Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan edilən Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.
Gününsəsi.info xəbər verir ki, o, bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.
A.Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. Mənbə bildirib ki, Baş nazirin sabiq birinci müavini cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyaya köçüb.
Ötən gün sosial şəbəkə hesabında Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət edildiyini bildirən Cəmil Həsənli istintaq orqanına növbəti ifadəsini verib.
Bu barədə Axar.az-a açıqlamasında Cəmil Həsənli özü bildirib.
C.Həsənli istintaq sirri olduğu üçün əlavə heç nə açıqlaya bilməyəcəyini deyib.
Qeyd edək ki, vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilərək ev dustaqlığına məhkum edilən PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaq çərçivəsində C.Həsənli ilk ifadəsini 30 noyabrda vermişdi.
Bundan başqa, yaxın vaxtlarda Gültəkin Hacıbəyli də Azərbaycanda olacaq. Onun da tezliklə Azərbaycana deportasiya olunacağı gözlənilir. İsintaqın gedişi nələr vəd edir?
Bu və gündəmdəki bir çox məqamları bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






