İnsanlara hürriyət, millətlərə istiqlal!

Fermeri güllələyən başçı oğluna bu maddə ilə ittiham verilib - Özünü toxunulmaz hesab edənlərin psixologiyası

993 19.01.2026 15:14 Kriminal A A

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Zaur Səmədovun tanışı Qoşqar Novruzovun heyvanı onun torpaq sahəsinə daxil olub. Bu zaman Zaur Səmədovun iti hürə-hürə heyvana hücum edib. Qoşqar Novruzov itə əsəbiləşdiyi üçün onların aralarında mübahisə yaranıb. Mübahisə zəminində Zaur Səmədov Qoşqar Novruzova atəş açıb.

Musavat.com-a daxil olan məlumata görə, Zaur Səmədov hadisə zamanı “Vinçester” markalı odlu silahdan istifadə edib və Qoşqar Novruzovu bud nahiyəsindən yaralayıb. Yevlax Mərkəzi Xəstəxanasına çatdırılan Qoşqar Novruzova ilkin tibbi yardım göstərilib, onun möcüzə nəticəsində sağ qaldığı bəlli olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, baş vermiş hadisəylə bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 221.3-cü - silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xidmət rəisi istintaqın gedişinə uyğun olaraq əməlin digər maddəyə tövsif ediləcəyini də istisna etməyib.

CAVAD SON.jpg (36 KB)

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, sabiq icra başçısının oğlu Zaur Səmədovun tanışı Qoşqar Novruzova atəş açması ictimai təhlükəli əməldir və qanunla sərt şəkildə cəzalandırılır:

“Belə hallarda əsasən “öldürmək istəmirdi, qorxutmaq istəyirdi” kimi fikirlər səslənir. Cinayət Məcəlləsi isə bu romantikanı tanımır. Odlu silah qorxutmaq üçün nəzərdə tutulmayıb. Silah öldürmək üçün icad olunub. Kimin harada, hansı emosional vəziyyətdə tətik çəkdiyi artıq hüquqi baxımdan əhəmiyyət daşımır. Məhkəmə praktikasında belə hallar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə - yəni qəsdən adam öldürməyə cəhd olaraq qimətləndirilir və cəza təyin olunur”.

Cavad Cavadov bildirib ki, atəş insana tərəf açılıbsa, güllə dəyməyə də bilər. Yetərlidir ki, atəş insan həyatını real təhlükə altına qoysun:

“Qalanı artıq detallardır. Xuliqanlıq, şəxsi mübahisə zəminində insana odlu silahdan atəş açmaq təhlükəli əməldir. İstintaqın silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq maddəsi üzrə araşdırma aparması da bir daha ağır cinayət əməlinin törədilməsindən xəbər verir. Çünki xuliqanlıqda emosional nəzarətsizlik var, burada isə şəxsi mübahisənin silahla həlli cəhdi mövcuddur. Bu, artıq küçə davası deyil. Bu, özünü toxunulmaz hesab edənlərin psixologiyasıdır. Cinayət hüququ isə bu psixologiyanı ən təhlükəli davranış modeli kimi tanıyır”.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 3 milyon manata yaxın dəyəri olan əmlakları müsadirə olunub. Apellyasiya Məhkəməsi keçmiş icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə isə 5 il 9 aya endirib. Səhhətindəki problemlərlə əlaqədar Qoca Səmədov 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb və həmin ilin dekabrında dünyasını dəyişib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR