Şənbə günü gecə saatlarında Braziliyanın milyonlarla sakini yadplanetlilərin gözlənilən işğalı barədə və ya tərkibində "mizantropiya" sözü olan təcili xəbərdarlıq bildirişləri alıb.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə və Mülki Müdafiə Məsələləri üzrə katibi Volney Volf məlumat verib.
Məlumatda bildirilir ki, göndərilən mesajların bir hissəsi telefondakı digər bildirişləri üstələyən yüksək səs siqnalı ilə müşayiət olunub.
Mesajlardan birində sakinlər yadplanetlilərin hücumundan "özlərini qorumağa" çağırılıb: "Ehtiyatlı olun: YADPLANETLİLƏRİN HÜCUMU. İnsanlar, biz gəldik".
Yerli "G1" portalının yazdığına görə, bəzi mesajlarda ciddi orfoqrafik səhvlərə də yol verilib.
Katib Volney Volf izah edib ki, əhalinin təcili xəbərdar edilməsi üzrə dövlət sisteminə haker hücumu baş verib.
Milli Mülki Müdafiə Xidmətinin mətbuat xidməti isə xəbərdarlıq platformasının yerli vaxtla gecə saat 01:30-da (Bakı vaxtı ilə 08:30-da) söndürüldüyünü bəyan edib.
"Defesa Civil Alerta" təcili xəbərdarlıq bildirişlərinin paylanması platforması şənbə günü (20 iyun) gecə saat 01:30-da kiberhücuma məruz qaldıqdan və ölkənin müxtəlif bölgələrinə saxta xəbərdarlıqlar göndərdikdən sonra fəaliyyətini dayandırıb. Siqnal Milli Mülki Müdafiə və Müdafiə Sistemi ilə heç bir əlaqəsi olmayan kənar şəxs tərəfindən məsafədən göndərilib", - deyə Facebook paylaşımında bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır.
Qeyd edək ki, mesajlarda istifadə olunan "mizantropiya" termini insan bəşəriyyətinə qarşı bəslənilən daimi nifrət, inamsızlıq və ya xor baxma hissini ifadə edir.
Musavat.com






