Ukrayna Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-16 qırıcılarının “Shahed” və “Geran” tipli kamikadze dronlara qarşı daha ucuz raketlərdən istifadə edə biləcəyi ehtimal olunur.
Musavat.com xəbər verir ki, bu barədə "Defense Express" nəşri Avia OFN tərəfindən yayımlanan fotonu təhlil etdikdən sonra yazıb.
Məlumata görə, fotoda F-16 təyyarəsində APKWS II tipli 70 mm-lik, yarı-aktiv lazerlə idarə olunan raketlərin buraxılışına imkan verən avadanlıq görünür. Bu isə Ukraynanın hava hücumundan müdafiə imkanlarını daha effektiv və daha ucuz şəkildə gücləndirə bilər.
APKWS II raketləri ABŞ istehsalıdır və hər birinin qiyməti təxminən 30–31 min dollar təşkil edir. Müdafiə ekspertlərinin hesablamalarına görə, F-16 qırıcısı bir uçuşda 28 belə raket daşıya bilir.
Mütəxəssislər bu tip sursatların tətbiqinin Ukraynanın dron hücumlarına qarşı müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağını, həmçinin bahalı zenit raketləri ilə müqayisədə xərcləri dəfələrlə azaldacağını bildirirlər.
Musavat.com






