Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə “Yağlıvənd: faciədən zəfərə” adlı sənədli filmin təqdimatı baş tutub.
Bu barədə Musavat.com-a filmin ssenari müəllifi və rejissoru, yazıçı Tağı Türk məlumat verib. O bildirib ki, bu ekran işi onun müəllifi və rejissoru olduğu üçüncü sənədli filmdir.
Rejissorun sözlərinə görə, film 15 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin Füzuli rayonunun Yağlıvənd kəndini bombalaması nəticəsində baş vermiş faciəni əks etdirir. Həmin hücum zamanı 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 100-ə yaxın insan yaralanıb. Həlak olanlardan 10 nəfəri Yağlıvənd kəndinin sakini, digər 7 nəfər isə ətraf kəndlərdən olan şəxslər idi.
Tağı Türk qeyd edib ki, 40 dəqiqəlik sənədli film 2024-cü ildə çəkilib və çəkilişlər birbaşa Yağlıvənd kəndinin ərazisində aparılıb. Filmin bu günə qədər Sabirabadda, Qaradağda, Horadiz qəsəbəsində və Füzuli şəhərində təqdimatları keçirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rejissor bildirib ki, Yağlıvənd faciəsinə dair uzun illər film çəkmək istəsələr də, kəndin işğal altında olması buna imkan vermirdi. Torpaqlar azad edildikdən sonra bu hadisəni sənədləşdirmək mümkün olub:
“Bu, həm faciəni xatırladan, həm də azadlığın gətirdiyi qüruru əks etdirən bir zəfər filmidir. Yağlıvənd faciəsi barədə mətbuatda demək olar ki, heç bir məlumat yoxdur. Qaradağlı, Xocalı, Qarakənd faciələri barədə filmlər çəkilib, yazılar yazılıb. Amma Yağlıvənd uzun illər məhz bu informasiya boşluğunda qalıb. Buna görə qərara gəldim ki, yaşadığımız bu böyük faciəni sənədləşdirib film kimi təqdim edim”.
Tağı Türk əlavə edib ki, film Mədəniyyət Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Xalidə Gəray,
Musavat.com






