Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
Musavat.com xəbər verir ki, bu barədə G. Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, bu gün ona Türkiyədən 5 il müddətinə deportasiya olunması ilə bağlı rəsmi qərar təqdim edilib.
Gültəkin Hacıbəyli bildirib ki, noyabrın 29-da İstanbulda saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə aparılıb. Üç gün əvvəl isə Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə köçürülüb.
Milli Şura liderlərindən biri olan G. Hacıbəyli son çarə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana imdad və küskünlük dolu məktub ünvanlayıb. Məktubunda o, belə yazır:
“Cənab prezident Rəcəb Tayyib Ərdoğan, mən hələ də inana bilmirəm ki, bütün varlığımla sevdiyim, özümə ikinci Vətən saydığım, uğurları ilə hər zaman qürur duyduğum, siyasi fəaliyyətim boyunca daim təbliğ edib müdafiə etdiyim qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək”.
G. Hacıbəyli özünü “Boraltan faciəsi”nin xəyali qəhrəmanlarına bənzədərək Türkiyə hakimiyyətini tənqid edib və bildirib ki, oxşar səhvə yol verilməməlidir:
“İndi də buna bənzər səhvə Türkiyə hakimiyyəti tərəfindən yol verilməməli və bu məsələdə hüquq və ədalətin tələbinə uyğun davranılmalıdır”.
Sonda Gültəkin Hacıbəyli Prezident Ərdoğana birbaşa müraciət edərək yazıb:
“Cənab Rəcəb Tayyib Ərdoğan, sizə müraciət edirəm. Cənab prezident, bu gün həm tarix, həm Azərbaycan xalqı, həm də mən sizdən hansı qərarı verəcəyinizi gözləyirik. İndi söz sizindir”.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığına dair məlumatlar yayılıb.
Qeyd edək ki, “Ramiz Mehdiyev işi” çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Musavat.com






