Noyabrın 18-də “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Musavat.com-un məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin “İMZA”nın fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.
İMZA-nın sədr müavini, tanınmış telejurnalist Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən konfransda “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatları Nigar Məmmədova, Arzu Nağıyev, Tahir Mirkişili, Vüqar İsgəndərov, Samir Vəliyev, Müşfiq Cəfərov, həmçinin Türkiyənin sabiq səfiri və “İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, hərbi ekspertlər Ədalət Verdiyev, Elmar Hüseyn, siyasi şərhçilər Anar Əliyev, Elşad Paşasoy, onlayn formatda isə pakistanlı beynəlxalq hüquq üzrə ekspert Mohammed Sohail, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza, Fransa Parlamentinin Fəxri deputatı Jerom Lambert, Qirğizistandan olan ekspert Zarina Umetaliyeva, İtaliya parlamentinin deputatı Naike Qruppione və bir sıra digər xarici ekspertlər çıxış ediblər, təkliflərini səsləndiriblər.
ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza Azərbaycandan geri dönərkən həlak olan türkiyəli hərbçilərə görə başsağlığını çatdırıb. Diplomat Ermənistanın işğalı Azərbaycanın vaxtilə üzləşdiyi çətinliklərdən bəhs edib. O cümlədən ölkə Konstitusiyasının nisbətən gec qəbul olunduğunu xatırladıb. Amma qeyd edib ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycanı dirçəldib, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkənin qaz və neft istehsalından əldə olunan gəlirlərin inkişafa yönəlməsinə nail olub. Bildirib ki, bununla da Azərbaycan iqtisadi və siyasi müstəqilliyini təmin edə bilib. M.Brayza bildirib ki, Azərbaycan Mərkəzi Asiya, Yaxın Şərqdə strateji rol oynayır. O, həmçinin Suriyaya Azərbaycan qazının çatdırılmasını da mühüm hadisə adlandırıb.
Çıxışlarda Azərbaycanın həyata keçirdiyi proqram və təşəbbüslərin dövlət strukturlarının gücləndirilməsinə, hüquq sisteminin təkmilləşdirilməsinə və vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb. Təhsil, infrastruktur və sosial sahələrdə atılan addımların beynəlxalq hüquq və insan haqları prinsiplərinə uyğunluğu diqqətə çatdırılıb. Konfrans həm milli, həm də beynəlxalq səviyyədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə bağlı geniş fikir mübadiləsinə şərait yaradıb.
Musavat.com






