bu cinayətlərə göz yuman, onları maliyyələşdirən, silahlandıran və siyasi cəhətdən müdafiə edən hər bir dövlət və qurum beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Əks halda, beynəlxalq hüquq sadəcə kağız üzərində qalan, güclünün zəifi əzməsinə xidmət edən formal mexanizmə çevriləcək.
Azərbaycanın mövqeyi isə aydındır, ədalət ya hüquq yolu ilə təmin olunacaq, ya da beynəlxalq sistem öz saxtalığını bir daha ifşa edəcək.
Şahanə Rəhimli
Musavat.com






